Tarix: 14-08-2021 | Saat: 21:31
Bölmə:Karusel / Siyasət | çapa göndər
Avqustun 14-də Milli Məclisin sədri Sahibə Qafarova Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərə və Senatın sədri Məhəmməd Sadiq Sancraniyə təbrik məktubları ünvanlayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Qarabaginfo.az-a verilən məlumata görə, Milli Məclisin sədri dost və qardaş Pakistan xalqını bu ölkənin milli bayramı - Pakistanın Müstəqillik Günü münasibətilə şəxsən öz adından və Milli Məclisin bütün üzvləri adından təbrik edib.
Məktublarda deyilir ki, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasındakı əlaqələr ortaq tarixi, dini, mədəni köklərə malik qardaş xalqlarımızın iradəsinə əsaslanır və ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərimiz yüksək səviyyədədir.
Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı Pakistanın nümayiş etdirdiyi qəti və birmənalı mövqe, haqq işimizə göstərdiyi tərəddüdsüz dəstək və həmrəylik xalqımız tərəfindən olduqca yüksək qiymətləndirilir.
Milli Məclisin sədri Sahibə Qafarova iki ölkənin ali qanunvericilik orqanları arasındakı qarşılıqlı etimad, dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın davam etdirilməsinin dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsinə bundan sonra da öz töhfələrini verəcəyinə əminliyini ifadə edib, dost və qardaş Pakistan xalqına əmin-amanlıq və firavanlıq arzularını çatdırıb.
Digər xəbərlər