Saytımızı qiymətləndirin


 
 

"Bütün dini etiqadlar qanun qarşısında bərabərdir”.
Tarix: 07-04-2021 | Saat: 14:01
Bölmə:Gündəm | çapa göndər

      “Heydər Əliyev irsi: Azərbaycanda dövlət-din münasibətləri”

 

“Qurani-Şərifdə böyük əxlaqi normalar əks olunubdur.

Onlardan səmərəli istifadə etmək lazımdır və onları yaymaq,

 inkişaf etdirmək lazımdır”. – Heydər Əliyev

 

Hələ qədim dövrlərdən bəri Azərbaycan tarixinə nəzər saldıqda xalqın həyat fəaliyyətində İslam dininin və mədəniyyətinin geniş yer aldığını görə bilərik. Xalqın milli-mənəvi dəyərlərində İslam ənənələrinin böyük rolu olmuşdur. Bu dəyərləri qoruyub gələcək nəsillərə çatdırmaq üçün xalqımız ağır sınaqlardan keçmiş və bu sınaqlardan alnı açıq, üzü ağ çıxmışlar. Milli-mənəvi dəyərlərimizin və İslam ənənələrimizin qorunması baxımından tariximizin ağır səhifələrindən biri də məhz Sovet hakimiyyəti dövrü olmuşdur. Azərbaycan xalqı 70 ilə yaxın bir müddətdə, Sovet hakimiyyəti illərində ateizmin geniş təbliğ olunduğu bir rejimdə yaşasa da, öz milli-mənəvi dəyərlərini və ən əsası İslami keyfiyyətlərini unutmamış, gizlin də olsa, müsəlmanlara fərz buyrulan əməlləri tərk etməmişlər. Bu, Azərbaycan xalqının əzmini və güclü iradəsini bildirir. Əfsuslar olsun ki, Sovet hakimiyyəti illərində Azərbaycanda demək olar ki, məscidlərin sayı barmaqla sayılacaq qədər az idi. Sovet hakimiyyətinin, əhalisinin əksəriyyəti müsəlmanların təşkil etdiyi Azərbaycana qarşı olan bu siyasəti, xalqa olan mərhumiyyətləri, qadağaları, milli-mənəvi dəyərlərimizə mənfi təsir etmiş, xalq arasında dini dəyərlərimizə və adət-ənənələrimizə ağır zərbə dəymişdir.

Müasir Azərbaycanın qurucusu və memarı, daim öz xalqına, milli-mənəvi və islami dəyərlərə bağlı olan Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra həm ölkə daxilində, həm də ölkə xaricində İslama olan münasibət müsbətə doğru dəyişdi. Azərbaycanın hər bir sahədə olduğu kimi İslam ənənələrinin yenidən bərpası, dövlət tərəfindən qoyulmuş qadağaların götürülməsi, dinimizi dövlətçilik ənənələrimizin bərpasında dirçəldən dahi şəxsiyyət Heydər Əliyevin İslam dininə verdiyi tövhələri danılmazdır. Bu gün belə Azərbaycanda İslamın tolerant bir din olduğunu bütün dünyaya çatdırılmasında Heydər Əliyevin vaxtı ilə atdığı böyük addımların rolu vardır. Hakimiyyətə gəldiyi ilk günlərdən bəri din siyasətinə böyük önəm vermiş, Azərbaycanda İslam dinin dirçəlişi üçün mühim addımlar atmışdır. Təsadüfi deyil ki, Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə nəzərə çarpan dirçəliş din sahəsindən də kənarda qalmadı. Bu addım isə dövlət və din arasında olan münasibətlərdə yeni addım olaraq qeydə alındı.

“...Biz müstəqillik əldə edəndən sonra islam dinimizi özümüzə qaytardıq. Yəni bu din insanların qəlbində həmişə yaşayırdı, ancaq rəsmi deyildi”. Ümummilli Liderimiz Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş yığıncaqda səsləndirdiyi bu sözlər dahi şəxsiyyətin İslam dininə olan dərin hörmət və xoş niyyətindən bəhs edir. Bu sözlər bir daha sübut edir ki, dövlət və din münasibətləri arasında qarşılıqlı əlaqələr bərqərar olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının  18-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir”. Həmən yığıncaqda səsləndirilmiş fikirlər Heydər Əliyevin bir daha uzaqgörən siyasətçi olduğunu təsdiq edir. O, dövlət və din arasında yaranmış uçurumu layiqincə aradan qaldırmağa müvəffəq oldu.

Heydər Əliyevin hakimiyyətə gəlişinin ilk illərində milli qanunvericilikdə “Dini Etiqad Azadlığı haqqında” qanun qəbul edildi. Qəbul olunmuş bu qanuna əsasən “Hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır”. Bu qanun dövlət və din münasibətlərinin tənzimlənməsi sahəsində atılan uğurlu addımlardan biri idi.

Görkəmli dövlət xadiminin dəstəyi və köməyi ilə Sovet hakimiyyəti dövründə qapıları insanlara bağlı qalmış məscidlərimiz yenidən bərpa olunaraq xalqımızın xidmətinə verildi. Nardaran piri, Təzəpir Məscidi, Bibiheybət məscidi, Mir Mövsüm Ağa ziyarətgahı və xalqımız tərəfindən müqəddəs sayılan digər ibadət evlərində təmir-bərpa işləri aparılmış və zaman-zaman Heydər Əliyev bu yerləri ziyarət edərək dindar və inanclı insanlarla vaxtaşırı görüşmüş, öz fikirlərini buradan səsləndirmişdir. “... Müsəlmanlar Allahın, Məhəmməd peyğəmbərin (s) yolu ilə gedərək oruc tutublar. Bu bir ay müddətində dini ənənələrə görə hər bir müsəlman mənəviyyatca daha da paklaşır, eyni zamanda öz torpağına, öz Vətəninə, öz xalqına, dininə daha da sədaqətlə xidmət edir, saf niyyətlə yaşayaraq ibadət edir, oruc saxlayır. Bir ay başa çatıb. İndi bunu bayram edirik. Bu bayram hər bir müsəlmanın, adət-ənənələrimizə riayət edən hər bir şəxsin qəlbində olan bayramdır”. Heydər Əliyevin Orucluq bayramı günü Şüvəlanda Mir Mövsüm Ağanın qəbrini ziyarət edərkən səsləndirdiyi bu fikirlər İslam dünyasının ən gözəl bayramına olan dəyər və dövlətin lazımi diqqətindən xəbər vermişdir. Hakimiyyəti dövründə Müqəddəs Kəbə evini ziyarət edən dahi şəxsiyyət Həcc ziyarətinə gedən zəvvarları da daim öz diqqətində saxlayıb və onlarla görüşündə öz dəyərli fikirlərini bölüşmüşdür. “Həcc ziyarətini edən hər bir insan üçün də əhəmiyyətlidir, amma bizim cəmiyyətimiz, xalqımız üçün də əhəmiyyətlidir. Çünki Həcc ziyarətini edən hər bir şəxs nəinki özü mənəviyyatca zənginləşir, o, aldığı mənəvi zənginlikdən bəhrələnərək öz ətrafına, ailəsinə, öz dostlarına da təsir edir, kömək edir, onları daha da düz yola, Allah yoluna dəvət edir.”

Heydər Əliyevin İslam dininin Azərbaycanda dövlət səviyyəsində nəzarətə alınması və görülmüş işlər barədə kifayət qədər danışmaq, gözəl fikirlər söyləmək olar. Yeni nəsil olaraq yaddan çıxarmamalıyıq ki, Ümummilli Lider tərəfindən atılmış bütün addımlar Azərbaycan xalqının inanclı şəxsləri üçün ən yüksək tövhələr vermişdir və bu gün uğurlu siyasətin davamı olaraq ölkəmiz İslamın sülh, əmin-amanlıq, tolerant, humanist fikirli din olmasını bir daha dünyaya yaymaqda davam edir. Şübhəsiz ki, İslam dini Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə daim kömək olmuş və Azərbaycan tarixində silinməz izlər qoymuşdur. Əminik ki, İslam öz qüdrətini və əzəmətini bundan sonra da gücləndirəcək və bütün inanclı şəxslərə xoşbəxtlik və sevinc gətirəcəkdir.

Yuxarı Tala kənd məscidi dini icmasının sədri:    Mehdiyev Şakir İbrahim oğlu

04.04.2021-ci il.




111 dəfə oxunub.

Digər xəbərlər