Tarix: 23-06-2026 | Saat: 15:20
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
İranın dondurulmuş aktivlərinin əsas hissəsi Çin, İraq, Hindistan və Cənubi Koreyadadır.
Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə IRNA-nın xaricdə dondurulmuş İran aktivləri və onların azad edilməsi mexanizmləri ilə bağlı analitik materialında bildirilib.
Qeyd edilib ki, İslamabad memorandumuna əsasən azad ediləcək vəsaitlərin həcmi ilə bağlı vahid mövqe yoxdur və son həftələrdə mediada hətta 100 milyard dolları aşan rəqəmlər səsləndirilsə də, bunlar reallığı əks etdirmir.
Son 10 ildən artıq dövrdə İranın əsas ticarət tərəfdaşları Çin, İraq, Hindistan və Cənubi Koreya olduğundan, İranın əsas maliyyə resurslarının da məhz bu ölkələrdə dondurulduğu vurğulanıb.
Yaponiyada və Küveytdə saxlanılan vəsaitlərin payının isə nisbətən az olduğu bildirilib.
IRNA-nın məlumatına görə, İran Mərkəzi Bankı xarici ölkələrdə dondurulmuş aktivlərin həcmini təxminən 24 milyard dollar qiymətləndirir. Bununla yanaşı, qeyd olunub ki, bu rəqəmə Çində saxlanılan vəsaitlər daxil deyil.
Agentlik İran və ABŞ prezidentləri tərəfindən memorandumun imzalanmasına toxunaraq bildirib ki, bu maliyyə resurslarına çıxış əldə edildikdən sonra İran Mərkəzi Bankı əsas ərzaq məhsullarının alınması və humanitar maliyyə əməliyyatlarını həyata keçirmək imkanı qazanacaq. BMT, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və ABŞ-ın ilkin və ikinci dərəcəli sanksiyaları da bu maliyyə əməliyyatlarına maneə yaratmamalıdır.
IRNA xatırladıb ki, azad edilən vəsaitlər yenidən rial şəklində İran iqtisadiyyatına daxil edilməyəcək. Onların əsas funksiyası ölkənin valyuta ehtiyatlarının gücləndirilməsi, ticarət əməliyyatlarının asanlaşdırılması, akkreditivlərin açılması və Mərkəzi Bankın valyuta bazarına müdaxilə imkanlarının artırılması olacaq.
Agentlik vurğulayıb ki, dondurulmuş aktivlərin azad edilməsi neft gəlirlərinin iqtisadiyyata daxil olmasından daha çox, İranın öz maliyyə resurslarına çıxışının genişlənməsi və bank sanksiyalarından qaynaqlanan məhdudiyyətlərin azalmasının göstəricisidir. Bu amil valyuta bazarında sabitliyin möhkəmlənməsinə və iqtisadi qeyri-müəyyənliyin azalmasına müsbət təsir göstərə bilər.
Digər xəbərlər

















