Tarix: 09-08-2021 | Saat: 10:43
Bölmə:Karusel / Təhsil | çapa göndər
Dövlət İmtahan Mərkəzi tərəfindən 11 avqustda növbəti imtahanlar keçiriləcək.
DİM-dən Qarabaginfo.az-a verilən məlumata görə, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aşağıdakı imtahanların keçirilməsi nəzərdə tutulub:
1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;
2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;
3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;
Yuxarıdakı 3 kateqoriyaya aid olan abituriyentlər buraxılış vərəqəsini verilən linkdən (https://eservices.dim.gov.az/brxv) çap edirlər.
4. İyun ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanı;
5. Eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.
4-cü və 5-ci kateqoriyaya aid olan şagirdlər isə imtahana buraxılış vərəqəsini bu linkdən (https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov) çap edirlər.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Sabirabad, Lənkəran, Cəlilabad və Xaçmaz rayonlarında təşkil olunacaq.
“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin (şagirdin) imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
İmtahanlar saat 10:00-da başlanır.
İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 53 imtahan binası, 892 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 53 ümumi imtahan rəhbəri, 147 imtahan rəhbəri, 1098 nəzarətçi-müəllim, 106 buraxılış rejimi əməkdaşı (mühafizə), 53 bina nümayəndəsi ayrılıb.
İmtahanlarda ümumilikdə 11552 abituriyentin (şagirdin) iştirakı nəzərdə tutulur.
Dövlət İmtahan Mərkəzi tərəfindən avqustun 11-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün də test imtahanı keçiriləcək.
İmtahan Bakı şəhərində təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 446, BB qrupu üzrə 996, ümumilikdə isə 1442 namizəd qeydiyyatdan keçib.
Qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.
İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmır. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
İmtahanın keçirilməsi üçün 6 bina, 132 zal, 6 ümumi imtahan rəhbəri, 15 imtahan rəhbəri, 127 nəzarətçi‑müəllim, 12 buraxılış rejimi əməkdaşı ayrılıb.
Digər xəbərlər