Tarix: 26-04-2018 | Saat: 12:49
Bölmə:Karusel / Siyasət | çapa göndər
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu aprelin 11-də keçirilmiş Azərbaycan prezident seçkilərinin müşahidə edilməsi ilə əlaqədar yekun hesabatı açıqlayıb.
"Qarabaginfo" "Apa.az"a istinadən xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni deyib ki, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu prezident seçkilərində ölkə ərazisi üzrə müşahidə aparmaq üçün Mərkəzi Seçki Komissiyasında (MSK) qeydə alınıb.
Prezident seçkiləri 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində, o cümlədən Azərbaycanın xarici səfirliklərində və konsulluqlarında yaradılmış 41 məntəqədə keçirilib. Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Seçki Qərargahı yaradılıb, aprelin 11-də keçirilmiş prezident seçkilərini 118 seçki dairəsinin 1180 məntəqəsində 590 yerli müşahidəçi və respublika üzrə 30 müşahidəçi ilə və müşahidə aparıb.
R. Zeyni qeyd edib ki, ölkədə azad, demokratik, şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün şərait yaradılıb. Qanunvericilik və MSK tərəfindən seçki prosesini tənzimləyən hüquqi sənədlərin qəbul olunması seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi üçün tam hüquqi təminat yaradıb. Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu seçki müşahidə missiyası monitorinq zamanı seçki qanunvericiliyinin və ya seçici hüquqlarının pozulması faktlarına rast gəlinməyib. Ölkədə sərbəst toplaşma, seçki kampaniyasının təşkili, mitinqlərin və digər kütləvi tədbirlərin keçirilməsi, söz azadlığı və digər hüquqlar tam təmin olunub.
R. Zeyni bildirib ki, seçkilərin azad və sərbəst fəaliyyətləri üçün hər cür şərait yaradılan 51 xarici KİV-in 118 nümayəndəsi, habelə 59 ölkəni, 61 beynəlxalq təşkilatı təmsil edən 894 nəfər xarici müşahidəçinin də daxil olduğu 60 minə yaxın müşahidəçilərin əksəriyyəti ümumilikdə seçkilərin azad, ədalətli və şəffaf olduğunu bildirib, seçki prosesində ciddi irəliləyişlərin olduğunu qeyd ediblər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT-in Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının çoxsaylı müşahidəçiləri də ayrı-ayrılıqda həmin mövqeyini açıq şəkildə bəyan ediblər: "Lakin təəssüflə qeyd edilməlidir ki, bu qurumların adından yayılan hesabatda 1300 seçki məntəqəsində müşahidə aparılması bildirilən, ümumilikdə seçkinin nəticələrinə heç bir təsir etməyən və mənbəyi məlum olmayan neqativlərin qabardılması yolu ilə (ən çox halda 156 seçki məntəqəsində, yəni məntəqələrin 2,8 faizindən də azında) bu və ya digər xarakterli texniki problemlərin olduğu bəyan edilib. Bununla da çoxminlik müşahidəçilərin, həm də öz nümayəndələrinin fikirlərindən kəskin fərqlənən mövqe nümayiş etdirilərək seçkilər keçirilmiş respublika üzrə 5641 seçki məntəqəsinin hamısının nəticələrinə kölgə salmaq meyli nümayiş etdirilib. Bu hesabat özündə çoxsaylı daxili ziddiyyətlərlə də diqqəti cəlb edir. Bu, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT-in Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının hesabatının tərtibi zamanı bu təşkilatların müşahidəçilərinə missiya rəhbərliyi tərəfindən siyasi məqsəd daşıyan bu və ya digər təzyiqlərin göstərilməsi şübhəsini doğurmaya bilməz. Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu bəyan edir ki, 11 apreldə keçirilən prezident seçkiləri baş tutub və seçkinin nəticələri xalqın iradəsini əks etdirir".
Digər xəbərlər