Saytımızı qiymətləndirin


 
 

Əliyev-Paşinyan görüşü keçirilə bilər - RƏSMİ
Tarix: 05-05-2022 | Saat: 14:33
Bölmə:Manşet / Karusel | çapa göndər

“Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya ətrafında müzakirələr davam edir”.

Qarabaqinfo.az xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətin iclasından sonra jurnalistlərlə keçirdiyi brifinqdə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılıb-yaradılmaması, onun görüşünün mümkün olub-olmaması sualını cavablandırarkən deyib.

Çünki Brüsseldə keçirilən üçtərəfli görüşdə komissiyanın aprelin sonuna qədər yaradılması barədə razılıq əldə olunmuşdu.
 

“Bununla bağlı müzakirələr davam edir. Təbii ki, biz ümid edirdik ki, aprelin sonuna kimi həll yollarını tapıb irəliyə gedəcəyik. Amma deyə bilərəm ki, hazırda intensiv müzakirələr davam edir, yaxın gələcəkdə bu görüşün baş tutacağına ümid var.

Müzakirələr işçi qrupla bağlı yanaşmalardan gedir, başqa suallar da var ki, hələlik dəqiq cavab tapa bilməmişik. Onlar tapıldıqdan sonra ictimaiyyətə açıqlama veriləcək və görüş keçiriləcək”, - Qriqoryan bildirib.


Xatırladaq ki, aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlardan sonra tərəflər aprelin sonunadək Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və təhlükəsizliyi üzrə ikitərəfli komissiyanın yaradılmasına razılışıblar.

Armen Qriqoryan qeyd edib ki, bəzi suallar var və onların cavabları yalnız baş nazir Nikol Paşinyanla Prezident İlham Əliyevin mümkün görüşündən sonra müzakirə olunacaq.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə bu yaxınlarda keçirdiyi görüşdən əvvəl Armen Qriqoryan qeyd etmişdi ki, əgər görüş konstruktiv atmosferdə keçsə, onun ardınca Nikol Paşinyanla İlham Əliyev arasında da görüş baş tutacaq.

Jurnalistlərin Nikol Paşinyanla İlham Əliyev arasında görüşün mümkün olub-olmayacağı ilə bağlı sualına Qriqoryan belə cavab verib:


“Suallar var, yalnız onların cavabından sonra ölkə liderlərinin mümkün görüşünü müzakirə etməyə başlayacağıq. Biz hələ də onları müzakirə edirik. Müzakirələr müəyyən mərhələyə çatdıqda və mümkün görüş təyin edildikdə, biz bunu açıq elan edəcəyik”, - Qriqoryan bildirib.
 

Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə mayın 2-də Brüsseldə görüşüb.



Xəbəri paylaş

1208 dəfə oxunub.

Digər xəbərlər