Saytımızı qiymətləndirin


 
 

Facebook-suz dura bilməyən tanınmışlar: “Pul müqabilində də status yazmışam” - MARAQLI
Tarix: 02-12-2017 | Saat: 12:31
Bölmə:Manşet / Karusel / Cəmiyyət | çapa göndər

Günümüzün bir hissəsini sərf etdiyimiz sosial şəbəkələr artıq həyatımızın vazkeçilməzləri sırasındadır. Gün ərzində sosial şəbəkələrə bir neçə dəfə göz atmasaq, sanki işlərimiz düz getməyəcək durumdayıq desək, yanılmarıq. 


Hər gün sosial şəbəkələrdə aktiv istifadəçilərin sayı 1 milyon nəfər artır. “We Are Social” və “Hootsuite” platformalarının son hesabatına əsasən, sosial şəbəkələrdə aktiv istifadəçilərin sayı 3 milyardı ötüb. Hazırda dünyada ən böyük sosial şəbəkənin Facebook olduğu bildirilir. Bu sosial şəbəkənin auditoriyası 2 milyard aktiv istifadəçidən ibarətdir. 

Azərbaycanda da Facebook hələ ki ən populyar sosial şəbəkədir. Facebook-dakı azərbaycanlı istifadəçiləri fəallığına görə bir neçə yerə ayırmaq olar. Gününün hətta yarıdan çoxunu burada keçirənlər olur. Bir də hər gün baş vermiş hadisə, müzakirə predmeti olan məsələlərlə bağlı status yazmasını gözlədiklərimiz var. Facebook hamımızı öz “tor”una saldığı kimi, onlar da bizi “tor”a salmağı bacarıblar. Desəm ki, boş-bekarlıq onları buna sövq edib, əsla! Çünki hər biri öz sahəsində mütəxəssis, önəmli isimdir. Marqlıdır, əksəriyyətin sadəcə vaxt öldürmək, əyləncə kimi baxdığı Facebook onları necə tora salıb? 
"Qarabaginfo" "Modern.az" saytının əməkdaşının bu sualla bağlı araşdırmasın təqdim edir.

“Elə bil ki, toyda tamadasan, bunlardan sifariş qəbul etməlisən”

 


Ölkənin ictimai-siyasi həyatı ilə bağlı məsələlərə biganə qalmayan, həm də statuslarında önəmli mesajlar verən Milli Məclisin deputatı Fazil Mustafa
 bildirir ki, həyatını Facebook-suz təsəvvür etmir:

“Bəzən yazı yazmağa, məlumat oxumağa, yaxud kiməsə cavab yazmağa o qədər aludə oluram ki, bir də ayılıram ən azı bir saatım keçib. Amma vaxtı tənzimləyə bilirəm. Bunu bir az da vərdişə çevirmişəm, yəni sistemləşdirəndə başqa işlərimə mane olmur. Amma bu gün sosial şəbəkəsiz ötüşmək mümkün deyil, həyatımı Facebook-suz təsəvvür edə bilmirəm. Hətta bütün təmaslarımı, telefonla danışacağım məsələləri sosial şəbəkə üzərindən həll edirəm. Elə jurnalistlərin bir çoxu ilə danışmaq imkanı olmayanda sualları göndərirlər, Facebook-da cavablandırıram. Hətta cavabdan sonra yeni suallar yaranda belə, onları da cavablandırıram, bununla da bir müsahibə ərsəyə gəlmiş olur. Canlı təmasa vaxt olmayanda, bu, daha əlverişli variantdır. Gec saatda olsa belə, heç vaxt jurnalisti intizarda qoymuram, mütləq cavab yazıram”.

Deputat deyir ki, sosial şəbəkədə onu narahat edən xüsusi məsələ yoxdur:


“Məni narahat edən nadanlıq və cahillikdir. Sosial şəbəkənin əsas problemlərindən biri budur. Salam Sarvanın çox gözəl yazısı getmişdi. Əslində mənim də o səpkidə irad bildirən yazılarım var. Deyir, “adamı izləyənlər təkcə öz yanında görmək istəmirlər, həm də öz təfəkküründə görmək istəyirlər”. 
Aktual bir mövzu ilə bağlı paylaşım edirsən, bir də görürsən hansısa istifadəçi rəy yazır: “bu, o qədər də əhəmiyyətli deyil”, “niyə vacib məsələlərdən yazmırsınız?”. Elə bil, toyda tamadasan, oturub bunlardan sifariş qəbul edəcəksən. Adamların cahilliyinin ən çox göründüyü yer sosial şəbəkələrdir. Təbii ki, kifayət qədər ciddi, ağıllı, səviyyəli insanlar da var, onlardan biz də öyrənirik. Amma bezdirən, yoran, səviyyəsiz yanaşmalar da olur və müəyyən mənada əziyyət verir. Yoxsa başqa narahatlıq doğuran məqam yoxdur. Bu, sosial şəbəkədir, fərqli rəylərin olması normaldır. Amma cəmiyyətin sənin düşüncənə, mühakimənə maneə törətməsi, yaxud onu əngəlləməsi tendensiyası xoşagələn deyil”.

 

F.Mustafanın digər istifadəçilərdən fərqli-deputat statusu daşıması ona hansı problemləriyaradır?


“Facebook-da elə deputat olduğuma görə mənə daha çox yazırlar. Amma bunu da normal qarşılayıram. İnsanlar mədəni şəkildə özünün hansısa problemi ilə bağlı yazanda, cavab verirəm. Amma dediyim kimi, səndən asılı olmayanları səndən tələb etmək, haqqı çatmadığı halda siyasi, ideoloji baxışlarına görə aşağılamaq niyyətilə müəyyən addımlar atılanda, təbii ki, buna qarşı çox sərt mövqe göstərməyə məcbur olursan. Əslində deputatlıq bizim üçün rahatdır ki, cəmiyyətlə ünsiyyət qura bilirik. Amma bu, bəzən də bizim işimizə mane olur. Bəzi insanları başa salmaq üçün sərt mövqe nümayiş etdirməli olursan. Amma deputat olmasam, bu məqamda başqa cür mövqe də sərgiləyə bilərəm. Çünki bir çox hallarda deputat olduğuna görə güzəştə getməli olursan. Yəni, ola bilsin insandır, əsəbiləşib, fikrini başqa formada yazıb. Hər halda çalışıram ki, özümə aid olan çərçivədə müəyyən dərəcədə mədəni müzakirələrin aparılmasına nail olum. Buna nail olmayanda, qaşındakı küçə jarqonu ilə üstünə gəlirsə, sən də hətta söyüşə bərabər cavablar verməli olursan. Amma normal şəkildə müzakirəyə qoşulmaq istəyirsə, bunun üçün normal şərait yaradırsan ki, insan faydalansın. Bundan mən özüm də faydalanıram. Elə gənclər olur ki, onun yazısından, verdiyi informasiyadan faydalanıram. Hətta bilmədiyim məqam haqqında ona təşəkkür də edirəm ki, sayəsində nəsə yeni məlumat qazandım. Buna görə də Facebook-a qarşılıqlı faydalanma mühiti kimi baxmaq hamımızın xeyrinədir”.

Deputat dostluq siyahısına tez-tez əl gəzdirdiyini bildirir:


“Çox sayda istifadəçini dostluqdan silmişəm. Amma məni çox az hallarda dostluqdan çıxarırlar. Məsələn, mən hansısa tarixə bağlı fikirlərimi söyləmişəm. Bir nadan yazıb ki, “sizin bu fikirlərinizə görə mən sizin dostluğunuzda olmaq istəmirəm”. Bu, mənim üçün normaldır. Çünki savadlanmaq  istəmirsənsə, öz bildiyində qalmaq fikrindəsənsə, mənim dostluğumda qalmağına heç ehtiyacım da yoxdur. Amma xeyli adamı mən özüm çıxartmışam. Tutaq ki, siyasi baxışı, ideoloji baxışı, bununla yanaşı həm də tərbiyəsi səndən fərqlidirsə, ünsiyyəti kəsirsən. Yəni siyasi baxışımız fərqli ola bilər. Məcbur deyilsən ki, “like” qoyasan, ya da fikir bildirəsən. Xarici ölkələrin xüsusi kəşfiyyat orqanlarına bağlı müəyyən azərbaycanlılar var. Bunlar İrandan və başqa yerlərdən idarə olunurlar. Sən Azərbaycanın mövqeyindən çıxış edəndə onlar dərhal aldığı tapşırıqlarla sənə qarşı sifarişli yazır. Belə bir vəziyyətdə onlara cavab da verirəm, dostluqdan da çıxarıram. Dostluq limitim dolduğundan 10 mindən çox izləyicilər sırasına düşənlər də var”.

Parlament üzvü “yaxşı xanım Facebookda olmaz, şəkil paylaşmaz” kimi fikirlərə də münasibət bildirib:


“Mən başqasına irad bildirmək istəmirəm. Mənim öz prinsiplərim var. Mənə görə ildə 2-3 dəfə maraqlı anlarla, görüşlərlə bağlı şəkil paylaşmaq olar. Amma mən heç vaxt yemək süfrəsindən şəkil paylaşmıram. Yaxud kiminsə əlində siqaretlə, içki ilə çəkilmiş şəklini “like” etmirəm. Cəmiyyətə doğru mesaj vermək lazımdır. Yaxud da ancaq moda şəkillərini paylaşmaq düzgün deyil. Xüsusilə də xanımların bu üslubu gözləməsi vacibdir ki, hansısa özünü tanımayanlar onların şəklinin altına ədəbsiz formada münasibət bildirməsin. Hər şey ölçülü-biçili olmalıdır. Dostluğumda kifayət qədər xanım var. Kimisi şeir paylaşır, kimisi bişirdiyi yeməyin şəklini yayır. Qadınların sosial şəbəkədə olması mədəni mühitin formalaşması üçün əsas şərtlərdəndir. Bayağı şəkilləri, prikollar paylaşanların da öz izləyiciləri var. Məncə bunlar baş girələmək, vaxt itirmək üçündür. Mən sosial şəbəkələrdən vaxt itkisi üçün istifadəyə qarşıyam. Televiziya da elədir. Kimisi elmi-kütləvi proqramlar izləyir, kimisi də türk seriallarını izləyib ömrünü keçirir. Bunların hamısı insanların öz seçiminə bağlıdır. Mən dostlarıma deyirəm ki, qəbirsitanlıqdan şəkil paylaşmayın, hətta hüznünüzü belə, çox paylaşmayın. İnsanlara əlavə kədər yükünü verməyin doğru olmadığını düşünürəm. Əgər hansısa itkilərlə bağlı informasiya xarakterli məlumatdırsa, paylaşmaq olar. Amma “filankəsi itridim”, “on il atamsız” və s. kimi hallarla təkrar insanları kədərləndirməyin əleyhinəyəm. Çalışıb daha çox ad günü, pozitiv paylaşımlar etmək lazımdır. Kədərini özün yaşamlısan, ona qalsa hərənin özünün o qədər dərdi var. Sosial şəbəkədə xoş ovqat və faydalı məlumatları paylaşmaq və istifadə etmək lazımdır”.


“Qeyri-ciddi yazanı açmıram, silirəm gedir”



G
ünərzində 3 saatlıqcanlı efirdə olan “Radio Antenn 101FMin aparıcısı Əzizə İsmayılovanın fikrincə, gündəlik xəbərləri izləmək və ona münasibət bildirmək, əslində bir-birindən tam fərqli iki prosesdir və hər ikisi təbii olaraq kifayət qədər vaxt alır:


“Xəbərləri izləmək məsələsinə gələndə, bir jurnalist və 10 ilin radio xəbər aparıcısı kimi vaxtımı ancaq xəbərlərə xərcləməyim bir növ həyat tərzimə çevrilib. Çünki xəbər sistemi zəncirvari bir halqadır, hansısa halqanı qaçırsan, sonra tapıb birləşdirə bilməyəcəksən və dinləyici üçün lazımsız olacaqsan. Xəbər aparıcısının xəbərlə qidalanması vacibdir və qaçılmazdır. Əks halda aparıcının efirdə oxuduğu “xəbərdən xəbərsiz xəbər” heç kimə lazım deyil, dinləyici anındaca bunu hiss edir və ən yaxşı halda səni dinləmir, sadəcə eşidir, ən pis halda dalğanı dəyişir və bir də o saatda geri qayıtmır.

Xəbərdən xəbərin olanda isə dinləyici hansı dalğada kimi dinləməsindən asılı olmayaraq, xəbər saatında anındaca xəbəri ancaq səndən almaq və ancaq sənin verdiyin xəbərə inanmaq istəyir. Bu isə çox böyük bir məsuliyyət, qiymət və eyni zamanda özəllikdir- dəyərləndirməmək olmaz.

Məsələnin ikinci, “hər hansı xəbərə münsaibət bildirmək” tərəfinə gəlincə, bu da bir qədər qəliz prosesdir. Sosial şəbəkədə gedən “iş prosesi” deyək adına. Çünki sosial şəbəkədə adətən xəbər paylaşımlarına üstünlük verdiyim üçün hər hansı bir ciddi xəbərin izinə düşmək istəyən oxucu, yaxud izləyici, ilk olaraq profilimə baş çəkir və yazmadığım, toxunmadığım məsələlər haqqında daha çox suallar başlayır: “niyə yazmamısınız, “niyə filan şey filan cürədir?”, “filan yerdə bəs niyə belə yazılıb?” (link atırlar) və s. İzləyicilər artıq alışıblar, əgər hansısa “buuuum” edən xəbərə diqqət ayırmamışamsa, ciddiyə almırlar, amma “inboxs”a heç olmasa hərəsi 2-3 sual mütləq yazır. Gələn sualları bildiyim qədər izah etməyə çalışıram. Nəiki vaxtımı, hətta enerjimi bəzən ən çox alan bu hissə olsa da, şikayətçi deyiləm”.

Aparıcı deyir ki, sosial şəbəkələrdə onu qıcıqlandıran əsas  2 şey var: “Birincisi, şəxsi yazışmaları (fərq etməz kiminlə nə haqda yazılıb) “skrin” edib paylaşaraq onu müzakirəyə çıxaranlardır ki, hesab edirəm, mövzunun nə olmasından asılı olmayaraq, etik bir şey deyil. İkincisi, informasiya sahəsində çalışanların hər hansı bir xəbərin, məsələnin, hadisənin  kökünü araşdırmadan, bilmədən yaxud da tam tərsi, “cikini-bikini” bilə-bilə, onu başqa yönə çevirib “şou” olsun, daha çox İP toplansın deyə, kütlənin əlində oyuncaq etməsi... Bu bir növ “kim daha çox və daha yaxşı söyər” meydanı yaratma və fikri əsas məsələdən yayındırma cəhdləridir”.

“Sosial şəbəkə sənin üçün vərdiş, zərurət yoxsa ehtiyacdır” sualına gəlincə, Ə.İsmayılova deyir ki, ona görə “üçü birindədir”:

“Çünki hesab edirəm ehtiyac zərurəti, zərurət də vərdişi meydana gətirir. Sosial şəbəkədə narahat edilmək yaxud tanışlıq məqsədilə yazmaq məsələsində hər hansı problemim olmayıb. Səbəb də budur ki, qeyri-ciddi nəsə yazan olanda heç açmıram, elə birbaşa silirəm, gedir. Hesab edirəm, meydan verib sonra qovmağı fikirləşincə, ən doğrusu o meydanı verməməkdir. Hələ ki barəmdə neqativ status və rəyə rast gəlməmişəm. Kimsə fikrimlə razılaşmayanda və yaxud daha aqressiv cavab nümayiş etdirəndə çalışıram səbrlə və normal qarşılayım. Özümü o insanın yerinə qoyub nə istədiyini aydınlaşdırmağa cəhd edim. Nəticədə o haqlı çıxarsa, səhvimi asanlıqla boynuma alıram, lazımsa üzr də istəyirəm. Tam səmimi olsam, gərək onu da deyim ki, neqativi idarə etməkdə çətinliyim var. Hədsiz  aqressiv fikrə qarşılıq bildiyim həqiqəti nə qədər sakit çatdırmağa çalışsam da, sonda özümün də aqressivləşdiyimi hiss edirəm. Ən əsası, heç kimi fikrinə və rəyinə görə dostluqdan çıxartmamışam, şərhini silməmişəm, qara siyahıya da salmamışam”.

 

“Sifarişli, kimisə “vurmaq” üçün status yazmamışam”

 


Tanınmış jurnalist, illərinin çox hissəsini xəbərə həsr edən Mahir Məmmədli
 deyir ki, Facebook ona həm də xəbərləri izləmək üçün gərəklidir:


“Sosial şəbəkə vaxtımı almır. Ayrı-ayrı saytlara daxil olub xəbər axtarmaqdansa, Facebook lenti mənə kifayət edir ki, hansı saytda hansı xəbərin yazıldığını görüm və oxuyum. Yəni sosial şəbəkədən istifadə zamanı xəbər axtarmağa ehtiyac qalmır. Demək olar ki, şou-biznesdən başqa, bütün xəbərləri oxuyuram. Doğrudur, şou-bizneslə bağlı xəbər paylaşmışam, münasibət də bildirmişəm, amma məxsusi olaraq oxumaq üçün bu tip xəbərləri axtarmıram”.


Jurnalist deyir ki, onu sosial şəbəkədə ən çox qıcıqlandıran nüans “messenger”də yazılan yersiz mesajlardır:


“Bir görürsən, tanımadığın, bilmədiyin adam çox mənasız məsələ ilə bağlı səni narahat edir. Bu kimi mesajlara cavab verməyə vaxtım olmur. Cavab verməyəndə də hörmətsizlik sanırlar. Və təbii ki, qeybət, təhqiramiz statuslar, şərhlər yazan insanlardan uzaq olmağa çalışır, onları dostluq siyahımdan silirəm”.

Mahir Məmmədli həyatını Facebook-suz təsəvvür etmir:


“Yadıma gəlmir ki, status yazmadığım gün olsun. Yuxudan duran kimi ilk işim Facebook-a baxmaqdır. Facebook artıq məndə vərdişə çevirilib. Özümdən asılı olmayaraq, telefonu əlimə alan kimi birinci Facebook-a baxıram. Hesab edirəm ki, bu, vərdişə çevrilib və artıq Facebook-u həyatımdan çıxarmaq çətin olar”.


Aktiv istifadəçi onun sifarişli statuslar yazdığını düşünməyə əsas verən məqamlara belə aydınlıq gətirib:


“Mən heç vaxt sifarişli, kimisə “vurmaq”, gözdən salmaq üçün status yazmamışam, bundan sonra da yazmayacağam. Amma olub ki, müəyyən pul müqabilində status yazmışam, reklam xarakterli paylaşım etmişəm. Düşünürəm ki, bundan sonra da olacaq. Əgər kimsə reklam xarakterli status üçün müraciət edərsə, bu təklifi dəyərləndirəcəm”.

M.Məmmədli bildirir ki, kimsə onu dostluqdan çıxaranda özlüyündə məyus olur:


“Doğrudur, özündən soruşmasam da, bunun səbəbini tapmağa çalışıram. Düşünürəm, görəsən, buna səbəb nədir və çalışıram ki, o adama qarşı harada səhvə yol verdiyimi müəyyən edim. Facebook dostluğumda olan adamların hamısı mənim üçün əzizdir”.


Jurnalist Azərbaycanda hələ də sosial şəbəkədən istifadə edən xanımlara birmənalı yanaşılmasını qəbul etmir: “Mənim ailəmdəki bütün xanımlar-yoldaşım, qızlarım sosial şəbəkədə var. Düşünürəm ki, bu, ən yaxşı cavabdır”.

 

“Şəxsən danışdığım adamların təklifi həftələrlə “time line”da qalır”

 


2009-cu ildən Facebook istifadəçisinə çevirilən
 “Qhtxeber.az”ın baş redaktoru Sənan Nəcəfov aktiv user olmağı qarşısına məqsəd qoymadığını deyir:

“Sadəcə, xaricdə təhsilim bu istiqamətdə olub, keçilən dərslərdən biri də sosial şəbəkələr və idarəetmə idi. PR-ın təşkilinin komponentlərindən biri kimi. Sadəcə bu sxemi, mexanizmi yaxşı bilirdim. Sadə yollar, metodlarla işlədim və zaman keçdikcə effekt verdi. Məşhur pritçada deyildiyi kimi, biz ata su və ot verdik, yolu özü tapdı. Mənim işim ictimaiyyətlə əlaqələrin qurulması, siyasi baxışlarıma uyğun məlumatların yayılmasıdır. Facebook, Twitter, Linkedin, Google+ , Youtube bu işdə əlavə alətlərdilər. Normal menecer, idarəçi üçün, təbii ki, time menecmentini düzgün quranlardan söhbət gedir, sosial şəbəkələr vaxt itirmək üçün deyil, vaxt qazanmaq üçündür. “İş hədsiz çoxdur” deyən adam, demək vaxtını düzgün qiymətləndirmir. Onlara Eyzenhaur matrisası ilə özlərini yoxlamağı məsləhət görərdim. Əgər həmin matrisanın 1-ci kvadrantında (vacib və təcili işlərin uzlaşması-müəl.) qalıblarsa, demək işlərinin arxasınca qaçırlar, vaxt bunları qovur. Vacib-təcili olmayan işlərin uzlaşmasından yaranan 2-ci kvadrantda qalamağa çalışmaq lazımdır. Amma bu da arxayınlıq yaradarsa, 1-ci kvadranta keçmək təhlükəsi hər zaman var. İndi təsəvvür edin ki, biz ən yaxşı 2 uzlaşma kvadrantından danışırıq, 3 və 4-də olanlardan danışmağa belə dəyməz.

S.Nəcəfov bildirir ki, sosial şəbəkədə onu təəccübləndirəcək, qıcıqlandıracaq heç nə yoxdur:

“Tam səmimi deyirəm, artıq təccübləndirməli heç nə qalmayıb. Sosial şəbəkələr özünü pulsuz tanıtma alətidir, unikal bir tribunadır. Bu imkandan hərə öz düşüncəsi seqmentində yararlanmağa çalışır. Kimisi şeir yazmaqla, kimisi aforizm paylaşmaqla, başqa biri dərdini bölüşməklə, digəri yalandan formalaşdırdığı qəhrəman obrazı ilə... Bütün bunlara psixologiya effektlər prizmasından baxanda əyləncəli və ibrətamizdir, inanın. Məsələn, sizə desəm ki, uzun müddət mövqe göstərməyən, fikirlərini bəlli etməyən tanınmış ictimai-siyasi xadimləri görəndə çox təəccüblənirdim, amma “susqunluq spiralı” deyilən psixoloji effektlə tanış olandan sonra, mənim üçün bu da adiləşdi. Nədir “susqunluq spiralı”? Bir qrup insan var ki, sosial şəbəkələrin üz qarası olan “trollar”dan çəkinirlər. Onlar düşünürlər ki, hər hansı məsələyə mövqe bildirsələr, dərhal qarşı tərəfdən basqıya, təhqirə, atmacaya məruz qala bilərlər. O səbəbdən susmağa üstünlük verirlər. Bunun yaranma səbəbi isə “trollar”ın cığallığıdır. Əslində isə bu, cığallıq deyil, məqsədli şəkildə hazırlanmış mexanizmdir. Kim ki, bizdən deyil, onu şərləmək, təhqir etmək, ləkələmək lazımdır ki, sussun. Beləliklə spiralın bir vinti burulur və sonsuza qədər davam edir. Təəssüf ki, belə effektlər çoxdur. Autostorfinqi, Krüqer effektini də xatırlada bilərəm. Autostorfinq internetin 5-ci kolonudur. Uzun söhbətdi, yəqin ki, yaxın zamanlarda geniş məqalə ilə çıxış edib, fikirlərimi izah edərəm”.

Baş redaktor həyatını Facebook-suz təsəvvür etsə də, gününü təsəvvür etmir:


“Məşhur internet “trol”unda deyildiyi kimi, işıqlar sönmüşdü, ailə üzvlərimlə söhbət etdim, çox maraqlı adamlar imişlər. Mən bu mərhələni artıq 3-4 ildir keçmişəm. Sosial şəbəkənin vərdiş, zərurət yaxud ehtiyac olmasına aydınlıq gətirdim. Əslində hər üç kompanent var. Amma bunlardan “yararlanma” komponenti daha çoxdur. Maksimum faydalanmağa çalışıram”.


Müsahibimiz dostluq siyahısından çıxardıqlarının həddindən çox olduğunu bildirir:


“Təəssüf deyilən hiss keçriməmişəm. Məsələ belədir. Təlimlərdə, dostlarla görüşlərdə yeni tanışlar sosial şəbəkələrdə dostluq təklifi irəli sürəndə, şərtlərimi deyirəm. Bax, mənim siyasi baxışım budur. Fikrimdən, prinsiplərimdən dönən deyiləm. Bu yöndə apardığım işə dözəcəksənsə, buyur. Elə olur ki, danışdığım insanların çoxunun dostluq təklifi iki həftə - bir ay “time-line”da asılı qalır. Dostluğumda olanlardan isə boş yerə söz güləşdirənləri, özünü yekəxana aparanları, dərs keçmək istəyənləri, təhqirlərə yol verənləri çıxardıram. Belələri isə yetərli qədər olub. Yazdığım statusların silinməsi xahişinə gəlincə, dəfələrlə olub. Amma kimsə tələb etməyib. Bilirlər ki, tələblə iş keçən deyil. Xahişlə 3-4 dəfə silmişəm. Elə xahiş sahibləri olub ki, xətirləri əzizdir mənə, kəsdiyimiz haqq-salam, münasibətlərə əsaslanaraq silmişəm”.

 

“Danışmağa tribuna verilsə, Facebook-da az olaram”

 


Tanınmış iqtisadçı Natiq Cəfərli
 bundan öncə ölkədə populyar olan müxtəlif internet-forumların (əsasən rusdilli) aktiv iştirakçı olsa da, Facebook-a 2009-cu ildən qoşulub:


“2009-cu ilə qədər müxtəlif media qurumlarında yazılarım, şərhlərim dərc olunurdu, amma fikirlərimi daha geniş auditoriya ilə bölüşmək ehtiyacı da var idi. Facebook belə bir imkan yaratdı və çox qısa zamanda bu sosial şəbəkənin aktiv iştirakçısı oldum. Orada paylaşdığım fikirlər media qurumları tərəfindən də müntəzəm istifadə edilir. Facebook-un zaman itkisi olması məsələsinə gəlincə, bunun üçün xüsusi zaman bölməmişəm. Yəni özümə demirəm ki, bu gün 2-3 saat zaman ayıracam. Əslində ölkədə hər hansı rezonanslı xəbərlər olanda Facebook-da daha çox zaman keçirirəm, bəzən isə gün ərzində cəmi 15-20 dəqiqə oluram”.


İqtisadçı bildirir ki, Facebook-da qəbul etmədiyi nüans təhqir və söyüşlə bağldıır:


““Hərşeyşünasların” sayının çoxluğu, həmçinin, istənilən hadisənin masonlarla bağlayan şərhlərin yer alması məni çox qıcıqlandırır. Qəbul etmədiyim məsələ isə təhqir və söyüşdür, ünvanından asılı olmadan belə yazılar yazanları həmən “blok” edirəm. Artıq həyatımı Facebook-suz təsəvvür etmirə, Çünki Facebook mənim üçün əyləncə məkanı deyil, informasiya məkanıdır. Əgər nə vaxtsa TV kanallarda, radiolarda canlı debatlarda iştirak imkanlarım olsa, düşünürəm ki, sosial şəbəkələrə daha az zaman ayıra bilərəm. Yeri gəlmişkən, dünyada Facebook çox zaman əyləncə üçün istifadə edilir, ictimai və siyasi mesajlar Twitter üzərindən verilir. Amma bizdə Twitter populyar deyil, çünki yazılarda həcm məhdudiyyəti var. Biz isə şair xalqıq, yazanda daha iri həcmli yazılara üstünlük veririk deyə, bizdə Facebook ictimai və siyasi müzakirə məkanına çevrildi.

Bu gün Facebook mənim üçün ehtiyacdır. Düşünürəm ki, müzakirələr üçün başqa platformalar olsa, Facebook-un da populyarlığı azala bilər, ya da Facebook əsasən əyləncə məkanı ola bilər”.


Müsahibimiz deyir ki, haqsız olduğu halda yazdığı statusu silib:


“Adından göründüyü kimi, bura sosial şəbəkədir. Fikirlər, mülahizələr üst-üstə düşməyə bilər. Belə məqamlarda mən ancaq etik qaydalara əməl etməyən insanları və ya “trolları”dostluqdan  çıxardıram. Təbii ki, məni də dostluqdan çıxardanlar olub, bu da onların haqqıdır. Çox nadir hallarda yazdığım statusun silinməsi xahişlərilə üzləşmişəm. Cəmi 2 dəfə statusumu silmişəm. Ona görə ki, yoxlamadan bəzi məsələlər haqqında şərhim olub, məlumatı yoxladıqdan sonra haqsız olduğumu görüb, yazılarımı silmişəm”.

 

“Sözün varsa, yaz, yoxdursa, yazma, mollalıq eləməyə gəlmisən bəyəm?”

 


Daha çox dini müzakirələrlə bağlı sərt mövqe sərgiləyən Azvision.az saytının rəhbəri Vüsal Məmmədov
 gündəlik mediada gedən məlumatları izləməyin, hadisələrə münasibət bildirməyin, ümumiyyətlə, sosial şəbəkədə olmağın onun vaxtını aldığını deyir:

“Amma mənim işim budur. Jurnalist media mühitindən kənarda qala bilməz. Amma sosial şəbəkədə durmadan başqalarını qınayanlar və mahiyyətini anlamadığı statusa yersiz şərhlər yazanlar məni çox qıcıqlandırır. Əslində buna öyrəşməliyik ki, hamı bizim kimi düşünə bilməz. Fərqli fikirlər də mütləq olmalıdır. Kimsə fərqli düşünürsə, bu, o demək deyil ki, həmin adam düşməndir və mütləq cavabı verilməlidir. Sosial şəbəkədə polifoniyaya vərdiş etmək lazımdır. Kimisə söydürmək üçün edilən paylaşımlara nifrətlə yanaşıram. Ümumiyyətlə, şəxsiyyətə qarşı təhqir işlədənlərdən zəhləm gedir. Nəsə baş verəndə hamının eyni mövzuda oxşar statuslar yazmasına da qıcıqlanıram. Bir də, “sabahınız xeyir”, “Cüməniz xeyir”, “Allahın mərhəməti sizinlə olsun” kimi statuslara əsəbləşirəm. Sözün varsa, yaz, yoxdursa, yazma, mollalıq eləməyə gəlmisən bəyəm?”.

V.Məmmədov Facebook-suz həyat arzusundadır:

“Hazırda sosial şəbəkə mənim üçün həm vərdiş, həm zərurət, həm də ehtiyacdır. Amma vərdiş olaraq pis vərdişdir. Hələ xoşbəxtlikdən, məndə “like” xəstəliyi yoxdur. Çoxları isə nəsə paylaşırlar, sonra hər dəfə baxırlar görsünlər ki, neçə “like” gəlib - bu, axmaqlıqdır, xəstəlikdir, ziyanlı vərdişdir. Buna yaxalanmamaq lazımdır”.


Baş redaktor insan olaraq qalmaqaldan xoşlanmasa da, əksərən dinlə bağlı yazdığı statuslarla səs-küyə səbəb olur:


“Öz fikirlərimi ifadə etmək hüququmu heç nəyə qurban vermək fikrində deyiləm. Fundamental, bir də ikinci dərəcəli azadlıqlar var. Fikir və ifadə azadlığı hüququ-fundamental hüquqlardır, ən azı yaşamaq hüququ qədər vacibdir. “Dindarların hisslərinə hörmət eləmək” isə fundamental deyil, törəmə məsələdir. Cəmiyyətlərin və dövlətlərin inkişafı kimlərinsə hisslərinə hörmətdən asılı deyil, fundamental hüquqların təminatından asılıdır”.

V.Məmmədov aktiv user kimi Facebook-da salam-kəlamı kəsdikləri də olub:


“Rəşad Əbilov adlı sinif yoldaşım var, uşaqlıq dostuyuq, adam o vaxtdan müsavatçıdır. Hər dəfə girib statuslarımın altında radikal fikirlər yazırdı, mövqeyimi ələ salırdı, siyasi cəhətdən sataşırdı. Axırda məcbur qalıb, Facebook-da dostluqdan çıxarası oldum. Amma insan olaraq əlbəttə ki, dostluğumuz davam edir. Məni dostluqdan çıxaranlara gəlincə, köhnə dostlarım Sənan Nəcəfəv və Rəhim Əliyevin hərəkətinə üzülmüşdüm. Və bir daha əmin olmuşdum ki, din nə qədər təhlükəlidir, insanları necə ayırır. Elşad Miri ilə də uzun sürən şəxsi münasibətimiz olub. O da məni dostluqdan çıxarıb, amma etiraf edirəm ki, ona doğrudan da çox sataşırdım. Amma nə edim ki, sataşmamaq da olmurdu”.

V.Məmmədov yazdığı statusları silməsini tələb edənlərin sayını-hesabını itirib:


“Silinməsi istənilən statuslarımın sayı-hesabı yoxdur. Əgər yazdığım statusda həqiqətən cızıqdan çıxmışamsa, hər zaman silməyə hazıram. Çünki məqsədim kimlərisə incitmək deyil.

 

“Facebook-suz həyat çox gözəldir”

 


Jurnalistlərin hörmət etdiyi mətbuat xidmətlərinin siyahısına başçılıq edənlərdən olan “Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev
 bildirir ki, sosial şəbəkədə olmağa məcburdur:

“Jurnalistlərin və ictimaiyyətin suallarını cavablandırmaq mənim işimdir və mən buna görə əməkhaqqı alıram. Vaxtımı almağına alır, özü də kifayət qədər. Hətta iş saatlarından kənar belə, vaxtımın müəyyən hissəsi sosial şəbəkə üzərindən sualların cavablandırılmasına sərf edilir. Sosial şəbəkə mənim şəxsi səhifəmdir. Burada söhbət yoldaşlıqdan, dostluqdan, axtarışdan, bir-birini tanımaqdan gedir, məhz bu istiqamətdə istifadə olunmalıdır. Eyni zamanda, mən Facebook-dakı şəxsi səhifəmdən işim üçün də istifadə edirəm”. 


N.Paşayevi Facebook-da ən çox qıcıqlandıran insanların yersiz müdaxiləsi, təhqirlərə yol verilməsi, önyarğılı olmasıdır:


“Bəziləri məsələnin mahiyyətinə varmadan, ağına-bozuna baxmadan hər şeyə etiraz edirlər. İnsanı tanımadan paylaşdığı statusun altına qəribə, heç bir çərçivəyə sığmayan sözlər yazırlar. Bu cür şeylər birmənalı olaraq məni qıcıqlandırır. Dostluqdan çıxarıb, əngəllədiyim kifayət qədər insan var. Sayları çox olmasa da, var. Əgər insanlar təhqir edirlərsə, tanımadan-bilmədən ittiham irəli sürürlərsə onları dostluq siyahımdan çıxarıram. Məsələn, tutaq ki, bir məzəli əhvalat, lətifə, pozitiv bir paylaşım edirsən və şəxsən səni tanımayan biri gəlib çox məntiqsiz bir  rəy yazır. Çalışıram ki, həmin gün əhvalımın korlanmaması üçün onlardan uzaq durum. Əgər həqiqətən də o insanı mən də çox tanımıramsa və görürəmsə ki, məndə ikrah hissi doğurur, mütləq əngəlləyirəm. Çalışıram ki, bu tiplər üçün günümü, əhvalımı ziyan etməyim”.

N.Paşayev həyatını Facebook-suz çox gözəl təsəvvür etdiyini vurğulayır: 


“Həyatımı Facebook-suz elə qəşəng təsəvvür edirəm. Olub ki, profilimi 15-20 günlük bağlamışam. Özümü də çox gözəl və rahat hiss etmişəm. Əsəblərim də sakit, yerində olub. Dostluğumdakı bəzi insanlar da Facebook-dan mənim istifadə etdiyim kimi etsələr, həyat daha gözəl olar. Amma təbii ki, hər şey sənin, mənim istədiyim kimi olmur. Ümumilikdə Facebook-suz yaşamaq olar, baxmayaraq ki, daha çox informasiyanı saytlardan çox, elə Facebook-dakı paylaşımlardan alıram”. 

Yazdığı statsuların hər hansı narazılıq yaratmasına gəlincə, N.Paşayev belə halın yaşandığını xatırlamadığını bildirir:

“Amma olub ki, hansısa statusu yazmışam, hətta həyat yoldaşım deyib ki, “buna nə ehtiyac vardı, niyə yazdın?”. Ümumiyyətlə, mən hər şeyi ölçüb-biçib icra edən adamam. Yəni kiminsə qəlbini qıracaq, kiminsə şəxsiyyətinə toxunacaq paylaşımlarım olmayıb. Fikir vermisinizsə, şəxslərə aid çox status paylaşmıram. Başıma gələn, yaxud ayrı-ayrı şəxslərə yönəlik xatirəmi paylaşmışam. Amma orada həmin şəxsi alçaldacaq, yaxud təhqir edəcək bir şey olmayıb. Ümumi bir nəticə çıxarıla biləcək hadisə barədə status paylaşıram ki, dostlarım günün reallıqlarını görsün və kiçik də olsa faydam olsun. 
2014-cü ildən çox əvvəl Facebook-dayam. Həmin illərdə “Bakıelektrikşəbəkə”nin mətbuat xidmətində çalışırdım. Amma “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinə rəsi təyin edildikdən sonra sosial şəbəkədə daha çox aktiv olmağa başlamışam, məcburən. Onu da qeyd edim ki, Facebook mənim işimi həm də həddindən artıq asanlaşdırır. Sağ olsun, jurnaslit dostlarım, əvvəllər faks göndərirdilər, sonra e-mail göndərməyə başladılar. Mən də onların hamısını ləğv elədim, yeni bir trend yaratdım. Sosial şəbəkədə lazım olan informasiyanı paylaşıram, dostlarımın əksəriyyəti jurnaslitlər olduğu üçün həmin məlumatdan rahat şəkildə istifadə edirlər. Baxmayaraq ki, xəbər olmasını istəmədiyimiz xəbərləri də verirlər. Olsun, sosial şəbəkədə paylaşım edəndə bunları nəzərə almaq lazımdır”.

Mətbuat katibi deyir ki, onu dostluq siyahısından silənlər də olub:

“Olub 1-2 nəfər ki, məni tanımadan ittiham ediblər, xoş olmayan ifadələr işlədiblər, təhqir olmasa belə. Şərhdə yazmışam ki, siz düzgün düşünmürsünüz. Əgər siz düşüncələrinizə israr edirsinizsə, məni dostluqdan çıxara bilərsiniz. Görmüşəm ki, sağ olsun təklifimi dəyərləndirib, məni dostluqdan çıxarıb”.

 

“Elə gün olmayıb ki, status yazmayım”

 


İqtisadçı, İstiqlal.az saytının rəhbəri Qadir İbrahimli
 də işindən dolayı gün ərzində kompüter arxasında oturanlardandır:


“Bir təhlilçi, həm də sayt rəhbəri kimi xəbərləri izləməyə məhkumam. Arada hansısa hadisəylə bağlı status yazıram, rəy bildirirəm. Bunun mənim ümumi iş rejimimə mənfi təsiri olmur. Elə bir gün yoxdur ki, Facebook-da status yazmayım. Bu, əslində vərdiş deyil, mənim peşə fəaliyyətimlə bağlıdır. Yəqin ki fərqli peşə sahibi olsaydım, internetdə bu qədər olmazdım. Ümumilikdə gün ərzində 15-20 dəqiqə statusların yazılmasına vaxt sərf edirəm. Mənim üçün bu, böyük vaxt itkisi deyil. Sosial şəbəkə mənim üçün böyük informasiya mənbəyidir, hobbi deyil. Statuslarım həm də jurnalistlərin də işinə yarayır. Çünki bir çox hallarda statuslarımı xəbərə çevrirlər. Tutaq ki, pensiya ilə yaxud sosial güzəştlə bağlı dəyişiklik olub. Mən əminəm ki, həmin gün bir neçə jurnalist zəng edib rəyimi soruşacaq. Həm özümün, həm də jurnalistlərin işini asanlaşdırmaq üçün status yazıram. Ola bilər ki, danışıqda hansısa təhrif olsun, amma yazı daha dəqiqdir”.

Q.İbrahimli bildirir ki, yazdığı statuslarda müəyyən insanların maraqlarına toxunduğu üçün iradlarını bildirirlər:


“Mən də deyirəm problemi həll edin, mən də yazmayım. Məsələn, qaz təminatında problemlər var, bunun üstündən necə keçmək olar? Xahişlə status silməmişəm heç vaxt. Bir məqamı da deyim ki, təbii olaraq yazılan status hamı tərəfindən eyni cür qəbul edilə bilməz. Bəziləri ciddi bir məsələyə çox diletant yanaşır. Olur ki, belə məqamlarda məni qıcıqlandıranları dostluqdan silirəm”.

 

“İki gənc görüşdədir, amma başları telefonda qalıb”

 


Gənc fəal Bəxtiyar Hacıyev hələ 2007-ci ildə ABŞ-da təhsil alarkən Facebook istifadəçisi olduğunu bildirir:


“Həmin profildə problem yarandığına görə, 2008-ci ildə indiki profili açdım. Mən Facebook-a ABŞ-da təhsil alarkən üzv olmuşdum, ABŞ-da isə Facebook tələbə həyatının bir hissəsi idi, gündəlik olaraq dərslərdə, tələbələr arasında ünsiyyət vasitəsi kimi, tədbirlərin təşkili, koordinasiyası üçün istifadə edilirdi. Sonradan Azərbaycanda Milli Məclisə seçkilər zamanı namizəd oldum və Facebook imkanlarından istifadə etməyə başladım. Daha sonra istifadəçilər yazılarımı izləməyə başladılar və mən də maraqlı insanları izləmək üçün davamlı istifadə etməyə qərar verdim”.

B.Hacıyev hesab edir ki, düzgün istifadə edildiyi təqdirdə sosial şəbəkə zaman itkisinə səbəb olmur:


“Facebook-da mənim üçün vacib olan şəxslərin yazılarını prioritet siyahıya qoymuşam, girib onların yazılarını, gündəlik xəbərləri oxuyub, çıxıram. Ancaq Facebook-da yazışma imkanının olması və insanların bir çox məsələdə mənə yazıb fikir, məsləhət, məlumat istəməsi, bir az vaxtımı aparır. Elə yerdir ki, hamı ad və soyadla birbaşa tapıb, müraciət edə bilər və kimsə zaman sərf edib nə isə yazırsa, cavabsız qoymamağa çalışıram, bu da vaxt aparır. Həm də bəzən sosial şəbəkədə insana narahatlıq verən, qıcıqlandıran paylaşımlar olur. Ancaq qıcıqlandıran yazılar və müəllifləri gizlətmək imkanı verilib. Belə hallar olanda, xoşuma gəlməyən yazılar və müəllifləri izləməni dayandırıram ki, sakit olum”. 

Müsahibimiz qeyd edir ki, əslində, Facebook-suz həyat daha gözəldir:


“Ünsiyyətin bu qədər virtuallaşması heç də yaxşı hal deyil. Bir az əvvəl bir ofis qarşısından keçirdim, içəridə 8-10 nəfər oturmuşdu, onların əksəriyyəti başları aşağıda, əllərində telefon, Facebook və digər sosial şəbəkələrdə kiminləsə danışırdılar. Halbuki, uzaqda və tanımadıqları adamlar əvəzinə, yaxınlıqdakı adamlarla ünsiyyət saxlamaq olar. Belə halları restoranlarda da görmək olar. İki gənc cütlük qarşı-qarşıya oturur masada, ikisi də sosial şəbəkələrdə görüşləri haqqında yazırlar, real görüşün dadını çıxarmırlar. Facebook-suz adətən dağ, göl və digər ölkələrə səfərlər zamanı qalıram və ən gözəl zamanlar elə həmin zamanlar olub. 
Kubada olduğum zaman cəmi bir-iki yerdə və çox çətinliklə internet tapmaq olurdu. Buna görə bir həftəyə yaxın internetsiz, Facebook-suz qaldım. O zaman real həyatın daha dadlı, zövqlü, maraqlı olmasını bir daha anlayır insan. Ümumiyyətlə, sosial şəbəkə mənim üçün kommunikasiya alətidir. Xəbər almaq, fikirlərimi paylaşmaq və yaxın saydığım insanlarla ünsiyyət üçün istifadə edirəm”.

 

B.Hacıyev dostluq siyahısında olan şəxsin adının oradan silinməsini son addım kimi dəyərləndirir. O, eyni zamanda, yazıb, daha sonra sildiyi statuslarla bağlı bunları deyir:

“Sildiyim statuslar olub, ancaq şəxsi qərarımla. Adətən yolda yaxud internetdən uzaq olduqda, siyasi yaxud dini ya da insanları qruplara böləcək, qarşıdurma yaradacaq postlar olanda və biləndə ki, onlara nəzarət edə bilməyəcəm, o zaman silirəm. Silmək xahişi isə dəfələrlə olub, xüsusi ilə hansısa dövlət rəsmisi, qurumu, yaxud özəl sektordan olan şikayətlərlə bağlı. Belə hallarda isə adətən əmin olmadığım məsələ barədə yazmıram. Silinməsi xahiş edildikdə isə, əvvəlcə problemin həll olunmasını istəyirəm, sonra isə bu problemin həll olunduğu ilə bağlı yazıram, ilk yazılan isə silinmir”.



Xəbəri paylaş

653 dəfə oxunub.

Digər xəbərlər