Saytımızı qiymətləndirin


 
 

İsrail 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması ilə bağlı səsverməni təxirə salıb
Tarix: 13-07-2026 | Saat: 22:30
Bölmə:Karusel / Dünya | çapa göndər

İsrail 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması ilə bağlı səsverməni təxirə salıb

İsrail Knesseti 1915-ci il Osmanlı imperiyasında baş vermiş hadisələrin “erməni soyqırımı” kimi tanınmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsini təxirə salıb.

Bu barədə "Jerusalem News Syndicate" portalı İsrail rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, qərar İsrail Nazirlər Kabinetinin müvafiq təşəbbüsü yekdilliklə dəstəkləməsindən bir ay sonra qəbul edilib. Lakin regionda yaranan yeni gərginlik və davam edən diplomatik proseslər fonunda məsələ hələlik parlamentin yekun səsverməsinə çıxarılmayacaq.

Nəşr qeyd edir ki, Knesset həftənin sonunda yay tətilinə çıxacaq və fəaliyyətini oktyabrın 27-nə təyin olunmuş parlament seçkilərindən sonra bərpa edəcək.

Qanun layihəsinin hökumətdə təşəbbüskarı İsrailin xarici işlər naziri Gideon Saar olub. İsrail indiyədək 1915-ci il hadisələrini rəsmi şəkildə “erməni soyqırımı” kimi tanımaqdan çəkinirdi. Lakin Prezident Rəcəb Tayyib Ərdoğanın sərt anti-İsrail bəyanatlarından sonra Türkiyə ilə münasibətlərin pisləşməsi hökumətin bu təşəbbüsü dəstəkləməsinə səbəb olmuşdu.

Bununla belə, parlament səsverməsinin təxirə salınması bir sıra müşahidəçilər tərəfindən Yaxın Şərqdəki qeyri-sabit vəziyyət fonunda İsrail-Türkiyə münasibətlərində gərginliyi azaltmaq cəhdi kimi qiymətləndirilir.

Məsələdə Azərbaycanın mövqeyinin də mühüm rol oynadığı vurğulanır. Ötən ay rəsmi Bakı İsrail Nazirlər Kabinetinin qərarını pisləyərək onun yenidən nəzərdən keçirilməsinə çağırmışdı.

Qeyd olunur ki, Azərbaycan həm İsrail, həm də Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərini qoruyur və iki müttəfiq arasında əsas vasitəçilərdən biri hesab olunur. İsrail üçün Azərbaycanla tərəfdaşlıq təhlükəsizlik, enerji və regional sabitlik baxımından xüsusi əhəmiyyət daşıyır.



Xəbəri paylaş

63 dəfə oxunub.

Digər xəbərlər

12-07-2026, 22:46Qəzzaya zərbə endirildi