Tarix: 06-08-2021 | Saat: 10:41
Bölmə:Karusel / Gündəm | çapa göndər
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Bilgin arasında videoformatda görüş olub.
Nazirlikdən Qarabaginfo.az-a verilən məlumata görə, S.Babayev Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və xalqların birliyi amilinə əsaslanan strateji tərəfdaşlığı qeyd edib. Ölkələrimizin ikitərəfli əlaqələrinin davamlı, sabit və uzunmüddətli inkişafında iki qardaş ölkənin dövlət başçılarının birgə səylərinin mühüm rolunu vurğulayıb.
Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları, bu yanğınların törətdiyi fəsadlarla bağlı kədərini ifadə edən S.Babayev dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib. Xalqımızın həmişə olduğu kimi, bu gün də qardaş Türkiyə xalqının yanında olduğunu diqqətə çatdırıb.
Nazir Türkiyə ilə əmək, məşğulluq və sosial müdafiə sahəsində ötən dövrdə formalaşan uğurlu əməkdaşlıq təcrübəsini, imzalanmış əməkdaşlıq sənədlərini, əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın fəaliyyətinin önəmini qeyd edib. Bu sahədə əlaqələrin getdikcə gücləndirilməsinin və müqavilə-hüquq bazasının daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycanla Türkiyə arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əlaqələrin, bu məqsədlə müqavilə-hüquq bazasının genişləndirilməsinə, yeni əməkdaşlıq sənədlərinin layihələrinə, Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın növbəti iclasının təşkilinə dair fikir mübadiləsi aparılıb.
Digər xəbərlər