Tarix: 22-02-2018 | Saat: 13:07
Bölmə:Karusel / Dünya / Cəmiyyət | çapa göndər
"Azərbaycan" qəzetinin nəşr etdiyi "Xocalı şahidləri danışır" kitabının təqdimatı keçirilib.
"Qarabaginfo"un Apa.az"a istinadən məlumatına görə, kitabın ideya müəllifi Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, PA-nın şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov, redaktoru millət vəkili, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, buraxılışa məsul Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini, tarix üzrə fəlsəfə doktoru Ərəstun Mehdiyev, tərtibçisi isə "Azərbaycan" qəzetinin şöbə redaktoru İxtiyar Hüseynlidir.
Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunub. "Xocalı şahidləri danışı" kitabı Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Ə. Həsənovun "Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması" adlı məqaləsi ilə başlayır.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov deyib ki, kitabda Xocalı soyqırımı şahidlərinin xatirələrindən məqamlar yer alıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov nəzərə çatdırıb ki, 1805-ci ildə Dağlıq Qarabag əhalisi 10 min 100 nəfər olub, onlardan 10 mini azərbaycanlı, 100-ü isə erməni olub: "1988-ci ildə Dağlıq Qarabağda əhali 189 min nəfər olub. Bunun 145 min nəfəri erməni, 40 min nəfəri azərbaycanlı, 3 min nəfəri digər millətlər olub. Böyük imperiyanın düşünülmüş siyasəti nəticəsində ermənilər İrandan Qarabağa və İrəvana gətirildi. Bizim faciələrimiz də o zamandan başladı. Planlarını həyata keçirmək üçün yüzlərlə terror, kütləvi qətl həyata keçirildi. 1992-ci ildə 366-cı motoatıcı alayın zirehli texnikasının köməyi ilə Xocalı mühasirəyə alındı, soyqırım törədildi. Ermənilər deyirlər ki, bu, təsadüfi soyqırımdır. Ancaq bu, planlı fəaliyyət idi, Xocalını tamamilə yer üzündən silmək məqsədi güdmüşdü. Bu vəhşilik XX əsrin sonunda, bəşəriyyətin gözü qarşısında baş verib. Bəşəriyyət bunun qarşısında susub. Bu, bəşəriyyət üçün qara ləkədir".
G. Fərhadov münaqişədə 20 min şəhidimiz, 50 min yaralımız olduğunu, işğal nəticəsində 816 milyard dollardan çox zərər dəydiyini qeyd edib: “Biz bir əsrdə 4 dəfə ərazi iddiası, soyqırımlarla üzləşmişik. Ancaq təəssüf ki, unutqan millətik. Ona görə də belə kitabların nəşr olunması vacibdir”.
Milli Məclisin sədr müavini Bahar Muradova Xocalı soyqırımını törədən cinayətkarların bu gün azadlıqda olduğunu söyləyib: “Ancaq zaman gələcək, Xocalı soyqırımını törədənlər məhkum kimi cavab verəcək, cinayətkar kimi hökm onların üzlərinə oxunacaq. Bu cür kitablarda yer alan şahidlərin ifadələri həmin vaxt o cinayətkarların ittiham aktında yer alacaq. Biz şahidlərin ifadələri əsasında kitablar nəşr etməklə bunları tarixi faktlara çeviririk. Hesab edirəm ki, bu kitab tarixi məhkəmənin qurulması üçün bir mənbə rolunu oynayacaq. Xocalıya ədalət kampaniyası çərçivəsində Cocalı soyqırımının dünyada tanıdılması istiqamətində böyük işlər görülür. Azərbaycan diplomatları, millət vəkilləri də bu istiqamətdə koordinasiyalı fəaliyyət göstərirlər”.
Tədbirdə Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Dövlət İdarəçilik Akademiyasının professoru, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının Sədri Elçin Əhmədov, Xocalı sakini Dürdanə Quliyeva çıxış ediblər.
Digər xəbərlər