Tarix: 17-06-2026 | Saat: 10:20
Bölmə:Karusel / Siyasət | çapa göndər
Azərbaycan dost dövlətlərlə birgə investisiya platformalarının yaradılması təcrübəsini ardıcıl şəkildə inkişaf etdirir.
Qarabaginfo.az xəbər verir ki, bunu Baş nzzir Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda çıxışında bildirib.
“Ötən il Azərbaycan Birinci Beynəlxalq İnvestisiya Forumunu keçirməklə investisiya dialoqu üçün öz beynəlxalq platformasını yaradıb. Forum investorlar, biznes nümayəndələri və beynəlxalq maliyyə institutları tərəfindən yüksək maraqla qarşılanıb. Bu uğurun məntiqi davamı olaraq cari ilin sentyabr ayında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək. Fürsətdən istifadə edərək bütün tərəfdaşlarımızı həmin forumda iştirak etməyə dəvət edirik”, - deyə Baş nazir bildirib.
Əli Əsədov qeyd edib ki, bu gün dünya iqtisadiyyatının transformasiyası şəraitində beynəlxalq investisiya əməkdaşlığının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir: “Bu kontekstdə maliyyə resurslarının səmərəli şəkildə birləşdirilməsini və strateji əhəmiyyətli layihələrin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasını təmin edən birgə investisiya fondları mühüm alət kimi çıxış edir. Məhz bu yanaşmadan çıxış edərək Azərbaycan dost dövlətlərlə birgə investisiya platformalarının yaradılması təcrübəsini ardıcıl şəkildə inkişaf etdirir. Xüsusilə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanla təsis edilmiş birgə investisiya fondları artıq bu gün iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi və perspektivli sahələrə investisiyaların cəlb olunması üçün təsirli mexanizm rolunu oynayır”.
Baş nazir nəzərə çatdırıb ki, son iyirmi il ərzində ölkə iqtisadiyyatına 350 milyard ABŞ dollarından artıq investisiya yatırılıb ki, bunun da təxminən yarısı xarici investisiyaların payına düşür: "Ölkədə investor hüquqlarının etibarlı müdafiəsini, investisiyaların toxunulmazlığına təminat verilməsini, kapitalın sərbəst hərəkətini və bazarın bütün iştirakçıları üçün bərabər şərait yaradılmasını təmin edən müasir qanunvericilik bazası formalaşdırılıb. Azərbaycanın mühüm rəqabət üstünlüklərindən biri onun Avrasiyanın əsas nəqliyyat marşrutlarının kəsişməsində yerləşən unikal coğrafi mövqeyidir. Ardıcıl şəkildə həyata keçirilən infrastruktur layihələri ölkəmizi regionun ən mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevirib. Bu gün Azərbaycan müasir nəqliyyat infrastrukturunun, dəniz limanlarının, dəmir yolu və avtomobil magistrallarının inkişafına əhəmiyyətli resurslar yatırmağa davam edir ki, bu da regional əlaqələrin möhkəmlənməsinə və biznes üçün imkanların genişlənməsinə xidmət edir”.
Digər xəbərlər


















