Saytımızı qiymətləndirin


 
 

Lavrov Ərdoğanın Şuşa səfəri haqda suala belə cavab verdi...
Tarix: 01-07-2021 | Saat: 10:05
Bölmə:Karusel / Siyasət | çapa göndər

Lavrov Ərdoğanın Şuşa səfəri haqda suala belə cavab verdi...

İyunun 30-da Türkiyənin Antalya şəhərində Türkiyə və Rusiya xarici işlər nazirləri Mevlüt Çavuşoğlu və Sergey Lavrov arasında görüş olub.

Qarabaginfo.az xəbər verir ki, iki nazir görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında bir sıra mühüm məsələləri geniş aspektdə müzakirə etdiklərini deyiblər.

Onların sözlərinə görə, Türkiyədə rusiyalı turistlərin təhlükəsizliyindən, Akkuyu atom elektrik stansiyası generatorunun tikintisindən, habelə vaksinlərdən tutmuş, Liviya, Suriya və Dağlıq Qarabağ münaqişələrinədək məsələlər danışıqların predmeti idi.

Bir saatdan bir qədər az müddətdə davam edən mətbuat konfransında Dağlıq Qarabağla əlaqədar müzakirələr barədə məlumat jurnalistlərdən birinin sualından sonra verilib.

Jurnalist Sergey Lavrovdan soruşub: “Siz Türkiyənin Dağlıq Qarabağ tənzimləməsindəki rolunu, o cümlədən Şuşaya bu yaxınlardakı səfərini necə dəyərləndirirsiniz?”

Rusiya xarici işlər naziri bu sualın cavaında deyib: “Erdoğanın Azərbaycana səfərinə gəlincə, bu, iki dövlət arasında ikitərəfli münasibətlər çərçivəsində həyata keçirilən bir səfər olub...Biz bugün Mevlüt Çavuşoğlu ilə burada qərara gəldik ki, hər birimiz, öz imkanlarımızdan istifadə edərək, Ermənistan və Azərbaycan arasında barış və münasibətlərin normallaşmasına, ermənilərin və azərbaycanlıların və ya hər hansı başqa millətlərin bu torpaqda xeyirxah qonşu kimi yanaşı yaşamasına şərait yaradılmasına kömək etməliyik”.

Rusiya naziri bildirib ki, istər Rusiya, istərsə də Türkiyə münaqişə zonasında sülh və stabilliyin bərpa edilməsində maraqlıdırlar.

Lavrovun sözlərinə görə həm Moskva, həm də Ankara Yerevan və Bakı arasında etimadyaratmanın praktik məsələləri istiqamətində koordinasiyanı davam etdirə biliblər: "Biz Bakı və Yerevana aralarındakı münasibətlərin yaxşılaşdırılması üçün etimadyaratma tədbirlərinin praktik məsələlərinin həllində kömək səylərimizin koordinasiyasını davam etdirmək barədə razılığa gəlmişik”.

Tərəflər bunu da qeyd ediblər ki, görüş zamanı habelə Dağlıq Qarabağın özündəki “spesifik situasiya” müzakirə olunub.

Nazirlər həmçinin Dağlıq Qarabağda atəşkəsə nəzarət edilməsi üçün yaradılmış birgə Rusiya-Türkiyə monitorinq mərkəzinin işindən razılıq ediblər.

Rusiya xarici işlər naziri bölgədə stabillik və sülhün yaradılması üçün 6-lı platforma məsələsindən də söz açıb. O bildirib ki, bu platforma, prosesdə Rusiya və Türkiyədən başqa regionun digər ölkələrinin (İran, Gürcüstan – red) də iştirakını nəzərdə tutur.

Lavrov vurğulayıb ki, o bu görüşdə türkiyəli həmkarı ilə konkret olaraq bu məsələnin praktik aspektinin “ilkin mərhələsi üçün təklifləri” müzakirə edib.

Rusiyanın RIA Novosti agentliyi habelə mətbuat konfransı zamanı yaranmış maraqlı bir məqama toxunub. (Yeni Sabah)

 



Xəbəri paylaş

1292 dəfə oxunub.

Digər xəbərlər