Saytımızı qiymətləndirin


 
 

Parlamentdə maaş müzakirəsi, Nəsib bəyin tarixi çıxışı - “Əgər müəllim, ac olsa…”
Tarix: 12-01-2018 | Saat: 10:11
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

"Qarabaginfo" "Modern.az saytının “Azərbaycan Xalq Cümhuriyyəti” ili ilə bağlı növbəti yazısını təqdim edir.

 Bu dəfə, hörmətli oxucu, sizinlə birlikdə, 1919-cu ilin mayına, Cümhuriyyət parlamentinin iclas zalına xəyali səfər edəcəyik. Bilirsiz, niyə? Çünki həmin gün Cümhuriyyət parlamenti qısa tarixinin ən vacib qərarlarından birini qəbul etdi: müəllimlərin maaşını artırdı. Həm də bilirsiz niyə? Çünki hökumətin baş naziri Nəsib bəy Yusifbəyli  (baş nazir ola-ola atasından borca pul istəyən Nəsib bəy) deputatlara imkan verməyərək, hökumətin bütün çətinliklərini göz önünə alaraq, müəllimlərin maaşlarının artırılması üçün tarixi çıxışını etdi. Tələsməyin, öz sonra həmin çxışı da oxuyacaqsınız. Hələlik, görək, iclas necə başlayıb, necə davam etdi?

 

1919-cu il 12 may… Günorta saatları.. Parlamentin sədr əvəzi Həsən bəy Ağayev sayca 36-cı iclası açıq elan edir. Bildirir ki, bu gün müzakirə edəcəyimiz əsas məsələ maarif işçilərinin məvacibi ilə bağlı olacaq.

 

Deputatlar da sanki bunu gözəyirmişlər. Fraksiya üzvləri söz almaq üçün yarışa girir, bir növ. Amma ilk söz Əhməd Cövdətə verilir. Uzun danışıqdan, qərarın müzakirəsinin indiyə qədər niyə ləngidiyini irad tutandan sonra konkret təklifə keçir:

 

“Parlamana da təklif edirik ki, nöqsanla da olsa təcili surətdə qəbul edilsin, müəllimlərin fəna halları təmin edilsin. Bu qanun layihəsinin iki cəhəti vardır: Biri müəllimlərin məvaciblərinin artması, digəri isə “xozyaystvenni” məxariclərin artmasıdır. Dünən maliyyə-büdcə komisyonunun iclasında qət olundu ki, “xozyaystvenni” məxariclər məsələsinə baxılarsa, ola bilər ki, bir iki iclasa qədər məvaciblərə növbə çatmasın. Bu da gec olar. Ona görə də əvvəlcə məvaciblər məsələsinə baxılıb, müəllimlərə tez pul verilsin. Ondan sonra isə idarə məxaricinə baxılar. Xozyayski məxarici məsələsi gələn səfərə qalıb. Bu layihənin üçüncü qiraəti ilə bir yerdə baxılar. Ona görə təklif edirəm ki, təcili olaraq bu layihəyə baxılaraq qəbul edilsin”.

 

Hə, əziz oxucu, onu da qeyd edək ki, Azərbaycan Cümhuriyyətinin parlament stenoqramlarına istinad edərək, deputatların danışıq üslubunu olduğu kimi saxlamışıq. İndi keçək, növbəti natiqə. Həsən bəy sözü daha sonra Hacı Kərim Sanılıya verir:

“Burasını artıq danışmaq istəmirəm ki, elm və oxumaq nə qədər yaxşıdır. Burasını isbat etmək artıqdır. Biz öz uşaqlarımızı müəllimlərə tapşırırıq ki, uşaqlarımızı gələcək Vətən üçün hazırlasın, onların təhti nəzarətində adam olsunlar. Məlumdur ki, Nikolay zamanında müəllimlərə 33 manat 33 qəpik məvacib verilirdi. O zamanın başqa politikası, başqa fikri vardı. Bizim fikrimiz isə büsbütün başqadır. Biz gorürük ki, yaxşı və qabil müəllimlər öz sənətlərini buraxıb başqa xidmətlərə girirlər. Əgər məvacib yaxşı olsa, o zaman bunun əksi olar, Qabil adamlar öz sənətlərini buraxıb müəllimliyə girərdilər. Əbilovun təklif etdiyi 1500 manat da azdır. Məəmafiyə artıq deməyib məndə ona şərik oluram”.

 

Daha sonra danışan əksər parlaman üzvləri maaşlarını 1200-1500 manat civarında olmasını təklif edirlər:

İbrahim Əbilov (sosialist) –“İbtidai məktəb müəllimlərinə 1200 manat təyin olunubdur. Bizim əqidəmizcə vaxtın bahalığına görə 1200 manat müəllimlərə kifayət eyləməz. hamıya məlumdur indiki bahalıqda 1200 manat deyil, 3000 manatla da dolanmaq olmaz. Sosialistlər fraksiyası tərəfindən təklif edirəm, müəllimlərə 1200 manat əvəzinə 1500 manat verilsin. Xidmətçilərin də məvacibi azdır. O da artırılmalıdır. O da 600 əvəzinə 900 manat, 700 manat əvəzinə 1000 manat olsun”…

 

Deputatların bu yöndə çıxışları çox olur. Bütün fraksiya üzvləri “müəllim” adının qarşısında nəsə deməyi lazım bilmirlər. Bu yerdə, hökumət başçısı Nəsib bəy söz alır:

“Möhtərəm məbuslar! Müəllimlərin maaşını nə qədər artırsanız, yəqin ediniz ki, bundan bir şey qeyb etməyəcəksiniz. Çünki bizim varlığımız və istiqbalımız ancaq müəllimlərin əlindədir. Nə qədər müəllim ac olsa, nə qədər gözü ətrafda və özgə əlində olsa, əlbət ki, o müəllim bir şey verə bilməz və o məktəbdən də bir şey çıxmaz. Əlbəttə, bu layihə təklif edilərkən hökumət tək bir müəllimlər deyil, bütün dövlətin halını və xəzinənin gəlir və çıxarını nəzərə alıbdır. Hər bir şeydən, hətta maşınların dişindən də kəsib hökumət bir şey artırmaq istəyirdi. Məlumi-alinizdir ki, əgər gəlirimiz, çıxarımızı ödəməsə, gəlir az olsa, o zaman gəlir ilə çıxar arasında bir açıqlıq əmələ gəlir ki, bunu da doldurmaq üçün yenə də stanoqa müraciət olunmalıdır. O zaman gələcək üçün bir şey artırmamış olacağıq. Çünki nə qədər pul çox çap olunsa, o qədər manatın qiyməti azalar. Bu hesab ilə yəni hər bir müəllimə beş yüz manat artırmaq hesabilə baxsanız, o zaman ibtidai məktəb müəllimlərinin məvacibi artırsa, edadi və ali məktəb müəllimlərinin də maaşlarını, bununla mütənasibən başqa məmurlarımızın da məvaciblərini artırmalı olacaqsınız. Nəticədə çox təfavüt olacaqdır və çox məbləğ tələb olunacaqdır. İndi deyə bilirəm, nə qədər lazım olacaqdır. Hər halda milyonlar və o milyonlarla təfavüt olacaqdır. Hökumət müəllimlərin maaş miqdarını qət edirkən bildirdi ki, müəllimlərin dişindən kəsir. Fəqət, buna da hökuməti mümkün əhvali maliyyəsi məcbur edirdi. Büdcəyə baxsanız orada olan açıqlığı örtmək üçün siz özünüz hamının, hətta müəllimlərin də dişindən kəsib qənaət etməyə məcbur olacaqsınız. Müəllimlərin maaşının artmasına və bəzi məmurların maaşlarının artıq olmasına hökumət tərəfindən etiraz olmayacaq”



Xəbəri paylaş

670 dəfə oxunub.

Digər xəbərlər