Tarix: 15-10-2020 | Saat: 10:17
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər
“Toqquşmaların əvvəlindən biz bəzi ziddiyyətli bəyanatlar və bəzi mesajlar alırıq. Lakin düşünürəm ki, qarşılıqlı diplomatik səylərimiz sayəsində vəziyyəti nəzarət altında saxlamağa müvəffəq olmuşuq”.
Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də “France 24” televiziya kanalına müsahibəsində “ATƏT-in Minsk qrupu, hazırkı həmsədrlər olan Fransa, ABŞ və Rusiya ilə vasitəçilik davam edir. Sizcə Fransanın bu danışıqlarda həmsədr qalması ilə bağlı bu struktur qalmalıdır” sualına cavabında deyib.
“Bildiyiniz kimi, Prezident Makron mənə bir neçə dəfə telefonla zəng edib və bizim sonuncu söhbətimiz çox müsbət idi. Biz münaqişənin siyasi həll yolunun tapılması səylərinə sadiqik. Mənə məlumat verildi ki, Fransa həmsədr olaraq neytral qalacaq, çünki bu, həmsədrin mandatıdır. Bu səhər mənə məlumat verildi ki, Fransanın Xarici İşlər naziri bəyanat verib ki, Fransa Minsk qrupunun həmsədri olduğuna görə neytral olmalıdır. Biz bu mövqeyi tam dəstəkləyirik və bizim mövqeyimiz hər zaman belə olub ki, bütün həmsədrlər neytral olmalıdır, onlar tərəf tutmamalıdırlar. Çünki bu, onların mandatına ziddir”, - deyə dövlət başçısı vurğulayıb.
Azərbaycan Prezidenti qeyd edib ki, hər bir ölkənin milli səviyyədə müttəfiqləri, dostları var, bəzi ölkələrlə daha fəal, bəzi ölkələrlə daha az fəal əlaqələri var: “Bu, normaldır və heç kim buna etiraz etmir. Lakin əgər bəzi ölkələrin vasitəçilik mandatı varsa, əlbəttə, əminəm ki, hər iki tərəf - Ermənistan və Azərbaycan neytrallıq gözləyir və hazırda biz bu neytrallığı görürük. Ona görə də, düşünürəm ki, sizin indi qeyd etdiyiniz məsələ bitib, beləliklə, biz həmin səhifəni bağlamışıq”.
Digər xəbərlər