Son günlər Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutur. Sentyabrın 24-də atəşkəsin pozulması nəticəsində 3 hərbçimiz yaralanıb.
Qarabaginfo.az-ın xəbərinə görə, Hərbi ekspert Ədalət Verdiyev bununla bağlı "Unikal"a açıqlamasında bildirib ki, Ermənistan kənar qüvvələr tərəfindən Azərbaycana qarşı fəaliyyətlərə təhrik edilir. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində atəşkəsin pozulması ondan xəbər verir ki, Ermənistanda hələ də revanişst qüvvələr mövcuddur:
"Əvvəllər olduğu kimi, bu dəfə də düşmənin təxribatlarının qarşısının təsirli və adekvat şəkildə alınacağına şübhəmiz yoxdur. Hesab edirəm ki, düşmənin istənilən ərazidən açdığı atəşin qarşısının alınması üçün Ordumuzun cəmləşdirilmiş atəş gücü həmin mövqeyə yönəldilməlidir. Atəş açan düşmən mövqeləri havaya sovurulmalıdır. Azərbaycan Ordusunun bölmələri və bayrağımız həmin düşmən mövqelərində yerləşdirilməlidir", - deyə Ə.Verdiyev vurğulayıb.