Saytımızı qiymətləndirin


 
 

“Laçın dəhlizinin ağzını bağlayıb rusları və erməniləri “küp”ün içinə yığmaq lazımdır...”
Tarix: 12-04-2021 | Saat: 12:15
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Laçın dəhlizinin ağzını bağlayıb rusları və erməniləri “küp”ün içinə yığmaq lazımdır...”
Rusiya hərbçilərinin dəhliz boyu  qurduğu postların ətrafında biz də Türkiyə hərbçiləri ilə birgə postlar yerləşdirməliyik...”
 
Rusiyanın  Azərbaycan torpaqlarına “sülhməramlı” adı altında yeridilmiş hərbi birləşmələri artıq 5 aydır ki,  öz rəsmi missiyalarından kənar humanitar, iqtisadi-sosial, inzibati və s. məsələlərə də müdaxilə edirlər. Bu günlərdə rus zabitləri Qarabağın ermənilər yaşayan məntəqələrində təhsil məsələlərinə də qarışmağa, məktəblilərlə görüşlər keçirərək faşizm üzərində qələbənin 76-cı ildönümü ilə bağlı tarixi faktların  öz bildikləri kimi təbliğinə, ərazimizdəki  həmin tarixə həsr olunmuş abidələrin bərpasına da başlayıblar...  
Bütün bunlara rəğmən Ali Baş Komandanın çıxışlarında bir neçə dəfə Rusiya hərbçilərinin bəzi davranışlarına, xüsusən Ermənistanla sərhədimizin Laçın dəhlizindəki hissəsindən Azərbaycan ərazisinə qəsbkar ölkənin rəsmilərini buraxmalarına iradları istisna, Azərbaycan dövləti tərəfindən sülhməramlı kontingent rəhbərliyinə və ya birbaşa Moskvaya heç bir ciddi rəsmi etiraz bildirilməyib. Bəs ölkəmizin suverenliyini kölgə altına salan bu proseslər nə vaxta qədər belə qaydada davam edəcək?.. 
 
Qarabaginfo.az xəbər veirir ki, bu və ya digər suallarla bağlı fikirlərini Moderator.az-a açıqlamasında Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyasının rəhbəri,  politoloq Sülhəddin Əkbər ifadə edib.
 
“Əvvəla, onu deyim ki, Qarabağdakı “sülhməramlılar” adlanan  Rusiya hərbçiləri əslində elə öz gerçək  missiyalarını yerinə yetirirlər. Çünki Rusiya hakimiyyəti kimi, Rusiya ordusu və hərbçiləri də heç bir keçmiş  sovet respublikasını müstəqil dövlət kimi tanımır və həmin ölkələrin ərazisinə öz torpaqları kimi baxırlar. Ələlxüsus da Ermənistana və dırnaqarası “Dağlıq Qarabağ Respublikası”na... Mən deməkdən yorulmuram ki, Cənubi Qafqaz və Azərbaycana erməniləri gətirən də, burada erməni dövlətini yaradan da, bu günə qədər onun ərazisini genişləndirməyə çalışan da, bunun tərkib hissəsi olaraq “Dağlıq Qarabağ” süni problemini ortalığa atan da Rusiyadır. Onlar Qarabağa öz əraziləri kimi baxırlar. Bunu birdəfəlik anlamaq lazımdır... Odur ki, hazırda Azərbaycan ərazilərində olan Rusiya hərbçilərinin davranış və əməllərinə gerçək qiymət vermək üçün də məsələyə məhz bu prizmadan yanaşmaq gərəkdir. 
Bəli, Rusiya hərbi kontingenti  Ermənistana da, eləcə də erməni-rus birliyinin nəzarətində qalan Azərbaycan ərazilərinə öz torpaqları kimi baxırlar. Və orada  da buna uyğun davranırlar. Bunun əksini gözləmək anormallıq olardı... Bəs bu nə vaxta qədər davam edəcək? O vaxta qədər ki,  Rusiya zəifləməyib və “yaxın xaric” adlandırdığı postsovet məkanından öz ordusunu çıxarmağa məcbur olmayıbdır. Biz də bunu tezləşdirməliyik. Bunu tezləşdirməyin yolu da hazırda Rusiyaya qarşı yaranmaqda olan koalisiya ilə birgə hərəkət etməkdir. 
 
“Yəni, belə çıxır ki,  Azərbaycan təkbaşına Rusiya ordusunun qanunsuz davranış və əməllərinə təpki göstərə bilməyəcək?”  sualını da politoloq özünəmxəsus şəkildə cavablandırıb.
 
“Bəli,  təkbaşına buna bizim gücümüz çatmaz. Bunu etiraf etmək gərəkdir. Ona qədər biz  yalnız başda qardaş Türkiyə olmaqla  ikinci Qarabağ savaşında bizə dəstək verən qüvvələlərlə birgə hərəkət etməliyik.  Burada geopolitik oyunçu Böyük Britaniyadır, operativ-taktiki oyunçu isə Türkiyədir. Yəni biz Böyük Britaniya, Türkiyə, İsrail və Pakistanla birgə  hərəkət edərək nə qədər mümkündürsə, məhdudlaşdırma siyasəti aparmalıyıq. Heç olmasa, Rusiya-Ermənistan birliyini hazırkı ərazidəki çərçivədən kənara çıxmağa  qoymamalıyıq...  Bunu təmin etmək üçün də mən, artıq bir neçə dəfə söylədiyim kimi,  “Laçın dəhlizi” deyilən ərazi boyu “küp” strategiyasını həyata keçirməyi irəli sürmüşəm” –deyən Sülhəddin Əkbər sözügedən strategiyanın niyə məhz belə adlandırılmasını da izah edib.
 
“Bu, ona görə belə adlandırılıb ki, Azərbaycanın birbaşa nəzarətində olmayan ərazimizin ağzı, yəni Ermənistanla Laçındakı sərhəd hissəsi açıq şəkildə Ermənistana tərəf baxır və oradan ermənilər də, digər əcnəbilər də Azərbaycanın nəzarəti olmadan  Qarabağdakı torpaqlarımıza keçirlər. Bu “küp”ün boynu Laçın dəhlizi, gövdəsi isə rus-erməni birləmələrinin nəzarətində qalan keçmiş Dağlıq Qarabağ ərazisinin bir hissəsidir. Rusiya hərbi kontingentinin rəsmi missiyasından kənar davranışlarının və eləcə də Ermənistanın təxribat və gizli planlarının qarşısını almaq üçün  biz onları dediyimiz “küp”ə yığıb ağzını bağlamalıyıq. Yəni, söhbət ilk növbədə Laçın dəhlizinin Ermənistana açılan ağzındakı 5 km-lik sərhədi bağlamaqdan gedir. Çünki həmin sərhəd zolağı, Rusiyanın özünün də tanıdığı kimi, Azərbaycanın beynəlxalq hüquq əsasında tanınan sərhədidir. Və orada, digər sərhəd-keçid məntəqələrimizdə olduğu kimi, bizim sərhəd və gömrük xidmətimiz, eləcə də polis və digər xidmətlərimiz də fəaliyyət göstərməlidir. Sülhməramlılar da orada müşahidə və nəzarət funksiyasını yerinə yetirə bilərlər.  Bir sözlə, əgər biz Ermənistanla bu strateji sərhəd qapısından kimin girib-çıxdığını, oradan ərazilərimizə nələrin soxulduğunu, aparıldığını görməsək, rus-erməni birliyinin nəzarətində qalan o hissəyə nəzarət edə bilməyəcəyik və gördüyümüz digər işlərin də heç bir faydası olmayacaq...
 
İkincisi, bütün perimetr üzrə, yəni həm “küp”ün boynu, həm də gövdəsi boyu Türkiyə və  Azərbaycanın hərbi postları qurulmalıdır. Yəni Rusiya hərbçilərinin dəhliz boyu  qurduğu postların ətrafında biz də Türkiyə hərbçiləri ilə birgə postlar yerləşdirməliyik. Və həmin postlar arasında Türkiyə və Azərbaycan bayraqları daşıyan post-patrul xidməti təşkil edirik. Bunun üçün kimdənsə icazə almağa, kiminləsə razılıq imzalamağa ehtiyac yoxdur. Bunu Türkiyə ilə Azərbaycan arasında, sadəcə, bir protokol imzalamaqla  da  həll etmək olar..
 
Üçüncü vacib məsələ isə özümüzün həmin “küp”içinə sərbəst daxil olmağımızdır. Yəni, artıq biz Rusiya-erməni birliyinin nəzarətində qalan ərazidəki bütün kommunikasiyaların açılmasını tələb etməliyik. Necə ola bilər ki, biz düşmən Ermənistanla dövlətlərarası kommunikasiyaları açmaq üçün danışıqlar aparırıq, buna hazırlıq görürük, amma ölkəmizin öz daxilində, öz ərazimizdə kommunikasiyalar bağlı qalır? Əgər barış olacaqsa, ilk növbədə keçmiş Dağlıq Qarabağ ərazisindən keçən  yollar açılmalı deyilmi? Mən nəyə görə Ağdamdan  Şuşaya yaxın yolla, yəni Əsgəran-Xocalı-Xankəndi yoluyla yox, Füzulidən getməliyəm? Yaxud nə üçün biz Kəlbəcərə  dağ relyefi xeyli az olan Tərtər-Ağdərə yolundan keçməklə yox, Murovun sərt və qarlı aşırımlarını aşaraq getçəliyik? Rusiya bunların bilərəkdən nəyə görə qarşısını alır?..
 
Və dördüncüsü,  biz sürətlə əhalimizi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və s. ərazilərinə köçürməliyik. Nəzərə almaq gərəkdir ki, həmin ərazilərdə ermənilər kompakt yaşadıqları üçün oraları çox minalamayıblar, minaladıqları yerləri də özləri və Rusiya ordusu təmizləyib. Bu köçürməni, o cümlədən digər deyilənləri də həyata keçirmək üçün BMT ilə və ABŞ başda olmaqla Rusiya ordusunun Azərbaycandan çıxmasında maraqlı olan bütün azad dünya ilə birgə işləməliyik...”- deyə politoloq vurğulayıb.


Xəbəri paylaş

1336 dəfə oxunub.

Digər xəbərlər