Tarix: 27-03-2021 | Saat: 15:00
Bölmə:Karusel / Müsahibə | çapa göndər
“Ermənistan anlamalıdır ki, mehriban qonşuluqdan başqa çıxış yolu yoxdur”
Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun APA-nın Moskva müxbirinə müsahibəsi
-Cənab səfir, 15 ildən artıqdır ki, Rusiyada səfir kimi fəaliyyət göstərirsiniz. Son iki ildə isə bütün diplomatik korpusun duayenisiz. Azərbaycanla Rusiya arasındakı münasibətlərin hazırkı dövrünü necə qiymətləndirirsiniz?
- Bu sual bir dissertasiya mövzusudur. Buna qısa cavab vermək mümkün deyil. Amma ümumi desək, Azərbaycan-Rusiya əlaqələri bu gün çox yüksək səviyyədədir. Cənab prezident İlham Əliyev bu yaxınlarda böyük mətbuat konfransında bütün məsələlərə toxundu. Bundan artıq mənim nəsə deməyim artıq olar. Lakin onu deyə bilərəm ki, indiki şəraitdə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının tapşırığına əsasən baş nazirlərin müavinləri iki dəfə görüşüblər. Bundan əlavə, onların onlayn formatda da bir neçə görüşləri baş tutub. Üst-üstə götürsək artıq işçi qrup 4-5 dəfə görüş keçirib. Layihələr hazırlanır, işçi qrupları müəyyən olunur. Problemlər var, təbii olaraq onlar çoxdur. Lakin önəmlisi odur ki, bu iş gedir. Bu dəqiqə ən vacib məsələlər bunlardır.
İki ölkə arasında iqtisadi əlaqələr də inkişaf edir. Arada bu sahədə də problemlər olur. Bir ara pomidor və almaların ixrac olunması ilə bağlı problemlər yaranmışdı. Onlar artıq həll olunub. Bir sözlə Rusiya ilə biz tam tərəfdaş kimi işləyirik. Gündəlik işlərimiz çoxdur. Təbii ki, qonşular arasında hər zaman problemlər ola bilər. Amma bu problemlərin hamısı həll olunan problemlərdir. İki ölkənin ticarət dövriyyəsindəki rəqəmlər artır. Azərbaycanla Rusiya arasındakı münasibətlərdə mən ciddi problem görmürəm.
Rusiya bizim böyük qonşumuzdur. Rusiya ilə sərhədimiz var. Bu regionda Rusiya ən böyük ölkədir. Rusiya ilə münasibətlərimizdə nə etmək lazımdır, buna cənab prezident İlham Əliyev özü istiqamət verir. O ki, qaldı iki ölkə arasındakı gündəlik məsələlərə, hər kəs öz vəzifəsində Rusiyanın önəmini başa düşməlidir və təbii ki, bundan irəli gələn məsələləri həll etməlidir. Bu gün iki ölkə arasında böyük ticarət dövriyyəsi var. Azərbaycandan kənd təsərrüfatı malları əsasən Rusiyaya gəlir. Niyə görə Rusiya ilə münasibətlərimiz pis olmalıdır ki? Bəli, problemlər var. Hər bir qonşu arasında problemlər var. Hər bir ailədə də problemlər olur. Niyə görə biz hansısa mövcud problemləri həll etməməliyik? Ona görə də hesab edirəm ki, Rusiya ilə ciddi, işgüzar, tərəfdaş və dostluq əlaqələri hər zaman olub, var və bundan sonra da bu əlaqələr genişlənməlidir.
- “Diplomatik korpusun duayeni olmağın böyük üstünlükləri var”
Moskva dünyanın siyasi mərkəzlərindən biri hesab olunur. Vətən müharibəsi dövründə Azərbaycanın haqq səsinin müəyyən mərkəzlərə çatdırılmasında xarici ölkələrdəki diplomatlarımızın da üzərinə böyük məsuliyyət düşürdü. Bu baxımdan vətən müharibəsi dövründə Moskvadakı diplomatik korpusun duayeni olmağın hansısa üstünlükləri oldumu?
Diplomatik korpusun duayeni olmağın çox böyük üstünlükləri var. Rusiya Federasiyasına yeni təyin olunan səfirlər bir qayda olaraq diplomatik korpusun duayeni ilə salam-məlek edirlər. Belə bir diplomatik ənənə mövcuddur. Duayen olmaq mənə imkan verir ki, hər görüşdüyüm səfirə Azərbaycanın ədalətli mövqeyini, ölkəmizin haqq səsini bu və ya digər məsələlərdə nə necə olub, onlara çatdırım. Ona görə də, mən hesab edirəm ki, Rusiyadakı diplomatik korpusda tutduğum mövqe çox əlverişlidir. Ümumilikdə götürsək, Moskvada 170-dək səfirlik və beynəlxalq təşkilatların nümayəndəlikləri fəaliyyət göstərir. Tez-tez tədbirlər olur. Diplomatın işi təkcə rəsmi deyil, bəzi qeyri-rəsmi görüşlərdə də iştirak etməkdir. İmkanlar olur ki, sərbəst formada öz fikrini çatdırasan. Təbii ki, diplomatik korpusun duayeni mövqeyindən tam həcmdə istifadə edirik.
“Uzun illər bundan öncə ermənilər Rusiyanın media sahəsində mövqelərə yiyələniblər”
- Cənab səfir, Vətən müharibəsi dövründə Rusiyanın media məkanında anti-Azərbaycan mövqenin şahidi olduq. Siyasi tokşoularda aparıcılar, yerli ekspertlər birtərəfli mövqe sərgiləyirdilər. Bununla belə, əvvəlki dövrlərdən fərqli olaraq, Azərbaycanın da haqq səsi Rusiya ictimaiyyətinə çatdırılırdı. Bir sıra rusiyalı deputatlar, ekspertlər Azərbaycanın ədalətli mövqeyini ifadə edirdilər. Bu barədə nə deyə bilərsiz?
- Rusiya mediasının ermənipərəst mövqe tutmasının əsası Sovet dövründən, Mikoyanın (Anastas Mikoyan. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini-red )vaxtından başlamışdı. Hətta çar Rusiyası dövründə, daha sonra SSRİ vaxtında bizim qonşularımız bu sahənin vacibliyini nəzərə alaraq media sahəsində özlərinə yaxşı mövqelər qurublar. Yenə deyirəm, bu mövqelər bu gün tutulmayıb, çox uzun illər bundan öncə ermənilər bu mövqelərə yiyələniblər. Sizə deyim ki, SSRİ Mərkəzi Komitəsində çoxlu ermənilər işləyirdi. Xüsusi ilə də Mərkəzi Komitənin təbliğat və təşviqat şöbəsində çoxlu ermənilər çalışırdılar. Hansı ki, bu şöbəyə bütün qəzet və televiziyalar tabe idi. Baxın, elə həmin dövrdən onlar bu sahədə dərin kök salmağa başlayıblar. Son zamanlar isə müəyyən gərgin işlər nəticəsində biz heç olmasa öz sözümüzü, haqlı mövqeyimiz çatdıra bilirik. Deyim ki, bizim də bəzi nöqsanlarımız var. Biz çox vaxtı özümüz deyib, özümüz eşidirik, özümüz yazıb, özümüz oxuyuruq. Hesab edirəm ki, Azərbaycan öz haqq səsini daha da böyük auditoriyalara çatdırmaq üçün bu sahədə indiyə kimi görülən işləri daha da genişləndirməlidir.
“Kim başa düşməyibsə, bir daha Azərbaycan prezidentinin çıxışlarına qulaq assın”
- Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında baş nazirlərin müavinləri səviyyəsində danışıqlar aparılır. Artıq bir neçə görüş Moskvada baş tutub. Ermənistan kommunikasiya xətlərinin açılmasına mane olmağa çalışır. Üçtərəfli bəyanatın zəmanətçisi kimi Moskvanın üzərinə bu məsələdə böyük öhdəliklər düşür. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı.
- Bəli, bayaq da qeyd etdiyim kimi çətinliklər var. Amma burada müsbət hal ondan ibarətdir ki, bu proses gedir. Təbii ki, çətinliklə gedir. Ermənistan cəmiyyəti hələ də qəbul edə bilmir ki, 44 günlük müharibəni uduzub. Erməni tərəfi özlərini uduzan tərəf kimi aparmalıdır. Lakin təəssüflər olsun ki, bunu görmürük. Hər gün mətbuatdan oxuyuruq ki, Ermənistan yenə nəyəsə iddia edir. Məncə, bir az zaman keçməlidir. Ermənistanın kapitulyasiyaya imza atmasından hələ indi 4 ay vaxt keçib. 4 ay belə bir miqyaslı məsələlər, hadisələr üçün çox az bir zamandır. Hesab edirəm ki, müəyyən bir vaxt keçməlidir. Misal üçün, dünən Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın məqaləsini oxudum. O, bir mənalı olaraq deyir ki, Azərbaycan müharibədə qələbə çalıb, Qarabağ Azərbaycanındır və orada yaşayan ermənilər bu nöqtədən bu problemə yanaşmalıdırlar. Bunu Ermənistanın keçmiş XİN başçısı yazıb. Daha sonra, Ermənistanın keçmiş prezidentinin müşaviri olmuş Jirayr Lipartiyan Ermənistanın məğlubiyyətini açıq yazır və bildirir ki, erməni cəmiyyəti bunu anlamalıdır. Ona görə də, bu gün Ermənistan cəmiyyəti, erməni ziyalıları başa düşməlidirlər ki, mehriban qonşuluqdan savayı bunların çıxış yolu yoxdur. Bilirsiz, cənab prezident İlham Əliyev bu barədə mövqeyini açıqlayıb, bu məsələlərə nöqtəni qoyub. Kim başa düşməyibsə, bir daha Azərbaycan prezidentinin çıxışlarına qulaq assın.
“Səfirliyimizin əməkdaşları koronavirusa yoluxdular, çox çətin vəziyyətə düşdük”
- Martın 18-də 1 il tamam oldu ki, koronavirus pandemiyasına görə Rusiya-Azərbaycan sərhədi bağlıdır. Sərhədlərin nə vaxt açılacağı ilə bağlı hansısa məlumat varmı?
- Bəli, artıq 1 il oldu. Bu bir ildə biz nə əziyyətlər çəkdik. Çox çətin idi. Bilirəm ki, narazı olanlar da var. Amma bunu heç kəs gözləmirdi, heç kəs istəmirdi. İndi bunun üstündən bir ilə qədər vaxt keçib, biz indi proseslərə ayrı gözlə baxırıq. Lakin təzə-təzə olanda çox çətinliklər oldu. Çoxu heç, nə baş verdiyini başa düşmürdü. Bu bir il ərzində tək mən yox, səfirliyimizin bütün diplomatları böyük çətinliklərlə qarşılaşdılar. Bildiyiniz kimi, Rusiyada çoxlu azərbaycanlılar yaşayır. Rusiya ilə Dağıstandan keçən quru sərhədimiz bağlandı. O zaman əvvəlcədən bütün diaspora, Rusiyada olan azərbaycanlılara müraciət etdik ki, sərhəd bağlıdır, ora getməsinlər. Bütün bunlara baxmayaraq onlar yenə də sərhəddən keçmək ümidi ilə gedirdilər. İnsanları da başa düşmək olar. İşini itirən, imkanı olmayan insanlar vətənə qayıtmaq istəyirdilər. Həmin dövrdə Dağıstan hökuməti ilə, Azərbaycanla sərhədyanı rayonların icra başçıları hər gün 7-8 dəfə təmas qururdum. Mümkün qədər əlimizdən gələni elədik. Yenə deyirəm, bilirəm ki, narazılıq çoxdur, bəziləri haqlı-haqsız...Narazı olanlar bura da gəlirdilər, səfirliyin işçilərini təhqir edirdilər. Biz incimirdik, başa düşürdük ki, insanlar çox çətin vəziyyətdədirlər.
Burada pandemiyanın birinci dalğası vaxtı təcili tibbi yardım heç xarici vətəndaşlar üçün yardıma gəlmirdilər, xəstəxanaya aparmırdılar. Məsələ ondadır ki, həmin dövrdə burada xəstəxanalarda yer yox idi. Söhbət xəstənin azərbaycanlı, özbək və s. olmasından getmir. Ümumilikdə, pandemiyanın birinci dalğasında vəziyyət çox çətin idi. Çox çətin bir zaman yaşadıq. Allah bir daha göstərməsin ki, bir daha nə vaxtsa, belə günlər olsun. Əlimizdən gələni, nə mümkündür, onu elədik. Nəyi edə bilmədiksə, bizi bağışlasınlar! Çünki bizim hər şeyə gücümüz çatmır. İnanın ki, elə gün olurdu ki, əməkdaşlarımız 20 saat işləyirdi. Daha sonra səfirliyimizin əməkdaşları da koronavirusa yoluxdular. Yoluxma konsulluq idarəsindən başladı. Birinci dalğa gələndə biz konsulluğu bağladıq. Konsulluq ancaq onlayn rejimdə fəaliyyət göstərirdi. Sonra ki, konsulluq açıldı və virus həmin idarədən səfirliyə yayıldı, əməkdaşlarımız xəstələndi. İndi yavaş-yavaş bu problemlər həll olunur. Artıq vaksinasiya başlayıb. Gün o gün olsun ki, koronavirus pandemiyası bitsin və biz normal həyata qayıdaq.
- Sərhədlərin bağlı olduğu, pandemiya ilə əlaqədar məhdudiyyətlərin tətbiq olunduğu dövrdə iki ölkə arasında münasibətlər necə inkişaf edir? İki ölkə arasındakı münasibətlər pandemiya şərtlərinə uyğunlaşıbmı?
- Sərhədlər bağlı olduğuna görə biz çox çətin vəziyyətə düşdük. Rusiyadakı Azərbaycan vətəndaşları vətənə qayıda bilmirdi, Azərbaycandakı Rusiya vətəndaşları isə bura qayıda bilmirdilər. Bu səbəbdən Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycanla işləyən müvafiq departamenti ilə sıx təmasda çalışırdıq. Ayrı vaxtlarda bu cür təmaslar olmurdu. Lakin mövcud problemlərlə bağlı səfirlik olaraq Rusiya XİN-lə sıx təmasda idik. Çalışırdıq ki, Azərbaycana və Rusiyaya qayıtmaq istəyən vətəndaşların problemlərini birlikdə həll edək.
“İnanırdım ki, biz Şuşanı geri alacağıq. Lakin bir fikir məni boğurdu ki, mən bu anı görəcəyəm, ya yox”
- Polad müəllim, Vətən müharibəsi bitəndən sonra Siz Şuşaya səfər etdiniz. Şuşa Ermənistanın işğalı altında olan zaman da ora səfər etmişdiniz. Bu iki Şuşa səfərinin sizdə yaratdığı təəssüratlar barədə danışmağınızı istərdik.
- Azərbaycanda mən bəlkə də yeganə adamam ki, Şuşa şəhəri işğal altında olanda iki dəfə orada olmuşam. O zaman biz inanırdıq ki, belə görüşlər münaqişənin sülh yolu ilə həllinə kömək edəcək. Lakin bu baş vermədi. Bununla belə, həmin görüşlər imkan verdi ki, mən 2007 və 2009-cu ildə Şuşada atamın evində olum. Təbii ki, bu çox çətin idi. Ata evinin dağıldığını, vəhşiliklər edildiyini görmək çox ağır idi. Atamın büstünü də dağıtmışdılar. Birinci dəfə ora səfər edən zaman Fərhad Bədəlbəyli də bizimlə idi. O zaman Fərhad özünü saxlaya bilmədi, hönkürtü ilə ağladı. İndi də bu haqda danışanda özümü güclə saxlayıram. Allaha şükürlər olsun ki, hörmətli prezidentimiz, Ali Baş komandanımızın rəhbərliyi ilə müzəffər ordumuz böyük tarixi qələbə çaldı. Artıq Şuşa bizimdir. İndi yeni bir səhifə açılır. İnanıram ki, Natəvanın, Bülbülün, Üzeyir bəyin, Süleyman Ələsgərovun, Əfrasiyab Bədəlbəylinin də ruhu şaddır. Bütün şuşalıların ruhları narahat idi.
Fürsətdən istifadə edib bir tarixçəni da danışmaq istəyirəm. Bu Şuşada güllələnən abidələrimizlə bağlıdır. Cənab prezident Şuşada olan zaman bu barədə danışdı. Mən mədəniyyət naziri olan zaman təsadüfən həmin abidələr barədə xəbər tutdum. O zaman əvvəlcə təkcə Bülbülün heykəli barədə mənə bildirmişdilər. Sonra mən Gürcüstana adam göndərdim. Məlum oldu ki, bu Şuşadakı abidələrdir. Bülbüllə yanaşı, Üzeyir bəy və Natəvanın abidələri də orada idi. Mən, bu məsələni ümummilli liderimiz Heydər Əliyevə məruzə elədim. O da dərhal lazımi göstərişlər verdi və tam məxfi olaraq əməliyyat keçirildi və bu abidələr Bakıya gətirildi. Çox maraqlıdır ki, birinci dəfə Heydər Əliyev bu abidələrə baxış keçirən zaman mənə dedi ki, vaxt gələcək biz bu abidələri necə var, elə də Şuşaya qaytaracağıq. Gələcək nəsillər bunları görsün, bilsin ki, bu hadisələr necə baş verib. Gün gəldi, onun oğlu, cənab prezident İlham Əliyev bu tapşırığı icra elədi. Özü bu abidələri Şuşaya apardı və öz yerlərinə qoydu. Bilirsiz, bu böyük bir tarixdir, bir dastandır. Allah nəsib elədi ki, biz bu günləri gördük.
Mən inanırdım ki, biz Şuşanı geri alacağıq. Lakin bir fikir məni boğurdu ki, mən bu anı görəcəyəm, ya yox. Qəlbən inanırdım ki, həmin gün gələcək. Vətən müharibəsindən sonra Şuşaya səfər edən zaman oradakı əsgərlərimizin hər birini qucaqlayıb öpmək istəyirdim.
Şuşaya səfərimiz iki gün qara görə gecikmişdi. Şuşaya qar yağmışdı. Mənzərə elə bil yuxu kimi idi. Cıdır düzündə ağappaq qar və günəş...Elə bildim yuxudayam. Fərhada (Fərhad Bədəlbəyli-red) dedim ki, məni cımcıxlasın, bəlkə yuxu görürəm. A dam elə bilirdi ki, ayılar, sonra görər ki, bunların hamısı yuxu imiş. Çox gözəl anlar yaşadım Şuşada...Əsgərlərlə görüşdük, söhbət etdik.
“Bülbülün evinin bərpa layihəsi artıq hazırdır”
- Artıq Şuşada ata mülkünüzün, dahi Bülbülün evinin təmirinə başlayırsız. Bununla bağlı planlarınız barədə danışmağınızı istərdik.
- Mən fürsətdən istifadə edib cənab prezidentə öz dərin təşəkkürümü bildirirəm ki, Bülbülün evinin bərpasını mənə tapşırıb. Bunu başqa adama da tapşıra bilərdi. Lakin cənab prezident lazım bildi, bunu mənə tapşırdı ki, bu da mənim arzum idi. Şuşaya səfər edəndə özümlə memar Rizvan Bayramovu da aparmışdım. O, mən, mədəniyyət naziri olan zaman Mədəniyyət Nazirliyində Abidələrin qorunması və bərpası İdarəsinin rəisi olub. Çox gözəl bir peşəkardır. Mən ondan xahiş elədim, bir yerdə, bir maşında Şuşaya getdik. Daha sonra Rizvan Bayramov bir dəfə də mənsiz Şuşaya getdi. Necə deyərlər, hər şeyi ölçdü, biçdi. Artıq Bülbülün evinin bərpa layihəsi hazırdır. Hər bir xırda detalına kimi layihə hazırlanıb. Bilirəm ki, Bülbülün evinin bərpası ilə bağlı könüllü memarlar da öz layihələrini hazırlayıblar. Onlara çox minnətdaram. Çox sağ olsunlar. Prezidentin tapşırığına əsasən, bu layihə artıq hazırdır. İndi bu layihənin razılaşdırılması prosesi gedir. Daha sonra biz işə başlayacağıq. İnanıram ki, çox qısa zamanda Bülbülün evi, daha doğrusu ev muzeyi bərpa olunacaq və muzey kimi fəaliyyətə başlayacaq. Bu il ərzində bərpa işlərini tamamlayacağıq. İnanıram ki, Şuşanı çox yaxşı gələcək gözləyir. Bilirsiz ki, mən mədəniyyət naziri olanda “Xarı bülbül” festivalını təşkil etmişdim. Birinci festival 1989-cu ildə Şuşada keçirilmişdi. Sonra məlum hadisələr elə cərəyan elədi ki, 1990-91-ci illərdə festivalı Ağdamda, Bərdədə keçirtdik, Şuşaya qalxmağa imkan vermədilər. Artıq cənab prezidentin göstərişi də var. İnanıram ki, “Xarı bülbül” festivalı yeni üslubda, bugünkü tələblərə uyğun yenə keçiriləcək və dünyada tanınmış bir festival olacaq.
- Cənab səfir, bizə vaxt ayırdığınıza görə sizə təşəkkürümü bildirirəm!
- Siz sağ olun! Mən də fürsətdən istifadə edən sizin oxucuları və bütün Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edirəm!
Digər xəbərlər