Saytımızı qiymətləndirin


 
 

Bakıda inklüziv məşğulluq sahəsinə həsr olunmuş I beynəlxalq konfrans keçirilib - FOTO
Tarix: 15-10-2026 | Saat: 11:44
Bölmə:Karusel / Siyasət | çapa göndər

Bakıda inklüziv məşğulluq sahəsinə həsr olunmuş I beynəlxalq konfrans keçirilib - FOTO

Bakı şəhərində inklüziv məşğulluq sahəsinə həsr olunmuş I beynəlxalq konfrans keçirilib.

Qarabaginfo.az xəbər verir ki, konfrans çərçivəsində ABŞ, İrlandiya, Fransa, Türkiyə və digər ölkələrdən
tanınmış mütəxəssisləri iştirak edib.

Tədbirdə həmçinin Azərbaycanın aparıcı dövlət qurumları və özəl sektor nümayəndələri inklüziv məşğulluq sahəsində həyata keçirdikləri təşəbbüsləri və uğurlu təcrübələri təqdim edib.

Tədbirin açılış nitqi ilə çıxış edən “Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi və direktoru Aytən Eynalova deyib ki, məşğulluq yalnız sosial məsuliyyət xidməti deyil, həm də insan kapitalının inkişafı, iqtisadi səmərəliliyi və davamlı inkişafın təmin edilməsi məsələsidir:

“İnklüziv məşğulluq yalnız bir təşkilatın, bir şirkətin və ya dövlət qurumunun təşəbbüsü deyil, bu, hamımızın ortaq məsuliyyətidir. Dövlət siyasəti, işəgötürənlərin iradəsi, ailələrin dəstəyi, mütəxəssislərin peşəkarlığı və vətəndaş cəmiyyətinin təşəbbüsləri yerinə yetirildikdə davamlı dəyişiklik yaratmaq mümkündür”.

Milli Məclsiin əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədovun sözlərinə görə, məşğulluq siyasətinin təmin olunması üçün bu gün dövlət tərəfindən həm qanunvericilik çərçivəsində, həm müvafiq dövlət orqanları tərəfindən çoxsaylı tədbirlər həyata keçirilir: “Sosial siyasətimizin də əsas istiqaməti məhz təhsil sahəsi ilə bağlıdır. Uşaqlarımızın, gənclərimizin yüksək səviyyəli təhsillə təmin olunması, təhsil səviyyəsinin artırılması sosial siyasətimizin əsasını təşkil edən məşğulluq siyasətinin təmin olunması ilə nəticələnir”.

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Səbinə Babazadə deyib ki, əlilliyi olan uşaqların təhsili, reabilitasiyası, sosial rifahı və onların inkişafı üçün zəruri şəraitin yaradılması çox vacibdir.

SOCAR Midstream Gas Operations MMC-nin icraçı direktoru Polad Rüstəmov bildirib ki, inklüziv məşğulluq yalnız sosial siyasətin deyil, iqtisadi inkişafın da bir hissəsidir: “Bunun ədalətli imkan yaratmaqla potensialı üzə çıxarmaq məsələsi olduğunu düşünürük. İnsan kapitalının inkişafı davamlı sosial sərmayə üçün uzunmüddətli dəyərin yaradılması prinsipi ilə bağlıdır. Biz inklüzivliyi xüsusi imkan kimi yox, bərabər imkan kimi dəyərləndiririk”.

“AzərGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinin müşaviri Leyla Sadıqova deyib ki, “AzərGold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən uzunmüddətli podratçı şirkətlərin əməkdaşları ilə birlikdə 2 850 nəfər daimi məşğulluqla təmin olunub.

bp Azərbaycanın xarici işlər üzrə rəhbəri Günəş Əliyeva deyib ki, bilik və bacarıqların artırılması, ətraf mühitin qorunması, Azərbaycanın zəngin mədəni irsinin təbliği və icmaların inkişafı Bp şirkətinin fəaliyyətinin əsas istiqamətlərindəndir.

Konfrans çərçivəsində "Mavi Ürəklər" xor və ritm qrupu çıxış edib. Həmçinin “Mənim hekayəm" qısametrajlı filmi nümayiş olunub.

Daha sonra konfransda tərəfdaşların təltifedilmə mərasimi keçirilib.

Qeyd edək ki, tədbir Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, "Regional İnkişaf" İctimai Birliyi və Birgə və Sağlam İctimai Birliyi tərəfindən təşkil olunub. Konfransın baş sponsoru AzerGold QSC, sponsorları isə BP Azərbaycan, AZAL və “AirArabia”dır.

Tədbir Dövlət Məşğulluq Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, SOCAR Midstream Gas Operations eləcə də digər tərəfdaş qurumların dəstəyi ilə həyata keçirilib.

Konfrans panel sessiyalarla davam edib.

Qeyd edək ki, konfrans 15-16 oktyabr tarixlərini əhatə edir.

Xatırladaq ki, dünyanın müxtəlif ölkələrindən tanınmış ekspertləri, dövlət qurumlarını, beynəlxalq təşkilatları, özəl sektor nümayəndələrini, akademik dairələri və vətəndaş cəmiyyəti institutlarını bir araya gətirəcək İnklüziv Məşğulluq Konfransı autizmli və digər əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasının gücləndirilməsi istiqamətində fəaliyyət göstərir.

Konfransın əsas məqsədi inklüziv məşğulluq sahəsində beynəlxalq təcrübənin Azərbaycanda tətbiqini təşviq etmək, dövlət–özəl sektor əməkdaşlığını genişləndirmək, işəgötürənlərin əlçatan və inklüziv iş mühitinin yaradılması istiqamətində maarifləndirilmək, eləcə də autizmli və digər əlilliyi olan şəxslərin dayanıqlı məşğulluq imkanlarının artırılmasına töhfə verməkdir.



Xəbəri paylaş

41 dəfə oxunub.

Digər xəbərlər