Saytımızı qiymətləndirin


 
 

“Uduzsa ya türməyə gedəcək, ya da mühacirətə...”
Tarix: 19-06-2021 | Saat: 12:01
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanda 20 iyun seçkiləri ilə bağlı təbliğat kampaniyası dünən başa çatıb və hakimiyyətə əsas iddiaçılar bir-birinin ardınca xalqa son müraciətlərini edərək “düzgün seçim etməyə” çağırıblar. Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın son təbliğat mitinqi iyunun 17-də olub, ondan bir gün sonra isə Paşinyanın əsas rəqibi Robert Köçəryan öz tərəfdarlarını İrəvanın mərkəzi meydanına toplayıb. Və indi ekspertlər əsasən bu yekun mitinqlərdə kimin daha çox adam toplamasından çıxış edərək Köçəryanla Paşinyanın şansını dəyərləndirməyə çalışırlar.

 

Ermənistanda seçkini izləyən bir sıra təhlilçilər hesab edirlər ki, Nikol Paşinyanın 17 iyun mitinqindəki izdiham, onun seçkidə daha çox irəli çıxacağını ehtimal etməyə əsas verir. Hərçənd çoxsaylı dəlillər vardı ki, Paşinyanın mitinqinə əsasən büdcə təşkilatlarının işçilərini, o cümlədən mülki geyimli polisləri inzibati qaydada aparıblar. Və bu yolla mümkün qədər izdiham yaratmağa çalışıblar. Digər tərəfdən “GALLUP” beynəlxalq assosiasiyası ötən gün açıqladığı son rəy sorğusu nəticələrində Paşinyanın cəmi 23 faiz səs ümid edə biləcəyini göstərib, Köçəryanın bloku isə bu nəticələrə əsasən, 29 faizə yaxın səs yığa bilər. Üçüncü yerdə digər keçmiş prezident Serj Sərkisyanla keçmiş milli təhlükəsizlik naziri Artur Vanetsyanın bloku gəlir-10.3 faiz.

Lakin Ermənistandan ictimai fəal İşxan Verdyan deyir ki, son mitinq Paşiyanın nüfuzlu olduğunu göstərdi: “Koçaryanın şansı yoxdur. Əgər Paşinyanın mitinq videolarına baxsanız görərsiniz ki, ora inqilab dövründən daha çox adam gəlmişdi. Bu o deməkdir ki, onu hakimiyyətə gətirənlərdən daha çox tərəfdarı var. Əgər hansısa fors major olmasa, Nikol Paşinyan əminliklə qələbə qazanacaq”.

ABŞ-ın Cənubi Kaliforniya Universitetinin erməniləri araşdırma institutunun baş tədqiqatçısı Emil Sanamyan iyunun 20-də keçiriləcək parliament seçkilərini Ermənistan üçün tarixi əhəmiyyətli hesab edir, çünki Ermənistan sonuncu Qarabağ müharibəsindən uduzmuş çıxıb, bu isə Paşinyan hakimiyətinə inamı sual altına qoyub.

 

“Təəssüf ki, Ermənistanda rəy sorğusu və exit-poll o qədər də çox deyil, amma mövcud olanlar əsasında demək olar ki, iştirakçıların heç biri 50 faizdən artıq səs toplaya bilməyəcək və nə Paşinyan, nə də Koçaryan parlamentdə mütləq üstünlük əldə edə bilməyəcək. Odur ki, digər partiyaların nə qədər səs yığması və fraksiyaların formalaşması mühüm addım olacaq. Hazırda Serj Sarkisyanın bloku və Qagik Sarukyanın partiyası daha yüksək şanslı görünür və ola bilsin ki, onlar Koçaryanla koalisiya qursunlar və ona baş nazir olmaqda kömək etsinlər”,-Sanamyan deyir.

 

Emil Sanamyan deyir ki, Paşinyan məğlub olarsa, onun bunu qəbul edib-etməyəcəyi də sualdır, əgər məğlub olarsa, ya gərək türməyə getsin, ya da mühacirətə.

Yerevandakı Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Giraqosyan deyir ki, son aylar Koçaryanın nüfuzu artıb: “Koçaryanın nüfuzu sürpriz şəkildə iki səbəbdən artdı. Birincisi, Ermənistan Azərbaycan sərhədindəki qarşıdurma, ikincisi Paşinyan hakimiyyətinin zəifliyi. Bu iki amil Koçaryanı populyarlaşdırdı. Amma ki, məncə, yenə də seçkidə irəli çıxmaq üçün bu, yetərli olmayacaq. Koçaryan üçün çox gecdir”.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan isə 20 iyun parlament seçkisi ərəfəsində xalqa çağırış edib. Ter-Petrosyan özünün Erməni Milli Konqresi partiyasının seçki siyahısına başçılıq edir.

Keçmiş prezident deyib ki, hazırda ölkə həlledici dilemma qarşısındadır: O dövlət stabilliyinin bərpası ilə böhranın daha da dərinləşməsi arasında seçim etməlidir. Ter-Petrosyan əlavə edib ki, seçkiqabağı kampaniya qarşıduran radikal tərəflərin hələki ikinci variantı – böhranın dərinləşməsi variantını seçdiyini göstərir: “Bu qüvvələrin gələcək barədə danışmağa sözləri yoxdur. Onların nikbin vədləri və gözəl proqramları əsl niyyətlərini gizlətmək və adamları aldatmaq üçün yalnız bir pərdədir. Onların əsl məqsədi hakimiyyəti nəyin bahasına olursa olsun ələ keçirib, inzibati, maliyyə, media və kriminal resurslardan istifadə etməklə opponentlərindən qisas almaqdır. Onlar hətta toqquşmalardan və vətəndaş müharibəsi başladacaqlarına dair hədələrdən də çəkinmirlər.

 

Levon Ter-Petrosyan deyib ki, bu qüvvələrin dövlət maraqları barədə təsəvvürləri yoxdur: “Bu isə o deməkdir ki, bu qüvvələrdən istəniləninə könüllü və ya məcburi səs verəcək vətəndaşlar ölkəmizdəki vəziyyətin daha da pisləşməsində iştirak edəcəklər. Mən sizin sağlam düşüncənizə və həlledici məqamlarda düzgün qərar qəbul etmək qabiliyyətinizə inanıram. Bu dəfə sizin səhv etmək ixtiyarınız yoxdur.

Ter-Petrosyanın partiyasının  1-2 faiz səs yığa biləcəyi proqnozlaşdırılır və o, daha əvvəl bildirmişdi ki, səsvermə günündə və ondan sonra ölkəni iğtişaşlar bürüyə bilər. (Virtualaz.org)

 



Xəbəri paylaş

1306 dəfə oxunub.

Digər xəbərlər