Saytımızı qiymətləndirin


 
 

7 yaşlı Fəridi öldürən məşqçini gözləyən cəza - Tanınmış vəkil açıqladı
Tarix: 02-05-2023 | Saat: 11:09
Bölmə:Karusel | çapa göndər

7 yaşlı Fəridi öldürən məşqçini gözləyən cəza - Tanınmış vəkil açıqladı

Aprelin 29-da Sumqayıtda 7 yaşlı uşaq idman məktəbində aldığı xəsarət səbəbindən dünyasını dəyişib. 2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb.

 

Məlumata görə, M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boyunu qırılıb. O, xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən dünyasını dəyişib.

 

Sosial şəbəkələrdə ölkə gündəmində geniş müzakirələrə səbəb olan hadisənin videogörüntüsü yayılıb. Kadrlar hiddət doğurub və 7 yaşlı uşağın ölümünə səbəb olan məşqçinin ağır cəzaya məhkum edilməsi ilə bağlı müxtəlif təkliflər irəli sürülüb. Hətta ona ömürlük həbs verilməsini istəyənlər də var. 

 

Bəs qanunlara əsasən Mehman Xəlilovu hansı cəza gözləyir? Ona qarşı açılmış cinayət işinin maddəsi ağırlaşdırıla bilərmi?

 

 

Mövzu ilə bağlı Qarabaqinfo.az-a danışan tanınmış vəkil Cavad Cavadov bildirib ki, istintaq orqanlarının cinayət işinə başladığı maddə onsuz da ağırdır:

 

"Bildiyimiz kimi, hadisə ilə bağlı video yayılıb. İnsanlar rəylərdə videonun ağrılı olduğunu qeyd edirlər. Görüntü mənə də pis təsir etdi, ona görə də sona kimi baxmadım. Bu hadisəylə bağlı istintaq orqanı 126.3, yəni “qəsdən sağlamlığa zərər vurub, şəxsin ehtiyyatsızlıqdan ölümünə səbəb olduqda” maddəsi ilə işə başlayıb. Düzgün tövsif verilib. Şəxs qəsdən zərər vurur, lakin o qarşısındakını vurduğu zərərlə öldürə biləcəyini düşünmür. Bu maddə kifayət qədər ağırdır. Bu maddəyə görə şəxs 9 ildən 12 ilə qədər azadlıqdan məhrum edilə bilər. Məhkəmə birinci məhkumluq, səmimi etiraf, etirafın olmaması, şəxsin özünü təqsirli bilməməsi kimi halları nəzərə ala bilər".

 

Vəkil vurğulayıb ki, bir daha belə hadisələrin baş verməməsi üçün dövlət qabaqlayıcı tədbirlər görməlidir:

 

"Ümumən son dövrlərdə idman, sağlamlıq komplekslərində cinayətlər artıb. İdman edənlər arasında dava nəticəsində bir-birilərini öldürmə halları kifayət qədər çoxdur. Dövlət tərəfindən bununla bağlı müəyyən nizamlayıcı, qabaqlayıcı tədbirlər görülməlidir. Bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində Xəzər rayonu ərazisində idman seksiyasında baş verən ölüm hadisəsi ilə bağlı zərərçəkmiş mənimlə əlaqə saxladı. O bildirdi ki, təqsirləndirilən şəxs idman seksiyasına bıçaqla gəlib. O, girişdə dedektorların olmaması və digər məsələlərə görə narazılıq bildirib. Mən ona izah etdim ki, məcburi qaydalar yoxdur. Bütün bunlar nəzərə alınmalıdır. Qarşısı alınmalıdır. Bu müəllimlərin kvalifikasiyası, psixoloji durumu, hər şey nəzərə alınmalıdır.  Məsələn, yayılan videodakı müəllimin ola bilsin psixoloji problemləri var. Bütün bunlar dövlət tərəfindən nizamlanmalıdır. Xüsusən də son dövrlərdə idman sağlamlıq komplekslərində qəsdən adamöldürmə hallarının artdığı dövrdə buna ehtiyac var. Onların müəyyən sertifikatı olmalıdır. Dövlət məcburi qaydalar müəyyən etməlidir. Məhz məcburi qaydaların olmaması belə xaotik vəziyyətin yaranmasına səbəb olub".

 

Qeyd edək ki, Mehman Xəlilov hadisədən sonra saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 



Xəbəri paylaş

165 dəfə oxunub.

Digər xəbərlər