Bu gün Bakıda bir çox ödəmə aparatlarında problem yaranıb. 

"Qarabaginfo" Minval.info"a istinadən xəbər verir ki, bu gün “MilliÖn” ödəmə terminallarında problem yaranıb. Bu barədə Bakı sakinləri məlumat veriblər. Onların sözlərinə görə, bəzi aparatlar qəpik pul qəbul etmir. Yalnız manatla ödənişin aparılması mümkündür.

Bundan əlavə digər bir sakinb “BakıKart” aparatından şikayət edir. Onun sözlərinə görə, qəpiklə ödəniş edib, lakin irəli düyməsi işləməyib. Belə olan halda onun pulu terminalda qalıb.

Bəzi sosial şəbəkə istifadəçiləri “Yeni fırıldaqdır, yalnız manat qəbul edir, qəpiyi valyuta saymırlar. Bu yağışlı havada qalın küçələrdə”, “50 qəpik yüklədim, işləmədi, haramınız olsun!” kimi statuslar yazaraq bu şəkildə etirazlarını bildirirlər.

Qeyd edək ki, bununla artıq bir neçənci dəfədir ki, sözügedən terminallarda ciddi problem yaranır.

Mövzuyla bağlı olaraq Minval.info “Komtec” şirkəti ilə əlaqə saxlayıb. Şirkətin əməkdaş saytımıza açıqlamasında deyib ki, bu cür nasazlıq olarkən müştərilər “Qaynar xətt”imizə müraciət edə bilərlər: “Nömrə terminalların üzərində qeyd olunub və 7/24 saat fəaliyyət göstərir. Müştərilər bizimlə əlaqə saxlayıb məlumat ala bilərlər. Terminallarımızda nasazlıq varsa, dərhal müvafiq şöbələrimizin əməkdaşları aparata baxış keçirirlər”.

“Komtec”dən həmçinin bildirib ki, bu gün terminallarda nasazlığın olması hava şəraiti ilə əlaqədardır: “Bilirsiniz, aparatlar dayanacaqlarda yerləşdirilib. Onların üzərinə yağış yağdığı üçün belə problem yaşanıb. Yalnız zəng etməklə müştərilərə kömək edə bilərik və ofisə gəlməyə ehtiyac yoxdur”.