Tarix: 01-07-2026 | Saat: 22:07
Bölmə:Karusel / Dünya | çapa göndər
"Azərbaycan ilə Ermənistan arasında faktiki olaraq sülh təmin edilib".
Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə mətbuata bəyanatında bildirib.
“Regional təhlükəsizlik məsələlərini, xüsusilə də Azərbaycan ilə Ermənistan arasında uğurla irəliləyən normallaşma prosesini geniş şəkildə müzakirə etdik. Ötən ilin avqust ayında Vaşinqtonda Ağ evdə Prezident Donald Trampın iştirakı ilə Ermənistan və Azərbaycan birgə bəyannamə imzalayıblar. Prezident Tramp da həmin sənədi şahid qismində imzalayıb. Eyni zamanda, Ermənistan və Azərbaycan sülh sazişinin mətnini paraflayıblar. Beləliklə, faktiki olaraq sülh təmin edilib. Biz artıq bunun faydalarını görürük. Sülhün yalnız kağız üzərində qalmadığını, gündəlik həyatda da hiss olunduğunu nümayiş etdirmək üçün bir sıra birtərəfli addımlar atmışıq. Azərbaycan Ermənistan istiqamətində öz ərazisindən malların tranzitinə tətbiq edilən bütün məhdudiyyətləri aradan qaldırıb. Həmin məhdudiyyətlər Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazilərimizi işğal etməsi səbəbindən tətbiq olunmuşdu.
Biz həmçinin Ermənistana həyati əhəmiyyət daşıyan yanacaq, xüsusilə benzin və dizel yanacağının tədarükünə başlamışıq. Bugünkü geosiyasi şəraitdə bunun əhəmiyyəti əvvəlkindən daha da böyükdür. Beləliklə, göstəririk ki, bizim üçün sülh artıq toxuna və hiss edə bildiyimiz bir reallıqdır və biz sülh şəraitində yaşamağı öyrənirik. Biz 30 il işğal şəraitində yaşamışıq, suverenliyimizi və ərazi bütövlüyümüzü həm hərbi, həm də siyasi vasitələrlə özümüz bərpa etmişik və bundan sonra Ermənistana sülh təklif etmişik.
Bu gün sülh artıq reallıqdır. Lakin onu möhkəmləndirmək, uzunmüddətli və davamlı etmək üçün ciddi səylər göstərməliyik. Bu baxımdan Avropa Komissiyasının dəstəyini yüksək qiymətləndiririk. Komissiyanın Prezidenti xanım da məni məlumatlandırdı ki, Avropa Komissiyası bu prosesdə kömək göstərməyə hazırdır və bunu istəyir. Biz bu istiqamətdə göstərilən hər cür yardım və dəstəyi yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu, regionda müsbət dinamikanı daha da gücləndirəcək və Cənubi Qafqazın hər hansı ərazi iddialarından və münaqişələrdən azad, tərəfdaşlıq, əməkdaşlıq və sülh məkanına çevrilməsinə imkan yaradacaq”, - deyə Prezident İlham Əliyev qeyd edib.
Digər xəbərlər



















