Simsiz qulaqlıqların eşitmə qabiliyyəti üçün əsas təhlükə olduğu barədə fikirlər geniş yayılsa da, mütəxəssislər bunun doğru olmadığını bildirirlər. Həkimlərin sözlərinə görə, eşitməyə zərər verən əsas amil qulaqlığın növü deyil, ondan istifadə müddəti və gigiyena qaydalarına əməl edilməsidir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə qulaq, burun və boğaz xəstəlikləri üzrə həkim Natalya Lyamkina “Podmoskovye segodnya” nəşrinə açıqlamasında danışıb.
Onun sözlərinə görə, simsiz və simli qulaqlıqlar arasında eşitməyə təsir baxımından prinsipial fərq yoxdur. Lakin simsiz modellər daha rahat olduğundan, xüsusilə idman və fiziki aktivlik zamanı insanlar onlardan daha uzun müddət istifadə edirlər.
Həkim bildirib ki, qulaqlıqlardan uzun müddət istifadə qulaqda iltihabi proseslərin yaranmasına və qulaq kiri tıxaclarının əmələ gəlməsinə səbəb ola bilər.
Natalya Lyamkina tamölçülü Bluetooth qulaqlıqlarından gündə 40 dəqiqədən çox istifadə etməməyi tövsiyə edir. Onun sözlərinə görə, bu müddət eşitmə aparatına daha az mənfi təsir göstərir.
Mütəxəssis həmçinin qulaqlıqların mütəmadi təmizlənməsinin və şəxsi gigiyena qaydalarına riayət edilməsinin vacibliyini vurğulayıb. O əlavə edib ki, qulaqlıq seçərkən hər bir insanın qulaq keçəcəyinin anatomik xüsusiyyətləri də nəzərə alınmalıdır.



















