Bakının real əhalisi nə qədərdir? Rəsmi statistikada paytaxtın əhalisi 2,3 milyon civarında göstərilsə də, şəhərin gündəlik nəqliyyat və infrastruktur yükü daha böyük əhali kütləsinin mövcudluğuna işarə edə bilər.
Qarabaginfo.az bildirir ki, iqtisadçı ekspert Eldəniz Əmirov Bakının faktiki əhalisinin hesablanması ilə bağlı maraqlı yanaşma təqdim edib. Ekspert hesab edir ki, bu məqsədlə kommunal xidmətlər, səhiyyə və mənzil fondu kimi göstəricilərdən istifadə etmək mümkündür. Lakin onun fikrincə, daha real mənzərəni mobil operatorların məlumatları və ya məktəblərdə təhsil alan şagirdlərin sayı göstərə bilər.
Mobil operatorların məlumatları açıq olmadığı üçün Əmirov hesablamasını şagird sayı əsasında aparıb.
Onun sözlərinə görə, hazırda Bakıda 354 dövlət ümumtəhsil məktəbində 543 mindən çox şagird təhsil alır. Özəl məktəblər də nəzərə alındıqda bu rəqəm 560 mini keçir.
Ekspert hesab edir ki, Bakı ilə yanaşı, Abşeron rayonunu da bu hesablamadan kənarda saxlamaq olmaz. Çünki Abşeron faktiki olaraq Bakı aqlomerasiyasının tərkib hissəsidir. Burada da 62,5 mindən çox şagird təhsil alır.
Beləliklə, Bakı və Abşeronda məktəblilərin ümumi sayı təxminən 623 min nəfərə çatır.
Müqayisə üçün hazırda ölkə üzrə təxminən 1,6 milyon şagird təhsil alır. Bu isə ölkədəki məktəblilərin təxminən 39 faizinin Bakı və Abşeronun payına düşdüyünü göstərir.
Əmirov bu nisbəti ölkənin ümumi əhalisinə tətbiq etdikdə maraqlı nəticənin alındığını bildirir. Hazırda Azərbaycanın əhalisi təxminən 10,2 milyon nəfər olduğu üçün 39 faizlik nisbət Bakı və Abşeronda faktiki yaşayan əhalinin təxminən 4 milyon nəfər ola biləcəyini göstərir.
Ekspert xüsusi vurğulayır ki, bu, siyahıyaalma nəticəsi deyil. Söhbət şagirdlərin sayı əsasında aparılmış proporsional hesablamadan gedir və bu yanaşmanın müəyyən xəta payı var.
Bakı və Abşeronda əhali artımı ölkə üzrə göstəricini üstələyib
Əmirovun diqqət çəkdiyi digər məqam son 10 ilin dinamikasıdır.
Onun hesablamasına görə, 2015–2016-cı illərdə Bakı və Abşeronda təxminən 410 min şagird olduğu halda, hazırda bu rəqəm 623 minə çatıb. Bu, təxminən 52 faizlik artım deməkdir.
Eyni dövrdə ölkə üzrə şagirdlərin sayı təxminən 18 faiz artıb.
Yəni Bakı və Abşeronda məktəblilərin sayındakı artım ölkə üzrə göstəricidən təxminən üç dəfə yüksək olub.
Ekspert bunu əhalinin Bakı aqlomerasiyasında sürətlə cəmləşməsinin göstəricilərindən biri kimi qiymətləndirir.
Tələbələrin sayı da Bakıya əlavə yük yaradır
Əhalinin paytaxtda cəmləşməsində ali təhsil də mühüm rol oynayır.
Əmirovun məlumatına görə, son 10 ildə ölkədə tələbələrin sayı 161,2 mindən 261,6 minə yüksəlib. Bu, 62,3 faiz, yaxud 100 mindən çox artım deməkdir.
Ali məktəblərin əsas hissəsinin Bakıda yerləşməsi nəzərə alınarsa, bu artımın təxminən 80 min nəfərinin Bakı ilə bağlı olduğu hesablanır.
Bundan başqa, regionlardan Bakıya miqrasiya, təhsil məqsədilə paytaxta gələn və sonradan burada qalan şəxslər, eləcə də tələbələrin ardınca ailələrin də Bakıya köçməsi şəhərdə əhali konsentrasiyasını artıran amillər kimi göstərilir.
Bakının gündəlik əhali yükü daha böyükdür
Problem yalnız Bakıda faktiki yaşayan insanların sayı ilə də məhdudlaşmır. Sumqayıt və ətraf ərazilərdən hər gün işləmək və təhsil almaq üçün Bakıya gələn minlərlə insan da şəhərin yollarından, ictimai nəqliyyatından və digər infrastrukturundan istifadə edir. Bu səbəbdən paytaxtın gündəlik əhali yükü faktiki sakinlərin sayından daha yüksəkdir.
Əmirov hesab edir ki, digər mühüm məsələ əhalinin məhdud ərazidə cəmləşməsidir. Bakının inzibati ərazisi 2,2 min kvadratkilometr olsa da, sıx məskunlaşma əsasən daha kiçik ərazidə və başlıca nəqliyyat dəhlizləri boyunca formalaşıb.
Bu isə əhali yükünün nəqliyyat sisteminə təsirini daha da artırır.
“Bakının tıxac probleminin həlli Bakıda deyil”
Ekspert hesab edir ki, bütün bu amillər Bakıda tıxac probleminin yalnız yol infrastrukturu ilə izah edilməsinin kifayət etmədiyini göstərir. “Bakının tıxac probleminin həlli Bakıda deyil”, – deyən Əmirov problemin daha geniş demoqrafik və urbanizasiya prosesləri ilə əlaqəli olduğunu vurğulayıb.
Ekspert təklif edir ki, hökumət mobil operatorların anonimləşdirilmiş və aqreqasiya olunmuş məlumatları əsasında Bakı və ətraf ərazilərdə faktiki yaşayan insanların sayını mümkün qədər dəqiq müəyyənləşdirsin.
Onun fikrincə, bu məlumat ictimaiyyətə açıqlanmasa belə, regional inkişaf proqramlarının hazırlanması, nəqliyyat və şəhər infrastrukturunun planlaşdırılması baxımından mühüm məlumat bazası ola bilər.


















