Tarix: 30-04-2026 | Saat: 15:26
Bölmə:Karusel / Hadisə | çapa göndər
Ötən gün dəmir yolunun Xaçmaz-Çarxı sahəsində yerləşən qorunmayan keçiddə qısa zaman kəsiyində 2 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Qarabaginfo.az-ın Baş DYP İdarəsinə istinadən məlumatına görə, hadisələrin təhlili hələ də bu sahədə sürücü intizamının qənaətbəxş olmamasından xəbər verir.
Belə ki, 29 aprel saat 09:00 radələrində Xaçmaz şəhər sakini Taleh İsmayılovun idarə etdiyi “Toyota Prius” markalı avtomobil dəmir yol xəttinin Çarxı kəndi ərazisində yerləşən qorunmayan keçiddə yük qatarı ilə toqquşub.
Bundan bir qədər sonra - saat 12:00 radələrində eyni keçiddə növbəti toqquşma faktı qeydə alınıb. Bu dəfə rayonun Xanlıqoba kənd sakini Taryel Kazımovun idarə etdiyi eyni markalı avtomobil yük qatarı ilə toqquşmadan yayına bilməyib. Hər iki qəzada sürücülər xəsarət alıb, dəmir yol təsərrüfatına, xüsusilə avtomobillərə ciddi ziyan dəyib.
“Aparılan təhlillər göstərib ki, eyni ərazidə ardıcıl qeydə alınan bu qəzaların baş verməsinə səbəb bilavasitə sürücü məsuliyyətsizliyidir. Başqa sözlə, yaxınlaşan qatarı görsələr də, nəqliyyat vasitələrinin relslər üzərindən rahat keçidini təmin etmək üçün yaradılmış yol infrastrukturuna güvənən sürücülərin nizamlama vasitələrinin tələbinə əhəmiyyət vermədən keçidə daxil olması sonda qəzaları qaçılmaz edib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır: Nəqliyyat vasitələrinin sürücüləri dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, işıqforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığını yəqin etdikdən sonra hərəkət etməlidirlər”, - deyə qurumun müraciətində bildirilib.
Digər xəbərlər


















