Tarix: 06-03-2021 | Saat: 17:24
Bölmə:Karusel / Region | çapa göndər
"YAŞAT" Fondu Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində qəhrəmancasına döyüşən qazilərimizi ümumi müalicələrinin tamamlanması, reabilitasiya və fizioterapiya proseslərinin sürətlənməsi məqsədilə İstanbul şəhərindəki Bağcılar Dövlət Xəstəxanasına yerləşdirib.
Qarabaginfo.az xəbər verir ki, hazırda tibb ocağında biri polkovnik olmaqla Azərbaycan Silahlı Qüvvələrinin 11 hərbçisi müalicə alır. Yaxın günlərdə daha bir qrup qazimiz müalicə ilə əlaqədar İstanbula gələcək.
Bağcılar Dövlət Xəstəxanasının Plastik cərrahiyyə şöbəsinin həkimi, professor Mehmet Bozkurt “Report”a açıqlamasında bildirib ki, Azərbaycandan gələn 11 qazi müharibədə yaralanıblar və onlarda plastik cərrahiyyəyə ehtiyac duyulan qüsurlar var: "Xüsusilə iki qazi sifətindən ciddi yanıq xəsarətləri alıb. Digər qazilərimizdə isə qəlpə izləri və odlu silah xəsarəti var. Hazırda da xəstələrimiz üzərində lazımi əməliyyatları həyata keçiririk, hər birinin müalicəsi uğurla davam edir".
Hazırda xəstəxanada müalicə alan qazilərimizdən biri Çingiz Vəliyev "Report”a açıqlamasında Tərtər rayonunda onurğasından qəlpə yarası aldıqdan sonra müalicəsini davam etdirmək üçün "Yaşat" Fondu tərəfindən İstanbula göndərilib. O, uğurlu əməliyyat keçirdiyini və bütün həkim heyətinin işə məsuliyyətlə yanaşdığını söyləyib.
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının xüsusi təyinatlısı, baş çavuş Əzim Qafarov da İstanbulda müalicə alan qazilərimizdən biridir. O, Kəlbəcər, daha sonra Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Cəbrayılın azad olunması uğrunda döyüşlərdə üç güllə yarası alaraq onurğa sütununu zədələyib: ”Hazırda ümumi vəziyyətim qənaətbəxşdir. İki gün sonra yataq yaralarıma görə əməliyyat olunacağam. Əməliyyatdan sonra ayaqlarıma görə fizioterapiya keçəcəyəm. Daha sonra isə Azərbaycana qayıtmaq planım var. Bu şəraiti bizə yaratdığı üçün Prezident İlham Əliyevə, "YAŞAT" Fondunun rəhbərliyinə və əməyi keçən türk həkimlərə təşəkkür edirəm".
Digər qazimiz Qismət Əliyev “Report”a açıqlamasında İstanbulda yaşayan azərbaycanlıların hər gün ayrı-ayrılıqda onları ziyarət etmək üçün xəstəxanaya axışdığını deyib.
Qeyd edək ki, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva və diplomatik nümayəndəliyimizin digər əməkdaşları qazilərimizi ziyarət edib. Onlara üzərində “Şuşa” yazılmış köynəklər, təşəkkürnamələr və “Xarı bülbül” simvolik yaxa sancaqları təqdim ediblər. (Report
)
Digər xəbərlər