Saytımızı qiymətləndirin


 
 

Laçın-Şuşa yoludakı döyüşün ŞƏHİD LEYTENANTI
Tarix: 11-04-2021 | Saat: 20:52
Bölmə:Karusel / Qarabağ | çapa göndər

2020-ci ilin 27 sentyabr - 9 noyabr tarixlərini əhatə edən və torpaqlarımızın işğalına son qoyulması ilə başa çatan Vətən müharibəsində Azərbaycanın yeni nəsil zabitləri də şərəfli döyüş yolu keçərək, öz şücaətləri, peşəkarlıqları ilə unudulmayacaq bir tarix yazdılar. Həmin zabitlərin sıralarında Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yetirmələrinin olması da qürurverici faktdır.


Leytenant Məmmədov Qəzənfər Habil oğlu Vətən müharibəsində Daxili Qoşunların şəhid olan zabitlərindən ən kiçik rütbəlisidir.

O, 23 avqust 1996-cı ildə Gəncə şəhərində anadan olub. Habil Məmmədov və Yeganə Məmmədovanın qurduğu ailənin iki oğul övladından biri və kiçik qardaşı Əlidən bir yaş böyük olan Qəzənfərin orta məktəb illərinin müəyyən hissəsi Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçib. Moskvadakı 363 saylı tam orta məktəbdə 5-ci sinfə qədər oxuyub. Sonra Gəncə şəhərindəki Mikayıl Müşfiq adına 14 saylı tam orta məktəbdə təhsilini davam etdirib. Ailəsinin verdiyi məlumata görə, Qəzənfər hər iki məktəbdə tədris olunan fənlər üzrə əla qiymətlər alıb. Riyaziyyat və tarix fənlərinə daha çox maraq göstərib. Öz dünyagörüşünün artırılması yönündə daim çalışıb. Müxtəlif mövzularda kitabların mütaliəsinə xüsusi diqqət yetirib. Orta məktəbin ictimai həyatında da fəal olub. Müəllimlərinin və yoldaşlarının hörmətini qazanıb.


Qəzənfər yeniyetməlik yaşlarından idmanın basketbol növü ilə məşğul olub, yarışlarda uğurla iştirak edərək medal, fəxri fərman və diplomlarla mükafatlandırılıb. Ümumilikdə, Qəzənfərin xarakterinin formalaşmasında sağlam həyat tərzi, idman və təhsil kimi amillər vacib rol oynayıb. Hansı kollektivin üzvü olubsa, orada onun təşkilatçılıq, liderlik, etibarlı yoldaşlıq, dürüstlük, xeyirxahlıq cəhətləri özünü büruzə verib.


Vətənpərvərlik əqidəsinin daşıyıcı olması, hərbi qulluqçulara rəğbət bəsləməsi Qəzənfərin peşə seçiminə təsirsiz qala bilməzdi. O, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfli ömür yolunu Vətən naminə fədakarlığın təzahürü kimi özünə örnək bilirdi.


2014-2018-ci illərdə Qəzənfər Daxili Qoşunların Ali Hərbi Məktəbində hərbi təhsil alıb. 4 il kursant olaraq hərbi peşənin sirlərinə, zabit üçün gərək olan biliklərə və praktiki bacarıqlara yiyələnib. Ali Hərbi Məktəbdə də tədris və təlimdə fəallığına görə müsbət xarakterizə olunub. Onun Ali Hərbi Məktəbin məzunu olaraq leytenant poqonları taxdığı gün həyatının ən sevincli günlərindən biri idi. Özü də Qəzənfərin adı Ali Hərbi Məktəbin ilk buraxılış heyəti məzunlarının siyahısındadır. Daxili Qoşunların layiqli yetirməsi kimi hərbi xidməti dövründə bu etimadı doğruldub.


2018-ci ilin iyun ayından etibarən leytenant Q.Məmmədov qoşunların Bakının Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsinə göndərilib, burada xüsusi vasitələrin tətbiqi dəstəsinin xüsusi vasitələrin tətbiqi bölməsində qrup komandiri vəzifəsinə təyin edilib. Komandiri olduğu qrupun şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi istiqamətində öz zəhmətini əsirgəməyib. Tabeliyindəki hərbi qulluqçuların təlim-tərbiyəsi prosesində təcrübəli komandirlərin tövsiyələrinə diqqətlə yanaşıb. O, bir komandir kimi şəxsi heyətə həmişə qayğı göstərib, hərbi kollektivdə birliyin qorunub saxlanılmasında öz məsuliyyətini düzgün dərk edib. Bununla yanaşı, Qəzənfər komandiri olduğu hərbi qulluqçulara fərdi söhbətlər zamanı, nəzəri və praktiki məşğələlərdə vətənpərvərlik əqidəsi aşılayıb. Onları qarşıya qoyula biləcək istənilən döyüş tapşırığının yerinə yetirilməsinə hazırlayıb.


Vətən müharibəsinin başlaması xalqımız və dövlətimiz üçün çətin bir sınaq olsa da, vətəndaşlarımız Respublika Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətənin müdafiəsi, işğal edilmiş ərazilərimizin qurtuluşu naminə birləşərək səfərbər olundular.


Döyüşlərin getdiyi ilk günlərdən Daxili Qoşunların şəxsi heyəti də ön cəbhədə düşmənə qarşı qətiyyətlə vuruşub.


Leytenant Q.Məmmədov “N” saylı hərbi hissədən döyüş bölgəsinə ezam edilən hərbi qulluqçulardan biri kimi tabeliyindəki döyüşçülərlə birgə ayrı-ayrı istiqamətlərdə təcavüzkarlara tutarlı zərbələrlə cavab verib. Füzuli, Xocavənd rayonlarının ərazilərində və Şuşa ətrafında döyüşlər zamanı Qəzənfər qorxmaz zabit, yenilməz iradəyə malik komandir kimi hərbi qulluqçulara inamla rəhbərlik edib.


Zabitlə birgə döyüş yolu keçmiş “N” saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Xəyal Yaşılov, baş əsgər Bəxtiyar Həsənov və əsgər Elvin Qurbanəliyevlə telefonla ətraflı söhbətimiz oldu. Onlar Qəzənfər haqqında kədər hissi ilə danışdılar, onun hər bir döyüşçüyə komandirdən çox qardaş münasibəti göstərdiyini söylədilər.

Qeyd etdilər ki, zabit döyüş tapşırıqlarını peşəkarcasına yerinə yetirməklə yanaşı, döyüşçülərin həyatını mümkün olduğu dərəcədə qorumaq barədə də düşünürdü. Təhlükəli anlarda ruh düşkünlüyünə yol verilməməsi üçün silahdaşlarını öz güclərinə inanmağa çağırırdı. Cəsurluğu, döyüş şəraitinin ortaya çıxardığı çətinliklərə sinə gərməsi ilə digərlərini də irəli getməyə ruhlandırırdı. Məlumat verildi ki, Şuşaya doğru hərəkət edərkən dağlıq-meşəlik ərazi ilə uzun məsafəli yol qət edilib, düşmənin bəzi postlarından yan keçməyi bacarsalar da, bir neçə dəfə pusquya da düşüblər. Ancaq düşmənin atəş nöqtələrini susduraraq pusqudan çıxıblar. Şuşa uğrunda döyüşlərdə şəhərin ətrafındakı mühüm mövqelərin ələ keçirilməsi əsas hədəflər olub. Laçın-Şuşa yolunu nəzarətə götürməyə, bununla düşmənin bu istiqamətdən hərəkətini kəsməyə imkan verən əlverişli yüksəkliyin alınması və saxlanmasında leytenant Q.Məmmədovun komandiri olduğu qrupun şəxsi heyəti də fərqlənib. Düşmənin həmin yüksəkliyi geri almaq və yolu açmaq cəhdlərinin qarşısı alınıb, o, həmin həmlələr zamanı geri oturdulub.


Silahdaşlarının bildirdiklərinə görə, yuxarıda qeyd edilən yüksəklik erməni işğalçıları tərəfindən bir neçə gün tank, top və minaatanlardan şiddətli atəşə məruz qalıb. Noyabrın 6-dan 7-nə keçən gecə leytenant Q.Məmmədov yaxınlığında partlayan mərminin qəlpələrindən ağır yaralanaraq şəhid olub. Noyabrın 9-dək şəhidin cəsədi döyüş zonasından çıxarılıb.


3 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən şəhidin ailəsinə verilən ölüm haqqında şəhadətnamədə leytenant Q.Məmmədovun döyüşdə həlak olduğu tarix 09.11.2020-ci il göstərilib.


Şəhid hərbi qulluqçumuz 12.11.2020-ci ildə Gəncə şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub.


Məlum olduğu kimi, noyabrın 8-də Şuşanın işğalına son qoyulub, noyabrın 10-da isə döyüşlərin dayandırılması barədə üçtərəfli bəyanat qüvvəyə minib. Azad Şuşaya qədəm basmaq və müharibənin başa çatmasının şahidi olmaq Qəzənfərin qismətinə yazılmayıb.


Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il, 25 dekabr 2020-ci il və 29 dekabr 2020-ci il tarixli sərəncamları ilə leytenant Q.Məmmədov ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.


Gəncədə fəaliyyət göstərən “Kəpəz” televiziya kanalı tərəfindən şəhid zabitimizə həsr olunan süjet hazırlanıb.


Qəzənfərin məzunu olduğu Gəncədəki 14 saylı tam orta məktəbin kollektivi onun adının əbədiləşdirilməsi təşəbbüsünü irəli sürüb.


Döyüşçü yoldaşının mobil telefonla ön cəbhədə çəkdiyi videoda Qəzənfər nikbin ovqatla müharibədən sağ-salamat və başı uca qayıtmaq arzusunu söyləyir. Həmin videoda döyüşçülər “Allah xalqımızı qorusun! Qarabağ Azərbaycandır!”- deyə səslənirlər. Bu videoya, habelə döyüşçülərin şəkillərinə baxaraq düşünürəm ki, Qəzənfər kimi igidlərin müharibədə keçdikləri sınaqları jurnalistikamız, bədii ədəbiyyatımız, kinematoqrafiyamız dolğun işıqlandıracaq, qeyd edilən mövzu tarixləşdirmək baxımından daha dərindən tədqiq olunacaqdır.


Vətən müharibəsi zamanı azğın işğalçının raketlərlə atəşə məruz qoyduğu və dinc sakinlərini qətlə yetirdiyi Gəncə şəhərində Qəzənfər kimi oğullar daim yetişəcək, Vətənin müdafiəsində onlar da mətin dayanacaqlar.       

 

Allah rəhmət eləsin!

                                                                                                     
Yalçın Abbasov

DİN-in Daxili Qoşunlarının

veteranı, tədqiqatçı-jurnalist



Xəbəri paylaş

1353 dəfə oxunub.

Digər xəbərlər