Tanınmış politoloq,  ləğv olunmuş MTN-in əks-kəşfiyyat idarəsinin sabiq əməkdaşı Ərəstun Oruclu hafta.az-a müsahibəsində Rusiya Prezidenti V.Putinin keçmiş sovet respublikalarının tarixi Rusiya ərazisi olması haqdakı fikirləri fonunda Azərbaycanın Yuxarı Qarabağ ərazisindəki proseslərin gələcəyi barədə danışıb. Dövlətimizin Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və s. ərazilərdə yurisdiksiyasının bərpası, Qarabağdakı doğma yurdlarına qayıdacaq azərbaycanlıların ermənilərlə dinc yanaşı yaşamasının mümkünlüyündən bəhs edib. Ermənistanda gözlənilən erkən seçkilər haqda proqnozlarını verib.

Qarabaginfo.az müsahibəni təqdim edir:

- Ərəstun bəy, Putinin “Sovet İttifaqı,  tarixi Rusiyadan başqa bir şey deyildi” tezisi ilə yadda qalan son bəyanatının fonunda hazırda Rusiyanın “sülhməramlı” adlanan kontingentinin yerləşdiyi Laçın “dəhlizi” və Yuxarı Qarabağın gələcək taleyini necə görürsüz?

- Rusiya Prezidentinin keçmiş SSRİ məkanında İttifaq Dövləti qurmaq cəhdi yeni iddia deyil və artıq xeyli müddətdir ki, bu istiqamətdə işlər də aparılır. O cümlədən Gömrük İttifaqının, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin fəaliyyətini genişləndirmək cəhdləri də bu qəbildən olan işlərdir. Bura MDB-ni də əlavə etdikdə görürük ki, əslində müəyyən mənada ümumi siyasi, iqtisadi və hərbi məkan da artıq mövcuddur. Hərçənd, elə sadaladığım qurumlara üzv olan dövlətlərin arasında yetərincə ziddiyyətli münasibətlər də var. O cümlədən də elə İttifaq Dövləti məsələsinə dair də. Putinin “kvazidövlətlər” adlandırdığı postsovet ölkələrinin, hətta Kremlə loyal olan liderləri belə, öz ölkələrinin müstəqilliyini qoruyub saxlamağa çalışırlar ki, görünür, Rusiya prezidentinin ritorikası həm də bu səbəbdən belə kəskinləşir. Paralel olaraq Rusiya MDB ölkələrinə müxtəlif sahələrdə təzyiq siyasətini də intensivləşdirir ki, bu da onun plan və niyyətlərinə olan müqavimətlərin təzahürüdür. Məsələn, bu gün nəinki Rusiya-Qazaxıstan, hətta Rusiya-Belarus münasibətləri də ziddiyyətlərlə doludur. Bu da təbiidir, çünki bir tərəfdən postsovet ölkələrinin siyasi elitaları Rusiyanın siyasi və iqtisadi dominantlıq iddialarını öz ölkələri və hakimiyyətləri üçün təhdid kimi görürlər, digər tərəfdən isə Rusiyanın özü dövlət modeli kimi inkişaf üçün əlverişli deyil. Bu səbəbdən, “yumşaq güc” baxımından cəlbedici olmadığını anlayan Rusiya öz qonşularına qarşı daha çox “sərt güc” – hərbi və siyasi vasitələrlə təsir etməyə çalışır. Laçın “dəhlizi”ndə və Qarabağın ermənilərin yaşadığı dağlıq ərazilərində Rusiya “sülhməramlılarının” yerləşdirilməsi Kreml üçün öz planlarının reallaşdırılması yolunda əsas vəzifələrdən biri idi və o, buna da nail oldu. İndi Qarabağın taleyi yalnız Azərbaycanla Ermənistan arasındakı münasibətlərdən deyil, həm də və bəlkə də daha çox Rusiyanın Qafqaz siyasətinin hədəflərindən asılı olacaq. Təəssüf ki, bu, artıq geosiyasi reallıqdır və həmin reallıq “sülhməramlılar” Azərbaycan ərazisindən çıxarılanadək davam edəcək...

- Bəlkə elə Putin 44 günlük savaş boyu və sonra bir neçə dəfə işlətdiyi  “Dağlıq Qarabağ beynəlxalq hüquq (!-S.L.) baxımından Azərbaycanın tərkib hissəsidir” deməklə dolayısı ilə Azərbaycanla yanaşı, Yuxarı Qarabağı da tarixi Rusiya ərazisi hesab etdiyini bildirir? Eyni zamanda ermənilərə “pas” atır ki, “Qarabağ tarixi baxımdan sizin də ola bilər” – üzüyola olsanız, gələcəkdə yenidən Qarabağın “azadlığı” uğrunda mübarizə aparmağınıza şərait yarada  bilərik”?

- Putinin həmin təsbiti, zənnimcə, bir neçə mənada şərh olunmalıdır: əvvəla, Rusiya dünyaya mesaj verirdi ki, o, yəni Moskva münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə çalışır və deməli, digər ölkələrin də prosesə qatılmasına ehtiyac görmür. İkinci mesaj Azərbaycana ünvanlanmışdı və bu, o demək idi ki, Azərbaycan müəyyən mərhələyə qədər öz torpaqlarını işğaldan azad etməkdə Rusiya tərəfindən müqavimət görməyəcək. Üçüncüsü, Putin Ermənistana demək istəyirdi ki, biz Qarabağ ərazisində gedən hərbi kampaniyaya qoşula bilmərik, çünki belə bir müdaxilə həm beynəlxalq hüquqa ziddir, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsinə. Amma bunların arxasında duran niyyətlərə gəlincə, əlbəttə ki, məqsəd Rusiyanın bölgədəki maraqlarının təmin olunmasına çalışmaq idi. Bunlar isə fikrimcə, aşağıdakılar idi: Qarabağ münaqişəsindən istifadə edərək bölgəyə “sülhməramlı” adı altında hərbi güc yerləşdirmək, münaqişəni müəyyən bir mərhələdə donduraraq saxlamaq, kommunikasiyaları nəzarətə götürmək, Paşinyanın hakimiyyətdən getməsinə nail olmaq və həm də regiona can atan digər güclərin müdaxiləsinə rəvac verməmək. Şübhəsiz ki, bütün bunların reallaşdırılması da münaqişə ocağını saxlamaq və ondan həm yaxın, həm də uzaq perspektivdə öz siyasətini yürütmək üçün istifadə etməkdən keçir. Başqa sözlərlə, prosesi başlanğıc nöqtəyə qaytarmaq…

- Rusiya hərbi kontingenti Yuxarı Qarabağda ola-ola Azərbaycan dövləti Xankəndi, Xocalı, Əsgəran, Ağdərə, Xocavənd və s. üzərində də yurisdiksiyasını bərpa edə biləcəkmi?

- Nəzəri baxımdan bəlkə də mümkündür, amma praktiki olaraq bunu etməyin hal-hazırda əlverişli olduğunu demək olmaz. Ümumiyyətlə, Azərbaycan bunu iki yolla edə bilər: hərbi və diplomatik-siyasi. Hərbi yol risklidir, çünki bu halda Rusiya 2008-ci ildə Gürcüstana qarşı tətbiq etdiyi Cənubi Osetiya ssenarisinə əl ata bilər. Yəni, “sülhməramlıları” qorumaq adı altında bölgəyə əlavə hərbi güc yeritmək ki, bu da heç bir halda Azərbaycanın maraqlarına cavab vermir. Diplomatik-siyasi yol isə daha geniş və özündə az risklər daşıyan kompleks vasitələrdən ibarətdir ki, burda da ilk növbədə ölkəmizin yeritməli olduğu çoxvektorlu siyasi doktrinanın qurulması önəmlidir. Həmin doktrina isə yalnız paralel olaraq ölkənin işğaldan azad edilmiş ərazilərində hərbi gücünün artırılması şəraitində effektiv işləyə bilər…

- Xankəndidəki separatçı terrorçu xunta tör-töküntülərinin tamamilə çökdürülməsində, Yuxarı Qarabağın dövlətimizin nəzarətinə keçirilməsində və ermənilərlə gələcəkdə dinc yanaşı yaşamanın təmin olunmasında təhlükəsizlik orqanlarıımızın hansı rolu ola bilər?

- Yaxın zamanda dinc yanaşı yaşamaq haqqında düşünmək mənə real görünmür. Bunun uzaq perspektivdə mümkün olmayacağını da iddia eləməzdim. Bəli, bunun üçün ilk növbədə qondarma terrorçu rejim birdəfəlik silinməlidir. Bu da asan həyata keçirə biləcəyimiz vəzifə deyil. Ən azı, ona görə ki, həmin model həm erməni əhalinin radikal kəsimi üçün, həm də alət kimi Rusiyanın siyasəti üçün əlverişlidir. Hər bir halda bu gün biz prosesin tam əksini görürük, yəni həm erməni əhali arasında revanşıst əhval yüksəkdir, həm də Rusiya məhv edilmiş terrorçu qondarma rejimi reanimasiya etməkdədir. Təbii ki, belə şəraitdə də Azərbaycanın dövlət orqanlarının, xüsusilə də təhlükəsizlik orqanlarının üzərinə böyük yük düşür. Bu yükü daşıya bilmək üçün də ölkənin xüsusi xidmət orqanları ənənəvi yanaşmalardan kənara çıxan, bəzən isə qeyri-standart yanaşmalar tələb edən fəaliyyət proqramı hazırlayıb həyata keçirməlidir. Onların fəaliyyəti yalnız kəşfiyyat və əks-kəşfiyyat sahələrini əhatə etməklə məhdudlaşmamalıdır. Belə fəaliyyət isə yalnız müvafiq siyasi qərarlar əsasında qurula və həyata keçirilə bilər...

- Zəngəzur dəhlizinin açılması Türkiyədən savayı daha hansı xarici ölkələr üçün sərfəlidir?

- Bu, əslində demək olar ki, hamı üçün əlverişlidir. Hesab edirəm ki, bunun üçün ilk növbədə sülh müqaviləsi imzalanmalıdır ki, həmin dəhliz Ermənistanın daxilində siyasi spekulyasiya predmeti kimi istismar edilməsin. Hələlik isə qarşıdan gələn seçkilərlə bağlı debatlardan, mübahisələrdən görünən məhz budur. Bu məsələdə hansısa çoxtərəfli siyasi anlaşma əldə olunmasa, gələcəkdə Zəngəzur dəhlizi əməkdaşlıq dəhlizindən çox, yeni mübahisə və hətta münaqişə səbəbinə də çevrilə bilər. Nəhayət, hələlik görünən həm də bu dəhlizə İranın fərqli münasibət sərgiləməsidir. Belə görünür ki, Tehran Türkiyənin bölgədə logistika imkanlarının artmasında bir o qədər də maraqlı deyil...

- Sizcə, Ermənistanda  gözlənilən növbədənkənar seçkilərdə Paşinyanın qalib gəlmə ehtimalı nə qədərdir?

- Təxminən, 50%-dən aşağı. Rusiyalı milyarder Ara Abramyanın seçkiyə qatılması əks-düşərgəni parçalayacağı halda Paşinyan seçkidən qalib də çıxa bilər. Hər halda, ona yalnız mütləq qələbə lazımdır, çünki hələlik Paşinyanla koalisyon hökumət qurmağa meylli olan siyasi qüvvələr görünmür.

- Ərəstun bəy, Rusiyanın sülhməramlı adı altında Laçın “dəhlizi” və Yuxarı Qarabağın bir hissəsinə yerləşdirilmiş hərbi kontingentinin 5 illik müddətin tamamında torpaqlarımızdan çıxarılmasının hansı mexanizmini təklif edə bilərsiniz?

- İlk növbədə “sülhməramlı”ların üçtərəfli bəyanatın şərtlərini pozması hallarını sənədləşdirmək və onları daim Rusiya tərəfinin nəzərinə çatdırmaq lazımdır. Qarabağdakı hərbi gücümüzün artırılması və eyni zamanda da cəmiyyətdə müvafiq ab-havanın yaradılması da əsas şərtlərdəndir. Ermənistanda Rusiya yönümlü hakimiyyətin qurulmasına dəstək verməmək də vacibdir.  Paşinyan seçiləcəyi halda, Ermənistandakı Rusiya hərbi bazalarının özünün taleyi sual altına düşəcək. Bu da bizə Rusiyadan “sülhməramlı”larını çıxarmağı tələb etmək üçün əlavə imkanlar yaradardı. Hətta üçtərəfli bəyanatda nəzərdə tutulmuş beşillik müddət başa çatmadan belə...