Saytımızı qiymətləndirin


 
 

Rövşən Əkbərovun istintaqı yekunlaşdı - generalı 20 ilədək həbs gözləyir
Tarix: 04-06-2021 | Saat: 10:01
Bölmə:Karusel / Kriminal | çapa göndər

Rövşən Əkbərovun istintaqı yekunlaşdı - generalı 20 ilədək həbs gözləyir

Rövşən Əkbərovun cinayət işi üzrə istintaq yekunlaşıb. Hazırda Rövşən Əkbərov vəkilləri ilə birgə barəsindəki cinayət işinin materialları ilə tanış olur. Onun əsas ortağı və dostu, sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov isə hələlik azadlıqdadır. 

Hər iki general 44 günlük Vətən müharibəsi dövründə vəzifələrindən uzaqlaşdırılıblar. Düşmən darmadağın edilərək üzərində qələbə qazanıldıqdan sonra Nəcməddin Sadıkovun sorağı Rusiyadan, Rövşən Əkbərovun xəbəri isə Ukraynadan gəlirdi.

2021-ci ilin martında Rövşən Əkbərov Azərbaycanda istintaqa dəvət olundu, Ukraynada 20 il əvvəl törətdiyi qətl işinə görə barəsində həbs-qətimkan tədbiri seçildi. Həmin günlərdə Nəcməddin Sadıkov Dubayda istirahətdə idi. Şortiklə, qolunda saat hovuzun kənarında gəzdiyi video ictimailəşmışdi. Belə xəbərlər vardı ki, Nəcməddin Sadıkov bu videonun yayılmasında maraqlı olib. Bu video ilə Nəcməddin Sadıkov toxunulmaz olduğu mesajını çatdırmaq istəyirmiş...

2001-ci ilin bu günlərində Rövşən Əkbərov biznesmen Elçin Əliyevin ürəyinə hərbi bıçaqla zərbə endirməklə onu öldürmüş, daha bir şəxsi vəhşicəsinə döyüb xəsarət yetirmişdi. 

Qətldə əsas fiqurant olduğu bilinəndən sonra isə onun adı kef məclislərinin təşkilatçısı olaraq gündəmə gəlməyə başlamışdı. Halbuki həmin günlərdə Ukrayna prokurorluğunda Rövşən Əkbərovun barəsində ölüm işindən dolayı cinayət işi istintaq olunurdu. Elçin Əliyevin valdeynləri də Rövşən Əkbərovu qətldə suçlayırdılar.

Rövşən Əkbərov illərlə həbs olunmayacağına arxayınlığını gizlətməyib. Son illərdə isə istintaqa  cəlbetmə müddətinin ötməsi Rövşən Əkbərovun cəzasız qalacağı haqda ictimai rəydə fikir formalaşdırmışdı. Buna baxmayaraq, Rövşən Əkbərov həbs olunudu.

Bu məqam Rövşən Əkbərovun həbsdən azad edilməsinə yol aça bilərmi? Cəlbetmə müddətinin ötməsi əsası ilə Rövşən Əkbərov barəsində çıxarılacaq məhkəmə hökmündən sonra azad edilə bilərmi?

“Bakı Hüquq Şirkəti”nin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Elçin Əliyevin qətl işi üzrə Ukrayna prokurorluğunda ilkin olaraq qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

“Rövşən Əkbərova Azərbaycan Cinayət Məcəlləsinin 12.1,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham verilib. Cinayət Məcəlləsinin 12.1-ci maddəsi ölkə hüdudlarından kənarda cinayət törətməkdə təqsirləndirilən şəxslərin Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilməsinin əsaslarını nəzərdə tutur. Belə ki, Azərbaycan vətəndaşları ölkə hüdudlarından kənarda törətdikləri əmələ görə bu əməl həm Azərbaycanın, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, Azərbaycan Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinə görə 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Xüsusilə ağır cinayət hesab edilən bu əmələ görə məsuliyyətə cəlbetmə müddəti 20 ildir. 221.3-cü (xuliqanlıq) maddəsində təqsirli bilinən şəxslər isə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət qanunvericiliyinə əsasən, cinayətlərin məcmusuna görə cəza təyin edilərkən qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Hazırda istintaq 120.2.2 və 221.3-cü maddələri üzrə aparılır. 120.2.2 maddəsi xuliqanlıq niyyəti ilə adam öldürmədir. Yəni heç bir səbəb olmadan qətl törətmək. Bundan başqa, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb. Bu ittihamlar təsdiqlənərsə, Rövşən Əkbərova ağır cəza verilə bilər. İstintaqa cəlb etmə müddətinə gəlincə isə 120.2.2 maddəsi üzrə istintaqa cəlb etmə müddətinin təyini məhkəmənin səlahiyyətindədir. İttihama görə, Rövşən Əkbərov Elçin Əliyevi səbəbsiz öldürüb, digər şəxsi isə döyüb, xəsarət yetirib”.

Qeyd edək ki, Baş Prokurorluğun rəsmi məlumatına görə, Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü, Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, bir sıra istintaq tədbirləri yerinə yetirilib, 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycana göndərilib.

Həmin cinayət işi üzrə Azərbaycan Respublikasının Hərbi və Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilib, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb.

2020-ci il tarixdə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnib və Baş Prokurorluğun İstintaq İdarəsində çoxsaylı istintaq hərəkətləri aparılaraq iş üzrə kifayət qədər sübutlar toplanılaraq, həmin cinayət əməlinin Əkbərov Rövşən Telman oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.  Belə ki, Azərbaycan vətəndaşı, 1965-ci il təvəllüdlü, Əkbərov Rövşən Telman oğlunun 31.05.2001-ci il tarixdən 1 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 3-4 radələrində həmin kafenin yaxınlığında Elçin Fəday oğlu Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

15 mart 2021-ci il tarixdə R.Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilib və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. 



Xəbəri paylaş

1338 dəfə oxunub.

Digər xəbərlər
11-12-2017, 18:32 Prezident sərəncam verdi