Saytımızı qiymətləndirin


 
 

1998-ci ildə ermənilərin saldığı kənd nədən Xocalı rayonunun ərazi vahidi kimi göstərilib?..
Tarix: 01-10-2021 | Saat: 07:14
Bölmə:Karusel / Qarabağ | çapa göndər

1998-ci ildə ermənilərin saldığı kənd nədən Xocalı rayonunun ərazi vahidi kimi göstərilib?..
Axı bu “fakt” gələcəkdə Xocalı rayonu ərazisi birbaşa Azərbaycan dövlətinin yurisdiksiyasına keçdikdən sonra ermənilərin əlində ərazidə ermənilər yaşayan məntəqələrin sayını artırmaq üçün “əsas” ola bilər?..
 
Ümid edirik ki, müvafiq dövlət qurumları bu cür ziddiyyətli informasiyalara aydınlıq gətirəcək və rəsmi və qeyri-rəsmi internet resurslarındakı belə yanlışlıqlar  aradan qaldırılacaq...
 
Həmin  “Berkadzor” kəndində II Qarabağ savaşı zamanı Xocavənd rayonunun Tuğ kəndindən köçmüş  34  erməni ailəsi yerləşdirilib...
 
Son günlər erməni mənbələrində Azərbaycan Respublikasının Qarabağ iqtisadi zonasında yerləşən və  “Əsgəran rayonunun “Berkadzor” kəndi kimi təqdim edilən  məntəqənin adı hallanan müxtəlif informasiyalar yayılır. Məsələn, sentyabrın 25-də bu kənddə 44 günlük savaşda gəbərmiş işğalçı ermənilərin “xatirəsi”nə qurulmuş xaç abidəsinin - xaçkarın açılışı olub.  Bu gün isə  yenə erməni saytlarında məlumat yayılıb ki,  “Berkadzor” kəndində II Qarabağ savaşı zamanı Xocavənd rayonunun Tuğ kəndindən köçmüş  34  erməni ailəsi yerləşdirilib...
Moderator.az-ın araşdırmasından bəlli olur ki, “Vikipediya” azad internet ensiklopediyasında  “Berkadzor”un guya   Azərbaycan Respublikasının Xocalı rayonununun inzibati ərazi vahidində kənd olduğu göstərilib( bax: //az.wikipedia.org/wiki/Berkadzor ).
 
Məlumatın ardına diqqət edək:
 
Kənd Qarabağ silsiləsinin ətəyindədir. 1998-ci ildə Xankəndi çaxır zavodunun və 16 yeni tikilmiş yaşayış evinin əsasında qurulub və bura ermənilər köçürülüb. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Berkadzor kəndinin əhalisinin faktiki sayı 149 nəfər, qeydiyyatdakı əhalinin sayı 165 nəfər təşkil edirdi”.
 
Eyni informasiyanın rus dilindəki versiyasında isə  “Berkadzor”un  “Dağlıq Qarabağ Respublikası”nın inzibati bölgüsünə görə “Əsgəran rayonu”nun, Azərbaycan Respublikasının inzibati bölgüsünə görə  isə  Xocalı rayonununun ərazisinə aid olduğu göstərilir.  Əlavə olaraq qeyd olunur ki,  “Berkadzor”  Xankəndindən 6 km məsafədədir... 
 
Məlumdur ki, 1998-ci ildə Xocalı şəhəri kimi, bütövlükdə rayon da Ermənistanın işğalı altında olub. Elə isə işğalçı Ermənistanın dəstəyi ilə Xankəndindəki separatçı-terrorçu erməni rejiminin həmin ildə qanunsuz olaraq qurduğu və məskunlaşdırdığı yaşayış məntəqəsi hansı əsasla Azərbaycan Respublikası Xocalı rayonunun inzibati ərazi vahidinə daxil edilə bilər?..
Xocalı Rayon İcra Hakimiyyətinin rəsmi saytındakı kəndlərin siyahısında da “Berkadzor” adlı kənd qeyd olunmayıb...
Azərbaycanda müvafiq dövlət qurumu tərəfindən tərtib olunmuş Yuxarı Qarabağın xəritəsi üzrə araşdırmamızdan bəlli olur ki, doğrudan da Xankəndindən şimala- Xocalı şəhərinə doğru  təxminən  6 km məsafədə Xankəndi - Xocalı yolunun sağında Qarqarçayın sağ sahilində  “2 nömrəli  Qarşərab trestin 2 nömrəli sovxozu yanında qəsəbə” adlı yaşayış məntəqəsi qeyd olunub. Maraqlıdır, görəsən, həmin qəsəbə nə vaxt salınıb ki, Azərbaycan xəritəsinə daxil edilib? Yəqin ki, sovet dövründə.  Axı müstəqillik dövründə  Azərbaycan ərazisində sovxozlar ləğv edilib... Elə isə bəhs edilən ərazidə ermənilər işğal dövründə -1998-ci ildə kənd salsalar da, həmin məntəqə internet resurslarında, o cümlədən “Vikipediya”da “Berkadzor” kimi qeyd olunmamalıydı... 
 
Deməli, sözügedən məntəqə haqqında məlumatı Azərbaycan dilində verənlər ya erməni təxribatçısı kimi bilərəkdən, ya da siyasi savadsızlıqdan “Berkadzor”u  Xocalı rayonunun inzibati ərazi vahidi kimi göstərib... Axı bu “fakt” gələcəkdə Xocalı rayonu ərazisi Azərbaycan dövlətinin yurisdiksiyasına keçdikdən sonra ermənilərin əlində ərazidə ermənilər yaşayan məntəqələrin sayını artırmaq üçün “əsas” ola bilər?..
 
İş vaxtı olmadığı üçün Xocalı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlaya bilmədik.
 
Ümumiyyətlə, son vaxtlar Azərbaycan Respublikasının inzibati ərazi bölgüsü ilə bağlı bu cür xətalara  tez-tez rast gəlinir. Məsələn,  Müdafiə Nazirliyinin rəsmi saytında 44 günlük savaş nəticəsində işğaldan azad olunmuş məntəqələrin siyahısında yenə də Xocalı rayonu ilə bağlı yanlışlıq nəzərə çarpır. Hamının Şuşa rayonunun yaşayış məntəqəsi kimi tanıdığı Daşaltı Xocalı rayonunun kəndi kimi qeyd olunur. Elə həmin siyahıdakı 2020-ci il dekabrın 1-ə aid məlumatda işğaldan azad(!) olunmuş Laçın rayonunun ərazisi həmişə digər dövlət qurumlarının göstərdiyi kimi, 1835 kv.km yox, 1800 kv. km göstərilir...  
 
Ümid edirik ki, müvafiq dövlət qurumları bu cür ziddiyyətli məlumatlara aydınlıq gətirəcək və rəsmi və qeyri-rəsmi internet resurslarındakı belə yanlışlıqlar  aradan qaldırılacaq...


Xəbəri paylaş

1329 dəfə oxunub.

Digər xəbərlər