Tarix: 01-05-2021 | Saat: 14:13
Bölmə:Karusel / İdman | çapa göndər
Vətən müharibəsi qazilərindən müəyyən idman növlərinə uyğun olanları paralimpiya hərəkatına cəlb olunub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov məlumat verib. Onun sözlərinə görə, artıq qazilərlə bir neçə görüş keçirilib: "Prezident İlham Əliyevin tapşırığıdır ki, qazilərimizin müharibədən sonrakı həyatlarında irəliləyiş olsun. Biz də bu tapşırıqlardan geri qala bilmərik. Özümüzün xüsusi proqramımız var. Artıq qazilərimizlə bir neçə görüş keçirmişik. O görüşləri elə formatda təşkil edirik ki, qazilərimiz tanınmış idmançılarla görüşür. Onların arasında olimpiya və paralimpiya çempionları var. İdmançılar qazilərə paralimpiya hərəkatına qoşulmalarına dair tövsiyələrini verir, paralimpiyanın onların həyatlarında böyük rol oynamasının mümkünlüyünü bildirirlər. Müəyyən idman növlərinə uyğun olan qazilərimiz var. Onları məhz paralimpiya hərəkatına cəlb etmişik".
İ.Rəhimovun fikrincə, paralimpiyaçı qazilərin sayı getdikcə daha da çoxalacaq: "Əminəm ki, bugünkü qazilərimiz gələcək paralimpiadalarda öz sözlərini deyəcək, Qarabağ savaşında qazandıqları zəfəri, idman sahəsində də təkrarlayacaq, Azərbaycan bayrağını beynəlxalq arenalarda da dalğalandıracaqlar".
MPK prezidenti qazilərin hansısa avadanlıqlarla və əlil arabaları ilə təminatında heç bir problemin olmadığını vurğulayıb: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu layihəni çox uğurla həyata keçirir. Nazir Sahil Babayevlə bir neçə dəfə danışıqlarımız olub. Ən yüksək səviyyədə olan əlil arabaları Azərbaycana gətirilir. Kimin ehtiyacı varsa, nazirlik tərəfindən təmin olunur".
Digər xəbərlər