Tarix: 29-01-2021 | Saat: 21:39
Bölmə:Karusel / Yazar | çapa göndər
Tağı Kərimli
El arasında belə bir məsəl var: təsadüfdən zərurət yaranar. Azərbaycanın müstəqilliyi, azadlığı, suverenliyi uğrunda baş qaldıran qaçaq hərəkatında iştirak etmiş, özünü təhlükə altına ataraq, bəzən gənc yaşlarında həyatını itirən vətənpərvər, qeyrətli, mübariz Azərbaycan oğullarının bir qismi bu mücadiləyə təsadüf nəticəsində qoşulmuşdu. 19-cu əsrin sonu, 20-ci əsrin əvvələrində milli azadlıq hərəkatında fəal iştirak etmiş, Qarabağda, xüsusilə Qaryagində (indiki Füzuli rayonu) ruslara qarşı aparılan mücadilədə qəhrəmanlıq göstərmiş Qaçaq Həsi də yaranmış zərurətdən bu hərəkata qoşulmuşdu.
Həsənxan Məmməd oğlu (Qaçaq Həsi) 1861-ci ildə Şuşa qəzasının Yağlıvənd obasında anadan olub. Oba içində adına qısaca Həsi deyərmişlər. Həsi gənc yaşlarından qaçaq həyatı yaşayb, ömrünün gənclik illərini milli azadlıq hərakatına həsr edib. Onun qaçaqlığının səbəbi bir hadisə ilə bağlı olub.
1883-cü ildə yağlıvəndlilər hansı obadansa bir sürü qoyun oğurlayırlar. Heyvan sahiblərinin şikayəti əsasında pristav başının atlıları ilə Yağlıvəndə gəlir. Araşdırma aparmadan bir neçə nəfəri tutdurub əl qolunu bağlatdırır. Həbs olunanların arasında obada Düz Məmməd kimi tanınan Məmməd Həsənxan oğlu da vardı.
1830-cu il təvəllüdlü Məmməd kişi kəndin sayılıb seçilən ağsaqqallarından biri idi. Namaz qılıb, oruc tutan, dilinə haram tikə dəyməyən, həmişə sözün düzünü deyən Məmmədə bu əməllərinə görə obada Düz Məmməd deyərmişlər. Onun atası Həsənxan İbə oğlu da Yağlıvəndin dürüst sakinlərindən biri olmuşdu. Ortabab kəndli olan Həsənxan İbə oğlu 1797-ci ildə doğulmuşdu. 1829-cu ildə 1807-ci il təvəllüdlü Şahsənəm xanımla ailə qurmuş, ondan Məmməd, Hüseyn, Şaban və Banı anadan olmuşdu.
Pristav üzünü həbs olunanlara tutub deyir:
- Qoyunları kim aparıb boynuna alsın, yoxsa obanı yandırıb külünü göyə sovuracam.
Düz Məmməd cavab verir:
- Başına dönüm, mənim oğru-əyriliklə aram olmaz, burax, gedim işimin dalınca.
Pristav Məmmədə tərəf yaxınlaşıb ucadan qışqırır:
- Niyə? Oğru deyilsən, məşhədə, kərbəlaya, haca, getmisən? Heç Yağlıvəndin ziyarətə getmişinə də etibar etmək, inanmaq olmaz, hamısı oğrudur!
Məmməd kişi acizanə halda pristava tərəf yeriyib deyir:
- Qadan alım, oba içində mənə Düz Məmməd deyirlər. Hələ dilimə haram tikə dəyməyib, başqasının malında gözüm olmayıb.
Düz Məmmədin sözlərindən sonra pristav bir az da qəzəblənir:
- Vurun ə, bu kişini! Çox danışıb baş aparır.
Strajniklər Məmmədi palçığa yıxıb möhkəm əzişdirirlər. Atasının döyülməsindən xəbər tutan Həsi özünü hadisə yerinə çatdırır. Baxır ki, atası yaman haldadır, üzü üstə palçığa yıxılıb. Qəzəblənən Həsi xəncərini çəkib atasını döyən strajnikin qarnına sancır. Pristav bərkdən bağıraraq onun həbs olunmasını əmr edir. Həsi cəld tullanıb atın belinə minir. Atı çaparaq gözdən itir. Və o gündən qaçaq olur.
Təsadüf nəticəsində, daha doğrusu cinayət törədərək qaçaq düşən Həsənxan Məmməd oğlu bir müddətdən sonra Qarabağda milli azadlıq hərəkatının ən fəal iştirakçılarından birinə çevirilir. O, qısa bir zamanda özünə dəstə yaradaraq hökumət dairələrinə hücum edir, eyni zamanda ruslara yaltaqlanaraq öz millətinə, xalqına zülm edən yerli zümrələri cəzalandırır.
Bir gün Qaçaq Həsi başının atlıları ilə Cənubi Azərbaycanın Qaradağ vilayətində yürüşdə imiş. Xeyli gəzib-dolandıqdan sonra bərk acırlar. Həsi qaçaqlarından birini kəndin kənarındakı evə göndərir ki, çörək alıb gətirsin. Xeyli də pul verib bərk-bərk tapşırır ki, ev yiyəsi ilə işin olmasın. Qaçaq atını minib asta-asta evə tərəf sürür. Evə çatıb çıxır bacaya. Baxır ki, ev yiyələri təzə ailə qurublar. Qol-boyun olub yatıblar. Yavanlıq götürüb çıxmaq istəyəndə görür ki, gəlinin yanında bir “pullu bədənçə” var. Tamahını saxlaya bilməyən qaçaq bədənçəni də götürüb yoldaşlarının yanına qayıdır. Gətirdiklərini yoldaşlarına paylayır. Həsi baxır ki, çörək dalınca göndərdiyi qaçağın üstündə bir bədənçə var. Hardan aldığını soruşanda qaçaq əhvalatı olduğu kimi danışır. Həsi qaçağa tərs bir sillə vurur: - Haradan götürmüsən tez apar qoy yerinə, - deyir.
Qaçaq kor-peşiman bədənçəni götürdüyü evə dönür. Nə təhər tamah güc gəlirsə bədənçəni yerinə qoymur. Üstündə gizlədib dəstəyə qayıdır. Qaçaq Həsi ən çox etibar etdiyi, dostu, köməkçisi Qacar Vəliyə tapşırır ki, qaçağın üst-başını yoxlasın. Vəli qaçağı yoxlayıb bədənçəni tapır. Qaçaq Həsi bir söz demədən həmin qaçağı güllə ilə vurub deyir: -Sillə kar eləmiyənə, güllə kar edər!”.
Üzünü digər qaçaqlara tutaraq “xalqın malını talamaq olmaz”,- deyir. “Belə nadürüstlüklə məşğul olmayın. Əks təqdirdə, sizi də bu aqibət gözləyir”,-deyə əlavə edir.
Ümumiyyətlə, Qaçaq Həsi oğurluğu, talançılığı gözü götürməzdi. Belə işləri görənlərə amansızlıqla mübarizə aparırdı. Gənc olmasına baxmayaraq elində, obasında hörmət, mərifət sahibi kimi tanınırdı. Xalqını azad, torpağını abad görmək eşqi ilə yaşayırdı. Yaşlı adamların söylədiyinə görə, Qaçaq Həsinin yaxşı yaddaşı var imiş. Çoxlu bayatılar, el deyimləri, atalar sözləri bilirmiş.
Çar hökumətinin mütəmadi təzyiqləri ilə üzləşən Qaçaq Həsi 1905-1906-cı illərdə erməni-müsəlman davasında da fəal iştirak edib. O, erməni daşnaklarına qarşı aparılan mübarizənin ön sıralarında olub, Azərbaycan türklərini mənfur erməni dəstələrinin hücumlarından qoruyub. 1906-cı ildə erməni daşnaklarının növbəti hücumlarının qarşısının alınması zamanı Həsənxan Məmməd oğlu erməni quldurlarının gülləsinə tuş gəlib, 45 yaşında həyatdan köçüb.
Digər xəbərlər