Saytımızı qiymətləndirin


 
 

"Rusiya qarşısında bu tələblər qətiyyətlə qoyulmalıdır, bilsinlər ki, əks halda..."
Tarix: 22-08-2021 | Saat: 12:11
Bölmə:Karusel / Siyasət / Yazar | çapa göndər

Son günlər Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qarabağ münaqişəsinin həlli başa çatmadan iki dövlət arasında sülh müqaviləsinin bağlanmayacağını bir neçə dəfə bildirib. “.., bizim dəqiq mövqeyimiz var - sülh müqaviləsi yalnız Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və hərtərəfli həllindən sonra imzalana bilər. Və bu yalnız ATƏT-in Minsk Qrupu həmsədrlərinin formatı çərçivəsində mümkündür ”. 
 
Hiss olunur ki, Paşinyan höküməti bu tezislə uzun müddət manipulyasiya etmək fikrindədir. Bu da müharibədən əvvəlki illərdə aparılan mənasız danışıqların təkrarı deməkdir və təbii ki, bizim maraqlarımıza tamamilə ziddir. Ümumiyyətlə, biz Ermənistanla sülh müqaviləsi bağlamalıyıqmı? Və Qarabağ problemin yekun həlli istiqamətində bizim növbəti addımlarımız nə olacaq və nə vaxt başlayacaq?
 
Mövcud status-kvo düşməni qane edir: Qarabağda Rusiya sülhməramlıları yerləşib və düşmən Rusiyanın Qarabağa “əbədi” qayıtdığını zənn edib sabaha ümidlə baxır. Rəsmi İrəvanın da daxili problemləri həll etmək üçün kifayət qədər vaxta ehtiyacı olduğundan ona da vaxtın uzanması sərf edir. Buna görə də sülh müqaviləsini Qarabağ münaqişəsinin həlli ilə, sərhədlərin də müəyyənləşməsini müxtəlif bəhanələrlə uzadırlar. Biz də hər iki variantdan imtina edirik.
 
Necə?
 
Ermənistanla müharibə bitib və iki ölkə müharibə vəziyyətində deyilsə hansı sülh müqaviləsi imzalanacaq? Müharibə bizim ərazidə gedib və bu ərazini Ermənistan rəsmən özününkü hesab etməyib (hələ ki), o zaman Ermənistanla sülh müqaviləsinə ehtiyac yoxdur, o vaxta qədər ki, özü buna təşəbbüs edəcək. 
 
Real vəziyyət budur ki, Qarabağın bir hissəsindəki suveren torpaqlarımıza de-fakto nəzarət edə bilmirik. Ermənistanla heç sülh müqaviləsi bağlamadan da biz separatçı rejimin mövcudluğuna son vermək üçün diplomatik-hərbi fəaliyyətimizi qarşı tərəflə-Rusiya ilə davam etdirə bilərik və etməliyik. İlk növbədə Laçın dəhlizi istiqamətində Azərbaycan-Ermənistan dövlət sərhədinə sülhməramlılarla birgə nəzarəti yaradıb, bütün giriş-çıxışlara normal düzən verməliyik. İkincisi, 10 noyabr bəyanatından irəli gələn iki vacib müddəanın – erməni silahlı birləşmələrin çıxarılması və azərbaycanlı qaçqınların keçmiş Dağlıq Qarabağ ərazisinə yerləşdirilməsi tələbinin yerinə yetirilməsini tez bir zamanda gündəmə gətirməli və Rusiya ilə konkret bu məsələləri müzakirə etməliyik. Əks halda, düşmənin Rusiya tərəfindən “permanent silahlandırılması”(ifadə Ermənistan TŞ katibi Armen Qriqoryana məxsusdur) Çexovun: “əgər tamaşanın ilk səhnəsində divardan tüfəng asılıbsa, tamaşanın sonunda mütləq güllə açılmalıdı“ məntiqi ilə sonuclana bilər.
 
Sərhədlərin Ermənistan tərəfindən tanınmaması, delimitasiya və demarkasiyasından düşmənin imtinası bizim sərhəd xəttimizi çəkməyimizə, yəni mühəndis- sərhəd qurğularının yaradılmasına və sərhəd qoşunlarının nəzarətinə verilməsinə mane olmur. Biz öz işimizi görməliyik. İşğal altında olan eksklav kəndlərin probleminin həlli üçün danışıqlara başlamaq olar, imtina edilərsə, BMT-yə, beynəlxalq aləmə bildirməliyik ki, suveren torpaqlarının işğaldan azad edilməsi Azərbaycanın beynəlxalq hüququdur və hərbi yolla ərazilərini azad etmək haqqını özündə saxlayır. Təşəbbüs bizim əlimizdə olmalı, Minsk Qrupunun dövrəyə girməsinə çalışan bütün qüvvələrin cəhdlərinə imkan verməməliyik. 
 
Mövcud vəziyyətin bu şəkildə davam etməsi yəqin ki, sülhməramlıların birinci beşillik müddətinin sonunadək davam etməyəcək. Müharibənin bitməsinin bir ilinin tamamına iki aydan bir az çox qalıb. Azərbaycan vətəndaşı qələbədən sonra səbrlə proseslərin məntiqi sonluğunu gözləyib və 10 noyabr 2021 -də qələbənin ildönümünü qeyd edəndə istər-istəməz sual edəcək: qalan torpaqlarımız nə vaxt işğaldan azad olunub dövlətimizin nəzarətinə keçəcək? Bu sualı bu gün də verənlər az deyil, amma qeyd olunan vaxtda bütövlükdə cəmiyyət ən azı bu prosesin başlanğıc konturlarını, mexanizmini görmək, bilmək istəyəcək.
 
İlham İsmayıl


Xəbəri paylaş

326 dəfə oxunub.

Digər xəbərlər