Tarix: 18-05-2021 | Saat: 12:21
Bölmə:Karusel / Yazar | çapa göndər
Xalq artisti Flora Kərimova Şuşadan qayıdandan sonra belə deyib: “Daha ölümdən qorxmuram. Ən böyük arzuma çatdım, doğma Şuşama qovuşdum”.
Flora xanım dünən müxbirimizlə söhbət zamanı da təxminən eyni fikirləri səsləndirib: “Həmişə qorxurdum ki, birdən Şuşanı görmədən ölərəm. Ölmədən Şuşanı görmək Allahın lütfüdür”.
Ötən həftə həm də qocaman aktyor Şamil Süleymanlının Şuşa həsrətinə son qoyuldu. Həmin görüntüləri dünən biz də oxucularımıza təqdim etmişdik. Şamil müəllim köhnə tikilini onu müşayiət edən adamlara göstərib belə deyirdi: “Bura bizim evimzidir. Bizim evimizdir...”
Aktyorun oğlunun açıqlaması da maraqlıdır: “Atam 1994-cü ildə Məkkədə olanda Allaha yalvarmışdı ki, ona Şuşada namaz qılmağı nəsib eləsin”.
Allah öz mömin bəndəsini arzusuna çatdırdı. Həmin videogörüntünü şəxsən izləmişəm: Ötən həftə Şuşaya festivala gedən Şamil müəllim məşhur Gövhər Ağa məscidində namaz qılıb Allaha dua edirdi...
28 il yurd həsrətiylə alışıb-yanan adam kimi sizi əmin edirəm: əgər Xalq artisti Şamil Süleymanovdan Şuşayla bağlı təəssüratlarını soruşsanız, belə cavab verəcək: “Sabah ölsəm, bunu özümə dərd etmərəm. Bu dünyadan Şuşa nisgili ilə köçməmək ölməmək kimi bir şeydir”.
Qohumlarımın arasında özü kimi qəlbi də gözəl olan Flora xanımla, hörmətli Şamil müəllimlə həmyaşıd olan ağsaqqallar, ağbirçəklər var. Onların da ən böyük arzusu ölmədən doğulduğu kəndi, ermənilərin xarabalığa çevirdiyi ata yurdunu görməkdir. 88 yaşlı şəhid anasının sözləridir, aradan iki həftə keçməsinə baxmayaraq, hələ də qulaqlarımda səslənir: “Bu gündən sabaha etibarım yoxdur. Mənə bircə dəfə imkan versinlər oğlumun məzarına sarılım...”
Mənə ata yurdumun xarabalıqlarını görmək qismət oldu. İşğal edilmiş rayonlardan olan yüzlərlə jurnalist də bu arzusuna çatıb. Müxtəlif dövlət qurumlarında çalışan neçə-neçə adamın da belə fürsəti olub. Elə tanışım var ki, Cəbrayılın yolunu su yoluna çevirib. Həftənin əvvəlində də, axırında da kəndlərindən selfi edir. Bəs yaxın qohumum, müəllimlər müəllimi Kamil Hüseynov nə vaxt ata yurdunu görəcək? Səksən yaşlı bu ağsaqqalın bundan sonra 15-20 il yaşayacağına kim zəmanət verə bilər? Niyə ikinci dərəcəli dövlət qurumlarının üçüncü dərəcəli adamlarının hər həftə getdiyi yolu bir dəfə də Kamil müəllim getməsin?
Mən minalanmış ərazilərdə hansı faciələrin baş verə biləcəyini yaxşı təsəvvür edirəm. Buna görə də ilk növbədə yurd yerlərinin, qəbiristanlıqların yerləşdiyi ərazilərin minalardan təmizlənməsini təklif edirəm. Axı ömrünün qürub çağını yaşayan bu adamlar bulaq başında kabab yeyib araq içmək istəmirlər. Bu adamlar ata yurdunu son dəfə görmək, sonra ayaqlarını uzadıb rahat ölmək istəyirlər. Beş kəndin mərkəzini təmizləmək kivi əkmək üçün 50 hektar ərazini təmizləməkdən daha asan olmalıdır. Bir halda ki, Qarabağ işğaldan azad olunub, deməli, qarabağlılar yurd həsrətiylə dünyadan köçməməlidirlər...
Seymur VERDİZADƏ
Digər xəbərlər