Saytımızı qiymətləndirin


 
 

Çernobıl əlillərinə yeni mənzillər təqdim olundu
Tarix: 26-04-2021 | Saat: 16:53
Bölmə:Karusel / Sosial | çapa göndər

Çernobıl əlillərinə yeni mənzillər təqdim olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ramana yaşayış kompleksində 30 mənzil Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan vətəndaşlara təqdim edilib.

Nazirlikdən Qarabaginfo.az-a verilən məlumata görə, Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov iştirak ediblər.

H.Abdullayev bildirib ki, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzadan artıq 35 il ötsə də, bu qəza bəşər tarixinin dəhşətli hadisələrindən biri kimi daim xatırlanır. Həmin qəzanın nəticələrinin aradan qaldırılması işlərində Azərbaycandan da minlərlə şəxs iştirak edərək öz töhfələrini verib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hələ 1993-cü ildə "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanun qəbul edilib, həmin vətəndaşların sosial müdafiəsi işlərinin əsasları formalaşıb.

Nazir müavini Prezident İlham Əliyev tərəfindən Çernobıl əlillərinə xüsusi qayğı göstərildiyini vurğulayıb. Qeyd edib ki, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Prezidentin aylıq təqaüdü də verilir. Onların müalicəsi məqsədilə hər il onlara birdəfəlik müavinət də ödənilir.

H.Abdullayev həmçinin Nazirlik tərəfindən Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan vətəndaşların mənzil və minik avtomobilləri ilə təminatının həyata keçirildiyini deyib. Hazırda da bu tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, cənab Prezidentin Sərəncamı ilə bu il 3 min, ümumən 2021-2025-ci illərdə 11 min mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə veriləcək. Keçmiş məcburi köçkünlər üçün tikilən yaşayış komplekslərindən mənzillər müharibə əlilləri və şəhid ailələrinə verilir, o cümlədən bu mənzillərdən 30 mənzil bu gün Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə də təqdim olunur.

Beləliklə, bu ilin planı üzrə artıq 330 mənzil, indiyədək isə 9530 mənzil və fərdi ev şəhid ailələrinə, müharibə əlillərinə, onlara bərabər tutulan vətəndaşlara (onların sırasında Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər də var) təqdim edilib.

M.Həsənov Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərinin ümumən bəşəriyyətin xilasına xidmət etdiyini vurğulayıb, bu işlərdə həmvətənlərimizin iştirakından, ölkəmizdə Çernobıl əlillərinə göstərilən dövlət qayğısından bəhs edib.

Yeni mənzillə təmin olunan Çernobıl əlilləri onlara göstərilən yüksək qayğıya və bu gün mənzillə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.



Xəbəri paylaş

1351 dəfə oxunub.

Digər xəbərlər