Tarix: 16-03-2018 | Saat: 17:40
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Ölkəyə gətirilən hazır çap məhsulları və qəzet kağızına əlavə dəyər vergisi tətbiq olunur. Məlum olduğu kimi, bu vergi əvvəllər tətbiq edilmirdi. Amma bir neçə ildir, tətbiqinə başlanılıb. Əslində bu, dövlət büdcəsinə elə də əhəmiyyətli vəsait gətirmir - təxminən yarım milyon manat. Ancaq əlavə dəyər vergisinin tətbiqi medianın iqtisadi durumuna olduqca mənfi təsir göstərməkdədir. Düşünürəm ki, hazırkı durumda medianın iqtisadi durumu və onun yerinə yetirdiyi ictimai missiya mütləq qaydada nəzərə alınmalıdır”.
"Qarabaginfo" "Apa.az" istinadən xəbər verir ki, bunu Azərbaycan mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Milli Məclisin bu gün keçirilən iclasında hökumətin illik hesabatının müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, bu missiya yalnız ictimai deyil, eyni zamanda stratejidir: “Bu gün qeyd etdiyim məsələ səbəbindən hər hansı qəzet nəşrini dayandırırsa, yaxud onun nəşrində durğunluq yaranırsa, demək ki, ölkəmizin informasiya müharibəsindəki mövqeyi zəifləyir. Mən hüquqşünas deyiləm, amma məsələyə hüquqi nöqteyi-nəzərdən də diqqət yetirmək istərdim. Vergi Məcəlləsinin 164.1.7-ci maddəsində göstərilir ki, kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr əlavə dəyər vergisindən azaddır. Sözüm ondadır ki, qeyd etdiyim məsələnin reallaşması üçün hazır hüquqi baza da mövcuddur. Sadəcə, bunu işlək hala gətirmək lazımdır. Ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisi aradan qaldırılmalıdır. Hər kəsi bu təklifimi dəstəkləməyə çağırıram”
Digər xəbərlər