Tarix: 14-05-2024 | Saat: 12:04
Bölmə:Karusel / Kriminal | çapa göndər
Hədə-qorxu ilə tələb etmədə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Qarabaginfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Aqil Layıc vəsatətlə çıxış edib.
Vəkil təqsirləndirilən Nazim Bəydəmirlinin ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, Nazim Bəydəmirliyə 1996-cı ildə Rusiyada hədə-qorxu ilə pul tələbi ittihamı verilib, həmin əmələ görə məsuliyyətə cəlbetmə müddəti başa çatıb.
Bundan başqa, vəkil cinayət işinin ikinci epizodunda sözügedən intim videoların olmadığını bildirib.
Müşavirədən sonra məhkəmə təqsirləndirilən şəxsin ev dustalığına buraxılması barədə vəsatəti təmin etməyib. Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
İttaham aktında göstərilib ki, Nazim Bəydəmirli 1996-cı ildə Rusiyada spirtli içki biznesiylə məşğul olan azərbaycanlı Mürsəl İbrahimovu kriminal aləmin adamları vasitəsilə özünü və ailə üzvlərini oğurlatdırmaq, öldürməklə hədələyib. Ondan biznesə yatırdığı 40 min dollardan imtina etməsini, əlavə də 70 min dollar pul tələb edib. Son nəticədə Mürsəl İbrahimov həm 40 min dollardan imtina edib, həm də Nazim Bəydəmirliyə 28 min dollar pul ödəyib.
Bundan başqa, təqsirləndirilən N.Bəydəmirli həmin ilin sentyabr ayında təkrarən Mürsəl İbrahimovu hədələyib və ondan daha 50 min dollar pul tələb edib. Ancaq bu dəfə zərərçəkmiş şəxsdən 30 min dollar alıb.
İttihama görə, sabiq deputat bu şirkətin Müşahidə Şurasının sədri Ədalət Bağırovu müxtəlif qadınlarla intim görüntülərini internetdə yaymaqla hədələyib, ondan 50 min manat pul tələb edib. Bir müddət sonra ondan 10 min manat pul alıb.
İttihama münasibət bildirən Nazim Bəydəmirli özünü təqsirli bilməyib.
Daha sonra hakim Fərid Namazov N.Bəydəmirliyə sərbəst ifadə verməyi təklif edib. O ifadəsində bildirib ki, 2005-ci ildə deputat olanda onunla bağlı araşdırma olub: "1996-cı ildə belə cinayət törətmiş olsam, üzə çıxardı. Kimiysə kriminal aləmlə, ailəsilə hədələmək ümumiyyətlə, mənlik deyil. Hikmət Sabirabadlı vardı, Rövşən Lənkəranski vardı, nədir, mən də Nazim Gədəbəyskiyəm?
Ədalət Bağırovla bağlı məsələdə isə əslində zərərçəkmiş şəxs mənəm. Şirkətin səhmlərinin 30 faizini mənim adımadır. Onları hərracda almışam. Ancaq pay sahibi olsam da Ədalət məni şirkətin yaxınına buraxmırdı. İllərlə sahib olduğum əmlakdan, onun gəlirlərindən istifadə edə bilməmişəm. Ədalətlə qardaşının, əmisi oğlunun problemləri vardı. Hətta o öz əmisi oğlunu tutdurub. Ona görə 2013-cü ildə əmlakın bölünməsini istədim. Alınmadı. 2014-cü ildə qardaşı əmlakın satışıyla bağlı mənə müraciət elədi. Anası, qardaşı ondan şikayətçi olub. Bu adamla mübahisələr pandemiya dövrünə qədər davam elədi. Mən də müxtəlif dövlət orqanlarına çoxsaydı müraciətlər göndərmişdim. Baş prokurorun, daxili işlər naziri Vilayət Eyvazovun qəbulunda olmuşdum.
Mənə 1,5-2 milyon arası ziyan dəyib. Mənim fəaliyyətimdə dövlətin, xalqın, Prezidentin mənafeyinə zidd heç nə yoxdur. Ümumiyyətlə, mənim dövlətimin, xalqımın qarşısında heç bir günahım yoxdur. Nə iqtidara aidiyyətim var, nə də müxalifətə. Müstəqil deputat olmuşam. Avropaya və ya başqa yerə müraciət etməmişəm".
Növbəti məhkəmə prosesində sabiq deputat məhkəmənin suallarını cavablandıracaq.
Proses mayın 27-də davam etdiriləcək.
Qeyd edək ki, sabiq deputat Nazim Bəydəmirliyə qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi, daha sonra 182.2.2-ci (hədə-qorxu təkrarən tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Qeyd olunub ki, vətəndaş polisə müraciətində N. Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, iyunun 24-də N. Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. N. Bəydəmirli bu müraciət əsasında saxlanılıb.
Digər xəbərlər