Saytımızı qiymətləndirin


 
 

Fransalı deputat: "Xocalı həqiqətlərinin parlament tribunasından səsləndirilməsi üçün addımlar atılacaq"
Tarix: 22-02-2021 | Saat: 20:22
Bölmə:Karusel / Siyasət | çapa göndər

Fransalı deputat: "Xocalı həqiqətlərinin parlament tribunasından səsləndirilməsi üçün addımlar atılacaq"

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Fransa Milli Assambleyasının nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Qarabaginfo.az-a verilən məlumata görə, spiker Azərbaycanla Fransa arasında əlaqələrin zəngin tarixi olduğunu söyləyib.

Sədr vurğulayıb ki, dövlətlərarası münasibətlər sistemində özünəməxsus yer tutan parlamentlərarası əlaqələrin davamlı inkişafı çox əhəmiyyətlidir. Sədr bu sahədə dostluq qruplarının əhəmiyyətini xüsusi qeyd edib.

 

 

Sahibə Qafarova bildirib ki, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva hələ Milli Məclisin üzvü olarkən Fransa ilə dostluq qrupunun rəhbəri kimi əlaqələrimizin inkişafına mühüm töhfələr verib: "Bu ənənə bu gün Fransa ilə dostluq qrupunun üzvləri tərəfindən uğurla davam etdirilir".

Sədr Fransa Senatında Qafqaz üzrə dostluq qrupunun olduğunu xatırladaraq, Azərbaycanla ayrıca bir qrupun yaradılmasının əməkdaşlığımızın gələcək inkişafına əlavə töhfə verə biləcəyini deyib.

Sahibə Qafarova Fransa Milli Assambleyasının bir qrup deputatının ölkəmizə bu səfərinin çox tarixi dönəmdə baş tutduğunu söyləyib.

Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad edərək, öz ərazi bütövlüyünü bərpa edib: "Təəssüf ki, bu dönəmdə Fransa parlamentində erməni diasporunun təsiri ilə Azərbaycanın ədalətli mübarizəsi barədə qərəzli fikirlər səsləndirilib, bəyanatlar və sənədlər qəbul edilib. Təbii ki, bu hal bizi narahat etməyə bilməz. Biz istərdik ki, Fransa kimi bir ölkənin qanunvericilik orqanında bölgə həqiqətləri və Azərbaycanın mövqeyi olduğu kimi səsləndirilsin, ölkə ictimaiyyətinə obyektiv çatdırılsın" deyən spiker Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupu üzvlərinin bu prosesdə daha yüksək fəallıq göstərəcəklərinə inamını ifadə edib.

Dağlıq Qarabağ münaqişəsi barədə bir sıra faktları söyləyən spiker fevralın 26-da xalqımızın Xocalı faciəsinin 29-cu ildönümünü qeyd edəcəyini deyib.

Fransa Milli Assambleyasının deputatı Məcid El Qerab deyib ki, Fransa Cənubi Qafqaz ilə əməkdaşlığın inkişafına böyük önəm verir. Vurğulanıb ki, görüşdə iştirak edən fransalı deputatlar Azərbaycanın dostlarıdır.

Qonaq təəssüflə qeyd edib ki, bu bölgədəki həqiqətlər bəzən Fransa qanunvericilik orqanında olduğu kimi səsləndirilmir: "Biz Azərbaycan tərəfinin narahatlığını anlayırıq və səfər müddətində burada gördüklərimizi Assambleya deputatlarına çatdırmaq niyyətindəyik. Belə hesab edirik ki, Azərbaycan barədə Fransa ictimaiyyəti dolğun və obyektiv məlumatlar almalıdır. Bəzi fransalı deputatlarda, o cümlədən ictimaiyyətin bir kəsimində bu haqda yanlış düşüncələr var. Onlara Azərbaycandakı mövcud mədəni müxtəliflik, fransız mədəniyyətinə olan maraq, buradakı fransız məktəblərinin fəaliyyəti barədə geniş informasiya verilməlidir".

Görüşdə çıxış edən fransalı deputatlar - Frederik Duma, Belkir Baladad, Mustafa Laabid, Karol Buro Bonnar, Mişel Delpon Azərbaycandakı dünyəviliyi, tolerantlığı, Fransa mədəniyyətinə olan marağı yüksək qiymətləndiriblər. Bildirilib ki, Azərbaycanın haqq səsinin daha ucadan eşidilməsi, bölgədə baş verən proseslərin olduğu kimi ictimaiyyətə çatdırılmasında məqsədyönlü iş aparılmalıdır.

Fransalı deputatlar ölkəmizin haqq işi barədə fikirlərin, Xocalı faciəsi barədə həqiqətlərin parlament tribunasından səsləndirilməsi, o cümlədən dostluq qrupu adından yayımlanan sənədlərdə əks olunması üçün gərəkli addımlar atılacağını deyiblər.

Söhbətdə parlamentlərarası əlaqələrin gələcək inkişaf istiqamətləri, pandemiyaya qarşı mübarizədə görülən işlər və tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.

Görüşdə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Soltan Məmmədov, qrupun üzvü Cavanşir Feyziyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

 



Xəbəri paylaş

1347 dəfə oxunub.

Digər xəbərlər