Tarix: 17-06-2026 | Saat: 11:27
Bölmə:Karusel / Siyasət | çapa göndər
Bu gün Azərbaycan və Ermənistan arasında aparılan normallaşma və sülh prosesi Cənubi Qafqazın gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu proses təkcə iki dövlət arasında münasibətlərin bərpasını deyil, həm də regionda sabitlik, təhlükəsizlik, iqtisadi inkişaf və mehriban qonşuluq münasibətlərinin formalaşdırılmasını nəzərdə tutur. Uzun illər davam etmiş münaqişədən sonra davamlı sülhün əldə olunması regionun bütün xalqlarının maraqlarına cavab verir.
Azərbaycan Respublikası 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində beynəlxalq ictimaiyyət tərəfindən tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bununla da beynəlxalq hüququn əsas prinsiplərindən biri olan dövlətlərin ərazi bütövlüyü və suverenliyi təmin olundu. Hərbi-siyasi qələbə əldə etməsinə baxmayaraq, Azərbaycan rəhbərliyi bundan sonra bölgədə yeni qarşıdurmaların yaranmaması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ardıcıl addımlar atdı.
Məhz bu siyasətin nəticəsi olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan 2022-ci ildə Praqada keçirilən görüşdə Azərbaycanın ərazi bütövlüyünü tanıdı və Qarabağın Azərbaycan Respublikasının tərkib hissəsi olduğunu rəsmən qəbul etdi. Sonrakı dövrdə müxtəlif beynəlxalq platformalarda Ermənistan rəhbərliyi bu mövqeyini bir neçə dəfə təkrarladı. 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilmiş görüşdə imzalanan Vaşinqton Bəyannaməsi də tərəflər arasında normallaşma prosesinin davam etdirilməsi istiqamətində mühüm siyasi sənəd kimi tarixə düşdü.
Son bir il ərzində iki ölkə arasında danışıqlar prosesində müəyyən irəliləyişlər əldə olunsa da, hələ də həllini gözləyən məsələlər qalmaqdadır. Ermənistan Konstitusiyasındakı ziddiyyətli məqamlar, İrəvanda qondarma separatçı rejimin nümayəndəliyinin fəaliyyət göstərməsi, bəzi xarici ölkələrin parlamentlərində və siyasi dairələrində erməni revanşizmini təşviq edən təşəbbüslərin irəli sürülməsi, habelə Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş köhnə narrativlərin dövriyyədə saxlanılması normallaşma prosesinə mənfi təsir göstərir.
Son 1 ildə mühüm irəliləyişlərin əldə edilməsi fonunda Azərbaycan tərəfi Ermənistanın 2026-cı il parlament seçkilərinə qədər daxili siyasi vəziyyətini nəzərə alaraq müəyyən məsələlərə daha təmkinli yanaşırdı. Seçkilərin başa çatması ilə sülh prosesinin sürətləndirilməsi və tərəflərin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi daha da aktuallaşıb.
Təəssüf ki, son aylarda Ermənistan hökumətinin bəzi addımları sülh gündəliyi ilə ziddiyyət təşkil edir. Bunun ən bariz nümunələrindən biri 2026-cı il mayın 28-də İrəvanda keçirilmiş hərbi parad oldu. Həmin tədbirdə Ermənistan son illərdə əldə etdiyi müasir hücum xarakterli silah və hərbi texnikaları nümayiş etdirdi. Maraqlıdır ki, Nikol Paşinyan çıxışında etiraf etdi ki, 2022-ci ildə Praqada Azərbaycan və Ermənistanın qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanımasından sonra əvvəllər Ermənistana silah satmaqdan çəkinən dövlətlər bu ölkə ilə hərbi əməkdaşlığa daha açıq yanaşmağa başlayıblar. Ermənistan rəhbərliyi bunu ölkənin guya başqa dövlətə qarşı ərazi iddialarının olmaması ilə izah etməyə çalışsa da, alınan silahların xarakteri bu arqumentlərin inandırıcılığını azaldır. Çünki söhbət əsasən müdafiə deyil, hücum potensialını artıran hərbi sistemlərdən gedir.
Digər diqqətçəkən məqam isə Ermənistanda keçirilən “Silicon Mountains” Beynəlxalq Texnoloji Zirvəsi ilə bağlıdır. İlk baxışdan texnologiya, innovasiya və rəqəmsal inkişaf mövzularına həsr olunmuş beynəlxalq platforma təsiri bağışlayan bu tədbirin seçdiyi əsas şüar ciddi suallar doğurur. Forumun rəsmi şüarı kimi təqdim edilən “We Are Our Mountains - Rising” ifadəsi birbaşa olaraq Xankəndidə yerləşən və uzun illər separatizmin simvollarından biri kimi istifadə edilmiş “Biz və bizim dağlar” abidəsinə istinaddır.
"Biz və bizim dağlar" abidəsi 1967-ci ildə akasiya meşələri qırılaraq qoyulub. Əslində, abidənin erməni tarixi və mədəniyyəti ilə heç bir bağlılığı olmasa da, tarixdə qalmış qondarma rejimin rəsmi simvollarından biri idi və separatçıların gerbində istifadə edilir.
Beləcə, onilliklər ərzində Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş separatçı ideologiyanın rəmzinə çevrilmiş bir simvol - Ermənistanın Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilən beynəlxalq tədbirdə yenidən gündəmə gətirilir. Ermənistan rəsmiləri bir tərəfdən beynəlxalq ictimaiyyət qarşısında sülh və əməkdaşlıq mesajları verir, digər tərəfdən isə keçmiş münaqişənin simvollarını yenidən aktuallaşdırırlar. Bu isə sülh prosesinin ruhuna uyğun gəlmir.
"Biz və bizim dağlar" abidəsi uzun illər ərzində separatizmin və qondarma rejimin əsas simvollarından sayıldığından onun adının beynəlxalq sərginin əsas ideoloji xəttinə çevrilməsi təsadüfi sayıla bilməz. Belə bir addım istər-istəməz revanşist dairələrə siyasi və mənəvi dəstək kimi qiymətləndirilir.
Ən böyük paradoks isə ondan ibarətdir ki, Nikol Paşinyan son illər dəfələrlə Ermənistan cəmiyyətini keçmişin xülyalarından uzaqlaşmağa çağırıb. O, "Real Ermənistan" konsepsiyasını irəli sürərək ölkəsinin gələcəyinin regional əməkdaşlıq, iqtisadi inteqrasiya və qonşularla normal münasibətlərdən keçdiyini bəyan edib. Lakin Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəstəklənən tədbirdə separatizmlə assosiasiya olunan simvollara istinad edilməsi həmin bəyanatlarla praktiki fəaliyyət arasında ciddi ziddiyyət yaradır.
Bu cür addımlar Ermənistan rəhbərliyinin beynəlxalq danışıqlardakı etibarlılığına da mənfi təsir göstərir. Sülh prosesinin həlledici mərhələyə daxil olduğu bir dövrdə köhnə münaqişə narrativlərinin yenidən gündəmə gətirilməsi etimad mühitinin formalaşmasına xidmət etmir. Əksinə, bu, həm regionda, həm də beynəlxalq ictimaiyyətdə Ermənistanın səmimiyyəti ilə bağlı əlavə suallar yaradır.
Ermənistan rəhbərliyi, həqiqətən də, bölgədə sabitlik və sülh tərəfdarıdırsa, o zaman revanşist ideologiyanın simvollarına müraciət etməkdən imtina etməli, keçmişin siyasi mifologiyasına deyil, gələcəyin əməkdaşlıq gündəliyinə üstünlük verməlidir.
Əks halda, beynəlxalq ictimaiyyətə sülh mesajları verərək eyni zamanda separatçı simvolları təşviq etmək Ermənistana baha başa gələ bilər. Bu cür siyasət danışıqlar prosesində etibarlılığa xələl gətirir, Ermənistan rəhbərliyinin nüfuzuna zərbə vurur, regionda formalaşmaqda olan yeni siyasi və iqtisadi əməkdaşlıq mühitinə mənfi təsir göstərir.
Yaxşı olardı ki, Nikol Paşinyan hökuməti tez bir zamanda qarşısında olan “Yol xəritəsi”nə uyğun əməli addımlar ataraq, beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərin icrası ilə məşğul olsun.
Zaur Məmmədov
Prezident yanında İdarəçilik Akademiyasının müşaviri, s.e f.d., politoloq
Digər xəbərlər


















