Saytımızı qiymətləndirin


 
 

Ombudsman DİM-ə müraciət etdi - “Qəbul imtahanları yumşaldılsın”
Tarix: 09-03-2021 | Saat: 11:54
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər

Orta məktəblərdə tədris prosesinin düzgün təşkil edilməməsi, məktəb rəhbərliyinin öz üzərinə düşən vəzifələri qanunla müəyyən edilmiş qaydada icra etməməsi nəticəsində baş vermiş narazılıqlar şikayətlərə səbəb olub.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində bildirilib. Qeyd edilib ki, COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə dərslərin onlayn qaydada keçirilməsi zamanı dövlət uşaq müəssisələrində yaşayan uşaqların təhsil hüququnun təmin edilməsində çətinliklər müşahidə olunub.

 

Bakı şəhərində yerləşən 1, 2 və 3 saylı uşaq evlərində və Şəki Qarışıq Tipli Uşaq Evində uşaqların dərslərini əsasən “Mədəniyyət” kanalında yayımlanan teledərslər vasitəsilə davam etdirdikləri, onlayn dərslərə qoşulmaq üçün zəruri texniki imkanların olmadığı müşahidə edilib. Belə ki, bu müəssisələrdəki kompüter sayı uşaqların sayı ilə uyğunluq təşkil etmədiyi üçün uşaqların növbəli şəkildə dərslərə qoşula bildiyi müəyyən edilib. Mövcud kompüterlərin texniki imkanlarının, habelə internetin sürətinin zəif olması, bəzilərində kamera və qulaqcıqların olmaması çətinliklərə səbəb olub.

 

Başçəkmə həyata keçirilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsində də analoji problemlərin olduğu, uşaqların bu səbəbdən dərslərdən yayındığı müəyyən edilib.

 

Bir qrup abituriyent Ombudsmana müraciət edərək, koronavirus pandemiyası ilə əlaqədar olaraq məktəblərin bağlanması və evlərdə internet olmaması səbəbindən onlayn dərslərə qoşulmaqda və imtahana normal hazırlıqda problemlər yarandığını, nəticədə bütün bu və ya digər səbəblərdən yüksək bal toplaya bilmədiklərini, eyni zamanda imtahan tarixlərinin dəyişdirilməsinin bir çox abituriyentlərin müsabiqə şərtlərinin tələblərini qismən də olsa ödəməməsinə səbəb olduğunu, müsabiqə şərtlərinin yumşaldılması ilə bağlı bir sıra abituriyentlərin Dövlət İmtahan Mərkəzinə müraciət etdiklərini bildirib, yaranmış vəziyyəti nəzərə alaraq onlara köməklik göstərilməsini xahiş ediblər.

 

Qeyd olunanları nəzərə alaraq, Ombudsman problemin həllinə dəstək verilməsi məqsədi ilə Dövlət İmtahan Mərkəzinə müraciət edib.



Xəbəri paylaş

1359 dəfə oxunub.

Digər xəbərlər