Tarix: 23-09-2022 | Saat: 19:36
Bölmə:Region / Karusel | çapa göndər
44 günlük Vətən müharibəsi zamanı işğal altında olan Azərbaycan-İran sərhədinin azad edilməsi münasibətilə ilə Müzəffər Ali Baş Komandan Azərbaycan və İran xalqlarını təbrik etmişdir. Azərbaycan tərəfi İran ilə sərhədlərini ticarətin və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün fürsət kimi dəyərləndirir.
Qarabaginfo.az-a xəbər verir ki, bunu Azərbaycan XİN-in sözçüsü Leyla Abdullayeva “İran tərəfi Zəngəzur dəhlizini İran-Ermənistan sərhədinin kəsilməsi kimi qəbul edirlər. Bu məsələ İran tərəfi ilə təmaslarda müzakirə edilibmi?” sualına cavabında deyib.
“Ermənistanın işğalı nəticəsində yalnız Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə deyil, həmçinin İran ilə də dəmiryolu əlaqəsi kəsilmişdir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, regionda kommunikasiyaların açılması və bərpası üzrə Komissiya çərçivəsində müzakirələr davam edir. Azərbaycan tərəfi paralel olaraq, İran ilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasının birləşdirilməsi üçün İran ərazisindən keçməklə infrastrukturun yaradılmasına dair müqavilə imzalamışdır. Əldə olunmuş razılığa əsasən, 22 sentyabr 2022-ci ildə Zəngilan rayonu ərazisində hər iki ölkə rəsmilərinin iştirakı ilə avtomobil körpüsünün təməlqoyma mərasimi baş tutmuşdur. Zəngəzur dəhlizinin İranın Ermənistan ilə sərhədini kəsməsi kimi qələmə verilməsi kökündən yanlış olmaqla yanaşı, reallıqdan uzaqdır. Zəngəzur dəhlizi, əksinə, ölkələrimiz arasında əlaqələri daha da dərinləşdirən və regional əməkdaşlıq üçün yeni perspektivlər vəd edən önəmli bir layihədir”, - XİN sözçüsü qeyd edib.
Digər xəbərlər