Saytımızı qiymətləndirin


 
 

"Birlik olaraq, inanaraq, kiçikdən böyüyə “Ya Qarabağ, ya ölüm” söyləyərək qazandıq"
Tarix: 08-09-2021 | Saat: 12:49
Bölmə:Karusel / Təhsil | çapa göndər

 Ədalətli Zəfər
Bəzən zaman hər yaranı sağaldır deyirlər. Bizdə isə tam əksi idi, zaman keçdikcə torpaq həsrətimiz daha da dərinləşir, vətən yaramız bir az daha göynəyirdi. Bizlər üçün 30 il öncə Qarabağı itirmək necə ağrılı idisə, bu 30 ildə də ən az o qədər dərin və ağrılı idi yaramız. Buna görə də Azərbaycan dəfələrlə heç vaxt bu haqsızlıqla barışmayacağını, lazım gəlsə, hərb yolu ilə torpaqlarını düşməndən geri alacağını bəyan etmişdi. Nəhayət ki, Azərbaycan öz müqəddəs Qurtuluş savaşına başladı və işğal edilməsi illər çəkən torpaqları düşməndən cəmi 44 günə geri aldı. Azərbaycan Qarabağ məsələsinin sülh yolu ilə həll edilməsini illərlə gözləyərək bütün dünyaya sübut etdi ki , o nə qədər sülhsevər, nə qədər humanistdir.
Bu möhtəşəm savaşda Azərbaycan manevr məqsədi ilə olsa da, bircə addım belə geri atmadı. Azərbaycan əsgəri öz komandirindən yalnız “irəli!” əmrini eşitdi. Azərbaycan bu müharibədə öz humanistliyini, öz ləyaqətini göstərərək mülki əhaliyə heç bir ziyan vurmadı, günahsız insanlarımıza atılan raketlər, yetim qalan uşaqlarımız, evsiz qalan insanlarımız belə bizi yolumuzdan döndərmədi, biz savaşımızı döyüş meydanında apardıq. Azərbaycan bütün savaş qanunlarına əməl etdi, buna görə də , bütün insanlıq qarşısında ordumuzun üzü ağ, başı dikdir!
Hətta illər əvvəl ana qucağında çıxan körpələr, bu gün bir əsgər olaraq mübarizə aparırdılar. Onların qəlbini vətən eşqi, vətən həsrəti o qədər bürümüşdü ki, ermənilərin qurduğu, “keçilməz” sandıqları istehkamlardan qəhrəmancasına keçib ölümün gözlərinə gülərək irəliləyirdilər. Baxmayaraq ki, ərazinin relyefi də düşmən üçün daha əlverişli idi, düşmən dağlarda, Azərbaycan əsgəri isə düzəndə idi, qəhrəman əsgərlərimiz bütün gücü ilə mübarizə apararaq öz möhtəşəm savaşlarında son damla qanlarına qədər vuruşdular. Azərbaycan ordusu Qarabağı öz namusu bildi, onlar illərdir bükülmüş boynumuzu dikəltdi, onlar ürəyində vətən həsrəti ilə bu dünyadan köçənlərin ruhunu şad etdi, onlar məzarları erməni tapdağı altında qalan babalarımızın, nənələrimizin inildəyən sümüklərini rahatlatdı.
Düşmən elə bilirdi ki, onun qarşısında köhnə Azərbaycan var. Güclü iqtisadiyyata malik olan, Ulu Öndər Heydər Əliyevin də dediyi kimi “Dünyaya günəş kimi saçan” Azərbaycan, öz güclü ordusu, zəngin texnikası, müasir silah-sursatı ilə düşməni qorxuya saldı. Düşmənin bütün texnikası darmadağın edildi. Azərbaycan əsgəri düşməni arxasına baxmadan geri çəkilməyə məcbur etdi. Qüdrətimizi, ləyaqətimizi , şərəfimizi düşmənə döyüş meydanında göstərən Azərbaycan ordusu, bizə Qarabağ adlı vüqarımızı qaytardı. Müharibə bizdən 2900 igidimizi aldı, 2900 evə od saldı, amma buna baxmayaraq, vüqarlı övlad yetişdirən şəhid anaları, şəhid ataları qəhrəman oğullarının tabutunu qapıda qarşılayaraq, “Vətən sağ olsun”-dedi. Çünki bizlər vətənə boş yerə “Ana Vətən” demirik.
Belə bir deyim var “ İnanmaq, zəfərin yarısıdır”! Biz haqlı savaşımıza başladığımız gündən qalib gələcəyimizə bir an belə şübhə etmədik. Kiçikdən böyüyə hər bir azərbaycanlı ölkə başçısının dəmir yumruğunda birləşdi. Alınan bircə kənd belə, bizə ruh yüksəkliyi, böyük motivasiya verdi. Cəbhədən gələn şəhid xəbərlərinə görə bir gözümüz ağladı, zəfər xəbərlərinə görə digər gözümüz güldü. Oğullarının nəşini “Vətən sağ olsun!” cümləsi ilə qarşılayan analar, atalar bizə daha böyük inam bəxş etdilər. Xalq olaraq yalnız və yalnız qələbə ruhunda kökləndik və ən nəhayət, haqq savaşımızda 30 ilin ədalətsizliyinə 44 gündə son qoymağı bacardıq. Birlik olaraq, inanaraq, kiçikdən böyüyə “Ya Qarabağ, ya ölüm” söyləyərək qazandıq.
Bu qələbənin əldə edilməsində bir çox amillər rol oynadı. Ən əsası isə, dövlətimizin illər ərzində formalaşdırdığı güclü xarici siyasət, müsbət imic, ölkə başçımızın qətiyyəti və illər ərzində istər təhsil müəssisələrində, istərsə də ailələrdə aşılanan vətənpərvərlik hissi faktorları oldu. Bunun nəticəsi idi ki, Qarabağı görən də, görməyən də, qarabağlı olan da, olmayan da Qarabağ üçün son damla qanına qədər vuruşmağa, Qarabağ uğrunda canından keçməyə bütün qəlbi ilə hazır idi.
Bu gün məğrur Azərbaycan xalqının sevincinin həddi-hüdudu yoxdur. Bu gün Azərbaycan xalqı öz əzəli torpaqlarını düşməndən azad edib! Bu gün Koroğlu Üvertürası, Vaqifin poeziyası Şuşada səslənir, bu gün məskəni Qarabağ olan muğamın da sədası dağlarda əks-səda edir, bu gün qartallar da səmada bir başqa qanad çalır, Qarabağ səmasında bu gün sülh göyərçinləri pərvaz edir! Xalqımıza bu xoşbəxtliyi bəxş edən şəhidlərimizin də ruhu şaddır. Yurdumuzda yenidənqurma işləri aparılır, 30 ildə xarabaya döndürülən diyarlar, bir neçə ayın içində cənnətə çevrilir. Tanrı ölkəmizə yar olsun, Ali Baş Komandanımızı, Qarabağın Fatehi İlham Əliyevi daima bu xalqın başında eləsin ! Qarabağ Azərbaycandır!
Laçın rayon Taxtakörpü qəsəbə tam orta məktəbinin direktoru, qabaqcıl təhsil işçisi
Şəbnəm Uğurlu.


Xəbəri paylaş

1289 dəfə oxunub.

Digər xəbərlər