Tarix: 24-08-2018 | Saat: 11:59
Bölmə:Karusel / Dünya | çapa göndər
İqtisadçı ekspert Vüqar Bayramov Almaniya kansleri Angela Merkelin Azərbaycana səfərinin iqtisadi baxımdan faydalarını şərh edib.
"Qarabaginfo" “Qafqazinfo.az”a istinadən xəbər verir ki, iqtisadçı qeyd edib ki, Almaniya Avropa Birliyində, o cümlədən Avrozonada aparıcı dövlət hesab olunur: “ 3 trilyon 684 milyard dollar nominal Ümumi Daxili Məhsulu olan Almaniya iqtisadiyyatının həcminə görə Avropada birinci, dünyada isə dördüncüdür. 1.4 tirliyon dollarlıq ixracla isə Almaniya dünyada üçüncüdür. Dünya ikincisi olan Amerika Birləşmiş Ştatları ümumi ixracatda Almaniyanı cəmi 175 milyard dollarlıq artıqlıqla qabaqlayır. İkincisi, Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarından hesab olunur. Doğrudur, 2014-cü ildə 2.67 milyard dollarlıq ümumi ticarət dövriyəmiz ötən il 894 milyon dollaradək azalıb. Amma bunun əsas səbəbi enerji məhsullarımızın son ixrac trajektoriyasının dəyişdirilməsi ilə bağlıdır. Üçüncüsü, təxminən yarım milyard dollarlıq sərmayə qoyuluşu ilə Almaniya şirkətləri son illər Azərbaycan iqtisadiyyatında aktivdirlər.
Gözlənilir ki, Almaniya kanslerinin səfəri zamanı müzakirə ediləcək iqtisadi məsələlər içərisində mavi qazın Avropaya çatdırılması və eləcə də ölkəmizin Avropa Birliyi ilə aparılan danışıqlar üstünlük təşkil edəcək. Cənubi Qaz Dəhlizi əsasən Cənubi Avropaya hədəflənsə də Almaniya bu təşəbbüsü fəal dəstəkləyənlərdəndir. Avropa aparıcısı bununla qitədə enerji asılılığını mərhələli şəkildə azaltmağa çalışır.
Xəzərin statusunun razılaşdırılmasından sonra isə Qərb Türkmənistanın da Cənub Qaz Dəhlizinə qoşulacağına ümid edir. Almaniyanın Qafqaz siyasəti üçün Avropa Birliyi ilə Azərbaycan arasında müzakirə edilən və imzalanması gözlənilən yeni strateji tərəfdaşlıq sazişi də ciddi əhəmiyyət daşıyır. Çünki bu anlaşmalar sadəcə siyasi deyil, eyni zamanda iqtisadi əməkdaşlığı təşviq edir. Bütövlükdə, Almaniya kanslerinin Qafqaz və o cümlədən Bakı səfəri qısa müddətli olsa da belə region üçün əhəmiyyətli hesab oluna bilər”.
Qeyd edək ki, Almaniya kanslerinin Cənubi Qafqaza 3 günlük rəsmi səfəri başlayıb. Sabah isə Azərbaycana gələcək.
Digər xəbərlər