Tarix: 23-06-2021 | Saat: 14:11
Bölmə:Karusel / Gündəm | çapa göndər
Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə prosesində zərərçəkənlər ifadə verib.
Pravda.az-ın məlumatına görə, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsində hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə ilk olaraq ifadə verən zərərçəkən Elşən İslamov bildirib ki, 1997-ci ildə əsir düşüb: "Məni Şuşa həbsxanasına apardılar. Məni orda kəmərlə döyməyə bağışladılar. Qış idi, həsbxanadan çölə çıxarıb qarın üstünə atdılar. Sonra erməni əsgərlərə təhvil verdilər. Əsgərlər məni yerə uzadıb əllərimi bağladılar, üstümə benzin tökdülər, benzin qabını da başımın altına qoydular. Hazırlaşırdılar məni yandırsınlar, xəbər gəldi ki, məni aparırlar, yandırmasınlar. Başladılar məni döyməyə ki, niyə səni yandırmağa qoymadılar? Sonra məni maşına mindirdilər. Maşının yük yerinə qabağıma yemək qoydular ki, yeyim. Yemək istəyəndə döyməyə başladılar. Məni döyə-döyə bir kəndə gətirdilər. Maşından düşəndə başımdan vurdular, özümdən getdim. Ayılandan sonra gördüm ki, Şuşa türməsindəyəm. Orda çoxlu yaralı azərbaycanlı var idi. Birinin gözünü çıxarmışdılar. Orda olan azərbaycanlılar dedilər ki, 1992-ci ildə əsir düşüblər. Betonun üstünə su tökürdülər biz orda yatırdıq.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi gəldi gördü ki, yatmağa yatacağımız yoxdur. Onlar tapşırıq verəndən sonra bizə yatmağa yorğan-döşək verdilər. Komitə nümayəndəsi gedəndən sonra yorğan-döşəyi aldılar. Sonra məni iki nəfər maşına mindirdi, bir dağa apardılar. Orda düşürdülər ki, dayan, səni güllələyirik. Sevindim ki, canım qurtarır. Dedilər geriyə dön. Döndüm ki, bizim postumuzdu. Məni saxladılar başladılar bizimkilərə tərəf atəş açmağa. İstəyirdilər ki, bizim postdakılar da atəş açsın və məni vursunlar. Amma bizimkilər məni vurmadılar".
Zərərçəkən qeyd edib ki, Mkrtiçyan Lüdviki əsir düşən zaman tanıyıb: "Mkrtiçyan məni Şuşa türməsində işgəncələrə məruz qoyub. O, kəlbətinlə ağzımdakı qızıl dişləri çıxardı. 1999-cu ildə İrəvanda təcridxanada idim. Məni gəlib apardılar. Yerin hara olduğunu bilmirdim. Bir otağa saldılar, orda Mkrtiçyan gəldi mənimlə söhbət elədi. Dedi ki, ad, soyadını dəyişib Ermənistanda qalacaqsan, ailə quracaqsan, Ermənistan vətəndaşlığını qəbul edəcəksən, azərbaycanlılara qarşı döyüşəcəksən. Mənə dedi ki, sənə hər şərait yaradılacaq. Razı olmadım. Mkrtiçyan mənə amansız işgəncələr verdi".
Vəkillərin suallarını cavablandıran zərərçəkmiş bildirib ki, Alyoşa Xosrovyanı tanımır və onun haqqında heç bir məlumatı yoxdur: "Mənə Mkrtiçyan işgəncələr verib, Xoşrovyanı tanımıram. Amma Mkrtiçyan mənə elə işgəncələr verib ki, onu unuda bilmirəm, sifəti beynimə həkk olunub”.
Zərərçəkmiş Elman Hacıyev isə bildirib ki, 1992-ci ildə könüllü olaraq müharibəyə yollanıb: "1993-cü il sentyabrın 26-da mühasirəyə düşüb əsir götürüldüm. O qədər döydülər ki, özümdən getmişəm. Ayılanda gördüm ki, əllərim bağlı boynum zəncirli Ağdərədəyəm. İki gün mənə ancaq kələm turşusu yedizdirirlər. Boynumdakı zəncirli açmadılar ki, qaçaram. Sonra məni Şuşa türməsinə apardılar. İki ay orda saxladıqdan sonra Xocavənddə apardılar. Xocavənddə bizi tikintidə işlədirdilər. Mkrtiçyanı orda tanımışam. Orda ferma var idi, gecə ora heyvanlar üçün yem gəldi. Başladıq onu boşaltmağa. Mkrtiçyan bir neçə adamla birgə sərxoş vəziyyətdə əllərində avtomat bizi döyməyə başladı. Mən Mkrtiçyana dedim ki, biz nə vaxtsa rastlaşarıq, cavabını verərəm. Bu söz Mkrtiçyanın xoşuna gəlmədi, məni avtomatın qundağı və armaturla döyməyə başladı. Burnumu sındırdılar, məni palçığın içinə atdılar. Gözlərim həm döyülməkdən, həm də palçıqdan tutulmuşdu. Sonra məni yenə UAZ-a mindirib Şuşa türməsinə apardılar. Əsirlikdə olduğum müddətdə işğaldan azad olunan ərazilərdə tikintidə, Samvel Babayanın qardaşının evinin tikintisində fəhlə işlədirdilər. Füzuli və Ağdam rayonundan evləri söküb gətirirdilər, biz də daşıyırdıq, ustalar ferma tikirdilər. Oranı söküb gətirən də azərbaycanlı əsirlər olub. Xocavənddə 2 donuz ferması, bir toyuq ferması və taxıl anbarı tikirdik. Samvel Babayanın qardaşının idi hamısı. Erməni ustalar qışqırırdı ki, palçıq gecikir, Mkrtiçyan də hər dəfə gəlib məni avtomatla döyüb işgəncə verirdi. Gün ərzində 6 nəfərə bir çörək verirdilər, başqa heç nə... Sonra bizi gətirdilər Xankəndiyə. Samvel Babayan üçün 4 mərtəbəli villa tikdilər, biz də onlar üçün fəhləlik edirdik".
Zərərçəkən onu da bildirib ki, ermənilər Azərbaycan qəbiristanlıqlarından qara mərmərləri çıxarıb aparıb öz qəbiristanlıqlarında abidə düzəltdirmişlər: "Qırmızı mərmərləri isə Samvel Babayanın villasının pilləkənləri üçün istifadə edirdilər. Şuşa türməsində Lüdvik, Artur, Karen və digərləri işgəncə verirdilər. Bizi Mkrtiçyan toka verirdi. Məni toka verdi, sonra taxta ilə vurub burnumu sındırdı.
Məni gətirdi türmənin qarşısına, metlaxları palçıqsız düzdürdü yerə, dedi elə elə ki metlax tərpənməsin. O da mümkün deyildi, düz dayanmırdı. Mkrtiçyan deyirdi ki, bilməzsən qaçmaq fikrinə düşərsən, onda səni işgəncələrlə öldürərəm. Deyirdi ki, Qarabağ Ermənistandır. O vaxt verilən işgəncələrdən indi də əziyyət çəkirəm. Dizlərimdə xəsarətlər qalır, böyrəklərimə görə hər il müalicə alıram".
Zərərçəkən qeyd edib ki, Şuşa türməsində olanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri onlara baş çəkib: "Bizə əvvəldən tapşırdılar ki, onlar gələndə erməniləri və saxlanma şəraitini tərifləməlisən, əks halda axşam işgəncə görəcəksən. Biz də qorxumuzdan şikayət etmirdik".
Zərərçəkmiş Yaşar Abduləliyev də məhkəmədə ifadə verib. Bildirib ki, 1994-cü ildə Murovdağ istiqamətində əsir düşüb: "Mənə çox işgəncə verdilər. Eyvaz, Seymur və mən əsir düşmüşdük. Sonra bizi ayırdılar, dedilər ki, Seymuru dindirəndə, işgəncə verəndə o müqavimət göstərib, ermənilər onun üstünə benzin töküb yandırdılar. Sonra bizi ayağımızdan və başımızdan zəncirlədilər. Seymurun yanmış meyitini mənə göstərdilər. Sonra uzun müddət məni Beynəlxalq Qırmızı Xaç Komitəsindən gizlətdilər ki, belə bir əsir yoxdur. 3 aydan sonra məni Şuşa türməsinə apardılar. Mənə o qədər işgəncələr verdilər ki, ölümcül vəziyyətə düşdüm”.
Zərərçəkmiş bildirib ki, Şuşada Mkrtiçyan, Qəhrəmanyan, Petrosyan ona işgəncələr verib: "Mkrtiçyan mənim ağzıma rezin bağladı, ağac parçası və kəlbətinlə dartıb dişimi çıxardı. Azərbaycanlı əsirləri Mkrtiçyan Şuşa türməsində bir-bir divara düzürdü, tikanlı odun parçası ilə kürəyimizə zərbələr endirirdi. Mən Ağdərə, Şuşa və Suqovuşanda saxlanmışam.
Mkrtiçyan Suqovuşanda, Şuşa türməsində azərbaycanlı əsirlərə işgəncə vermə üsulu ilə xüsusən seçilirdi. Ona görə də bu şəxsə ermənilər xüsusi hörmət edirdi. Orda bir Bakı ermənisi mənə dedi ki, Mkrtiçyan Xocalı faciəsinin "qəhrəmanıdır”. Mkrtiçyan bizimlə həmişə Azərbaycan dilində danışırdı. Orda Bakı və Qarabağ erməniləri Azərbaycan dilində sərbəst danışırdı. Bizi isə vadar edirdilər ki, erməni dilində danışaq".
Zərərçəkmiş Rövşən Qəriboğlu bildirib ki, Qarabağda yaşayan və onlara işgəncə verən ermənilər hamısı Azərbaycan dilində danışırmışlar: “Onlar İrəvanda uşaqlarına da Azərbaycan dili kursları keçirdilər. Bizim səhvimiz odur ki, biz erməni dilini öyrənmirik”.
R. Qəriboğlu deyib ki, əsirlikdə olanda onlara bir gündə Ağdamdan 35 “Kamaz” kubik sökdürüb daşıtdırıblar.
Zərərçəkmiş Kamil Babayev bildirib ki, 1994-cü ilin fevral ayında çovğunda yolu azıb əsir düşüb: “Hərbçilərdən biri mənim titan dişlərimi kəlbətinlə dartıb çıxarmaq istədi, alınmadı, dişimi qırdılar. Sonra məni Ağdama, oradan isə Xankəndinə gətirdilər. Hər gecə ac-susuz 3-4 dəfə döyürdülər. Əsir düşəndən 3 aydan sonra mənə çimməyə soyuq su verdilər. Məni döyüb burnumu sındırdılar. Mkrtiçyan və Xoşrovyanı Şuşa türməsində tanımışam. Məni ikisi də təpik, yumruq və armaturla döyürdü. Sonra məni Xankəndidə ev tikintisinə fəhləlik eləməyə apardılar. Bizi işlədib axşam türməyə aparırdılar. Türmədə bizi Mkrtiçyan və Xosrovyana təhvil verirdilər. Onlar da çatan kimi döyürdülər. Hələ də əsəb xəstəliyindən əziyyət çəkirəm".
Zərərçəkmiş Cahid Həsənov isə ifadəsində deyib ki, əsirlikdə olanda Xankəndi xəstəxanasında Xosrovyan Pənah İsgəndərov adlı əsiri çarpayıya bağlayıb döyürmüş: “Aprel ayında məni Şuşa türməsinə apardılar. Orda Pənaha həm Mkrtiçyan, həm də Xosrovyan işgəncə verirdilər. Mkrtiçyanın boks əlcəkləri var idi, yeyib-içib bizim üstümüzdə məşq edirdi”.
Digər xəbərlər