Tarix: 15-06-2021 | Saat: 14:19
Bölmə:Karusel / Siyasət | çapa göndər
Azərbaycan xarici siyasət kursunda beynəlxalq təşkilatlarla əməkdaşlığa əhəmiyyət verir. Belə qurumlardan biri də NATO-dur. Alyansla Azərbaycan arasında məzmunlu tərəfdaşlığın əsası 1994-cü il mayın 4-də “Sülh naminə tərəfdaşlıq” (SNT) proqramının Çərçivə Sənədinin imzalanması ilə qoyulub. 1997-ci ildə Azərbaycan SNT Planlaşdırma və Analiz Prosesinə qoşulub.
2001-ci ildə Azərbaycan çoxmillətli “Qətiyyətli əməkdaşlıq – 2001” SNT hərbi təlimini həyata keçirib. Növbəti il Azərbaycan Əfqanıstana NATO qüvvələrini dəstəkləmək məqsədilə hərbi birlik göndərib. 2003-cü ildə Azərbaycan Virtual İpək Yoluna qoşulub və növbəti il İstanbul zirvə görüşündə müttəfiq liderləri Qafqaza xüsusi diqqət ayırmağa başlayıblar. Bundan sonra bölgəyə NATO-nun xüsusi nümayəndəsi və əlaqələndiricisi təyin olunub. Həmin il Prezident İlham Əliyev Brüsseldə Azərbaycanın ilk Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planını NATO-ya təqdim edib. 2005-ci ildə Azərbaycan NATO ilə ilk dəfə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində əməkdaşlığa başlamışdı və s.
NATO Azərbaycanın yaratdığı yeni reallıqlarla razılaşıb
Bu kimi faktlar onu göstərir ki, NATO ilə əməkdaşlığa Azərbaycan xüsusi diqqət ayırır. Alyans da qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü müdafiə edib.
İkinci Qarabağ müharibəsindən sonra isə NATO Cənubi Qafqazda yaranan yeni şəraitilə razılaşıb. Bu ilin mayında qurumun baş katibi Yens Stoltenberq bölgədəki vəziyyəti dəyərləndirərək bildirib: “Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılmasını alqışlayırıq”.
İyunun 14-də NATO-nun Brüsseldə keçirilən Zirvə görüşünün yekun sənədindən Cənub Qafqaza dair bölmədən ənənəvi bir bənd çıxarılıb. Belə ki, ötən illərdə NATO-nun Zirvə görüşlərinin yekun sənədlərində Cənubi Qafqaza aid bənddə digər region ölkələri ilə yanaşı Azərbaycanın da müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə olunurdu. Bundan əlavə, Cənubi Qafqazdakı münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktına uyğun şəkildə, mövcud danışıq formatları çərçivəsində sülh yolu ilə həllinə dəstək ifadə olunurdu.
Ancaq yekun sənəddə bu məsələnin xatırladılmaması belə deməyə əsas verir ki, NATO Azərbaycanın torpaqlarını işğaldan təmizləməklə illər uzunu bəyan edilən məsələlərin öz həllini tapması faktı ilə razılaşıb. Başqa sözlə, alyans Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini, münaqişənin həll olunmasını da alqışlayır. NATO da bu reallıqdan çıxış edərək məsələ ilə bağlı öz ənənəvi “mövcud danışıqlar formatı” ifadəsindən vaz keçib. Bu,“Qarabağla bağlı danışıqlar” “aparmağa”, “vasitəçilik etməyə” səy göstərənlərə, “münaqşiə” ifadəsini hələ də istifadə edənlərə bir ismarışdır. Bu o deməkdir ki, Azərbaycan ərazisində münaqişə bitib, yeni şərait yaranıb.
Azərbaycan bölgədə əməkdaşlıq etməyə maraqlı tərəflər üçün faydalı şərait yaradıb
Bu həm də 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi zəfərin regionda tam yeni reallıq yaratdığını beynəlxalq ictimaiyyətin qəbul etməsi deməkdir.
Münaqişədən bəhs edilməməsi həm də regionda yenidən pozuculuq fəaliyyəti ilə məşğul olub, Ermənistanı müdafiə etmək istəyənlərə, bu ölkədə havadarlarının yardımı ilə revanşa cəhd göstərənlərə ismarış da sayıla bilər.
Sammitin yekun sənədi deməyə əsas verir ki, NATO Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, artıq Ermənistan-Azərbaycan münaqişəsinin keçmişdə qaldığını reallıq olaraq təsdiqləyir. Bu baxımdan sənəddə NATO-nun ona toxunmaması tamamilə məntiqidir.
Azərbaycan torpaqlarını işğaldan təmizləməklə bölgədə əməkdaşlıq etməyə maraqlı tərəflər üçün yeni və daha faydalı şərait yaradıb. Bu, Cənubi Qafqazın, eləcə də dünyanın təhlükəsizliyi üçün töhfədir. Azərbaycan işğalçı üzərində qələbəsi ilə beynəlxalq hüququn, BMT-nin, NATO-nun və başqa beynəlxalq təşkilatların nüfuzunun artmasına da yardım edib. Çünki bu kimi təşkilatla 30 ilə yaxın idi, ancaq bəyanatlar verirdilər. Təəssüf ki, ATƏT-in Minsk Qrupu münaqişənin həlli istiqamətində heç bir irəliləyişə nail ola bilmirdi. BMT-nin qəbul etdiyi 4 qətnamə icra olunmurdu. Ermənistan bu quruma, beynəlxalq hüquqa hörmətsizlik edirdi. İşğalçı əməlinə görə Ermənistana sanksiya tətbiq olunmurdu.
Azərbaycanın bölgədə yaratdığı yeni reallıq nədir?
Bu, əməkdaşlıq üçün region dövlətləri arasında etimadın yaranması üçün şəraitdir. Regionla sülh və əməkdaşlığa töhfədir. Yeni reallıq Ermənistanla Azərbaycan arasında etimad quruculuğu tədbirlərinə dəstək verməkdə özünü göstərə bilər. Bu, yeni-yeni iqtisadi, energetika, infrastruktur layihələrin reallaşması üçün şəraitin yaranmasıdır.
NATO sammitinin yekun sənədi bir daha göstərir ki, Azərbaycanın regionda yaratdığı yeni reallıq yavaş-yavaş ölkələr, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilir və nəzərə alınır.
Doğrudur, Zirvə görüşünün yekun qərarında Cənubi Qafqaz regionuna, o cümlədən Azərbaycana istinadın olmaması heç də onun regiona marağının azalması demək deyil. Ancaq son proseslərdə regionda Türkiyənin rolu və iştirakı daha da artıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun zirvə toplantısına video-ismarışında buna da işarə edərək bildirmişdi: “Türkiyə İraqdan Əfqanıstana, Qafqazdan Balkanlara, Qara dənizdən Aralıq dənizinə Afrikaya qədər bütün münaqişələrdə sabitliyin yaranmasına liderlik edir, fayda verir”.
Onu da nəzərə almaq lazımdır ki, Türkiyə gücünə, oynadığı rola və s. məsələlərə görə NATO-da aparıcı olan 5 dövlətdən biridir. Onun atdığı addımları alyans həmişə dəstəkləyib. NATO-nun şərqdəki sərhədləri Türkiyə ilə bitir.
Beləliklə, NATO-nun sammiti bu sənədi ilə münaqişə və işğalçılığın regional inkişafa, təhlükəsizliyə və əməkdaşlığa mane olduğunu bütün dünyaya bir daha bəyan edib. Bu həm də Azərbaycanın torpaqlarını işğaldan və işğalçıdan təmizlənməsi faktının qəbul olunmasıdır.
(Report)
Digər xəbərlər