Qarabaginfo.az xəbər verir, bu fikirləri Yenicag.az-a açıqlamasında sahibkarlıqla bağlı hazırkı vəziyyətə münasibət bildirən iqtisadçı Rəşad Həsənov səsləndirib.
Onun sözlərinə görə, zamanında rüşvətxorluq və qeyri-qanuni idarəetmə nəticəsində formalaşan sistemin fəaliyyəti bugünkü gün əhalinin sosial vəziyyətini çətinləşdirib:
“Əvvəlki dövrlərdə iqtisadi idarəetmə ilə bağlı yol verilən yanlışlar pandemiya dövründə özünü açıq şəkildə büruzə verib. Yəni zamanında formalaşdırılan illeqal sahibkarlıq mühiti ümumilikdə ölkənin iqtisadi seqmentlərinə və sahibkarlıq subyektlərinə təsir edib. Hətta əvvəllər idarəetmədə olan insanlar sahibkarlardan müəyyən məbləğdə hesab tələb edirdilər və bu tələbi yerinə yetirməyən sahibkarların fəaliyyətinə mane olurdular. Pandemiya dövründə sahibkarlara dəstək verilməsi üzrə addımlar atılanda artıq leqallaşma istiqamətində də müəyyən işlərin görülməsinə cəhd göstərilib. Qeyd olunan problem valyuta bazarlarında da müşahidə olunur. Valyuta əlçatanlığı ilə bağlı problem geniş miqyas alıb. Vətəndaşlarla yanaşı, sahibkarların da istədikləri qədər valyuta əldə etmək imkanları yoxdur. Əslində leqallaşma cəhdləri müsbət dəyərləndirilə bilər, amma bugünkü vəziyyət tamamilə fərqlidir. Əməkhaqqının aşağı düşdüyü və muzdla çalışanların sayının azaldığı bir vaxtda sığorta yığımları artıb. Bu, çox maraqlı mənzərədir”.
Rəşad Həsənov vurğulayıb ki, əhalinin böyük qisminin öz hüququnu bilməməsi də haqlı olduğu halda üzləşdiyi problemə görə geri çəkilməsinə yol açıb:
“Bu ilin əvvəlində icbari tibbi sığorta və sahibkarlıqla bağlı aqrar sığortanın nisbətən geniş şəkildə tətbiqi, şəhid ailələri və müharibə əlillərinə verilən təqaüdün həcminin artırılması müsbət haldır. Lakin bütün bu proseslər fonunda yanacaq və kommunal xərclərin qiymətinin kəskin şəkildə bahalaşması müşahidə olundu. Bununla yanaşı, orta aylıq əməkhaqqı kəskin şəkildə aşağı düşüb. İşsizlik səviyyəsi isə 7 faizdən yuxarı olub. Əgər iqtisadi idarəetmə ilə bağlı yanaşma dəyişərsə və inhisarçılıq halları aradan qaldırılarsa, iqtisadi böyüməni təmin etmək mümkün olacaq”.