Tarix: 24-05-2021 | Saat: 10:55
Bölmə:Karusel / Gündəm | çapa göndər
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ötən ildən bəri ölkəmizdə bir sıra fəaliyyət növləri ilə yanaşı əyləncə məkanları ilə bağlı da qadağalar qoyulmuşdu.
Bu qadağalardan biri də bulvar ərazisində istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının fəaliyyəti ilə bağlı idi. Sonradan Dənizkənarı Milli Parkın ərazisinə girişə qoyulan məhdudiyyət aradan qaldırılsa da, gəzinti gəmiləri, qatarlar, attraksionlar və idman qurğularının fəaliyyəti ilə bağlı qadağalar qalmaqda idi.
Dənizkənarı Bulvar İdarəsində İdarə Heyətinin sədrinin müşaviri Könül İmamverdiyeva "Ölkə.az”a açıqlamasında bildirib ki, artıq gəzinti gəmilərinə qoyulan məhdudiyyət aradan qaldırıb. O, havaların isinməsi ilə əlaqədar olaraq bulvarda gəzinti gəmilərinin fəaliyyətini bərpa etdiyini söyləyib:
"Artıq mayın ortasından gəzinti gəmiləri gəmiləri fəaliyyətə başlayıb. Sosial məsafəni qorumaq şərti ilə gəmi səfərlərinə icazə verilir. Yəni gəmi Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələblərinə uyğun olaraq istifadəyə verilib. Hava yaxşı olan günlərdə gəmilər gəzintiyə çıxsa da, küləkli havalarda səfərlər olmur.
K.İmamverdiyeva bulvar ərazisindəki attraksionların fəaliyyətini nə vaxt bərpa edəcəyi ilə bağlı hələlik dəqiq məlumat olmadığını söyləyib:
"Gəmilərdə sosial məsafəni gözləmək olur. Amma uşaqların istifadə etdiyi attraksionlarda bu qaydalara riayət etmək mümkün deyil. Attraksionlarla bağlı Operativ Qərargah nə qərar verəcəksə, o zaman istifadəyə verəcəyik. Hələlik bulvada atrraksionların istifadəsinə icazə verilmir” – K.İmamverdiyeva "Ölkə.az”a açıqlamasında deyib.
Qeyd edək ki, gəzinti gəmilərinin fəaliyyəti bir müddətdir müşahidə olunsa da, bu barədə rəsmi açıqlama verilməmişdi.
Digər xəbərlər