Saytımızı qiymətləndirin


 
 

O yaxşılığı mən necə unudum, kim unuda bilər?”
Tarix: 04-12-2019 | Saat: 20:44
Bölmə:Manşet / Karusel / Müsahibə | çapa göndər

 

“O yaxşılığı mən necə unudum, kim unuda bilər?”

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 4-də milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub.

Mehriban Əliyevanın gəlişi Əlibaba müəllim üçün gözəl və gözlənilməz bir ziyarət olub.

Birinci vitse-prezident Mehriban Əliyeva deyib: Salam, hörmətli Əlibaba müəllim. Çox şadam sizi görməyə.

Xalq artisti Əlibaba Məmmədov: Nə xoşbəxtçilik. Çox böyük zəhmət vermisiniz özünüzə. İnanırsınız ki, Allaha and olsun, mən nə boyda həyəcan keçirirəm ki, mənim üçün böyük bir şəxsiyyət, böyük bir insan bizə qonaq gəlib.

Mehriban Əliyeva: Sağ olun. Sizi görməyə çox şadam.

Əlibaba Məmmədov: Mən Sizi təbrik etmək istəyirəm, Birinci vitse-prezident seçilməyinizə görə bu, bir. İkincisi, “Heydər Əliyev” ordeni ilə təltif olunduğunuza görə, - bunların hamısına baxmışam, - bu, iki. Üçüncüsü, Rusiyanın Prezidenti Sizə böyük bir mükafat verdi, bütün dünya buna baxırdı. Sizi inandırım ki, mən bunlara hər dəfə baxdıqca həyəcanlanırdım.

Mehriban Əliyeva: Çox sağ olun, Əlibaba müəllim, çox sağ olun.

Əlibaba Məmmədov: Təbrik edirəm. Siz çox böyük işlər görmüsünüz, hələ də görürsünüz və hələ də görəcəksiniz. Bilirsiniz, amma bu üç iş elə bir işlərdir ki, nə bilim, tarixdən də o yanadır, bunu tarix yaza bilməz, bu, mümkün deyil. Allah Sizi var eləsin.

Mehriban Əliyeva: Çox sağ olun Əlibaba müəllim.

Əlibaba Məmmədov: Siz bizim xalqımızın sevimlisisiniz. Bu adı qazanmaq böyük bir şərəfdir. Vallah düz deyirəm. Siz xalqımızın sevimlisisiniz.

Mehriban Əliyeva: Mənim üçün belə sözləri sizin kimi insandan eşitmək böyük şərəfdir. İnanın mənə, belə duyğuları hiss etmək çox xoşdur, Əlibaba müəllim.

Əlibaba Məmmədov: Sağ olun. Baxıram, bir dəqiqə buraxmıram, harada olursunuz görürəm, həmişə, necə deyərlər, ürəyimdəsiniz.

Mehriban Əliyeva: Çox sağ olun, Əlibaba müəllim. Mən də sizə demək istəyirəm ki, çox yaxşı xatırlayıram ilk dəfə sizinlə tanış olmağımızı. O zaman Heydər Əliyev Fondunun böyük bir layihəsinə start verdik. Yəqin ki, yadınızdadır, bizim milli sərvətimiz olan muğamın qorunmasına yönəlmiş bir layihə idi, siz böyük yardım göstərdiniz və bu illər ərzində sizin dəstəyinizlə, iştirakınızla birlikdə böyük işlər gördük. Siz Azərbaycanın görkəmli xanəndələrindən birisiniz. Sizin özünüzə məxsus dəst-xəttiniz var, çox gözəl səsə malik olan ustadsınız və bütün Azərbaycan xalqının sevimlisisiniz. Sizi hamı sevir. Onu da qeyd etmək istəyirəm ki, siz Azərbaycanın milli-mənəvi ənənələrinin daşıyıcısısınız. Ona görə də böyük hörmətə malik olan bir insansınız. Mən sizinlə ünsiyyətdə olanda özüm üçün hər dəfə nəsə yeni bir şey aşkar etmişəm, öyrənmişəm. Siz böyük müəllimsiniz, siz 50 ildən çoxdur ki, musiqi kollecində dərs deyirsiniz və yeni gənc xanəndələr nəslinin yetişməsində sizin misilsiz xidmətləriniz olub. Ona görə Əlibaba müəllim, bir daha çox sağ olun, sizi görməyə çox şadam və ən əsası, sizə möhkəm cansağlığı arzulamaq istəyirəm.

Əlibaba Məmmədov: Çox sağ olun, var olun. Vallah bilmirəm nə deyim, mən çox söz bilirəm, mən hər şeyi bilirəm, amma Sizi görmüşəm yadımdan çıxıb. Mən də Sizi təbrik edirəm. Məsələ burasındadır ki, Putinin dediyi o sözləri sözü bütün dünya eşitdi. Hamımız fəxr etdik. Bilirsiniz də, bu, hörmət qayğı idi, çox gözəl hadisə idi. Siz mənə bir ağsaqqal, sənətkar kimi həmişə hörmət etmisiniz, qayğı göstərmisiniz. Mən Sizin qayğınızı heç vaxt unutmamışam, heç vaxt da unutmayacağam, heç mümkün də deyil.

Mehriban Əliyeva Çox sağ olun.

Əlibaba Məmmədov: Amma bir şeyi də qeyd edim ki, Siz məni təzədən tarixə salmısınız. Nəyə görə, mənim 100 dənə mahnım var, mən onları 50 ildə yaratmışam, hər ildə 2 dənəsini.

Mehriban Əliyeva: Özü də çox gözəl mahnılardır.

Əlibaba Məmmədov: Bu mahnılar əlli ildir camaatın dilində oxunur. Mən sizdən xahiş etdim ki, onlar itməsin, batmasın, o mənfur qonşularımız götürüb deyirdilər ki, bizimdir. Siz də o saat çox böyük həvəslə gözəl bir layihə yaratdınız.

Mehriban Əliyeva: Elədir. Bu, bizim mədəni irsimizdir, Əliababa müəllim. Sizin yaradıcılıq irsiniz Azərbaycan xalqının mədəni irsidir. Əlbəttə, biz bunu saxlamalıyıq, qorumalıyıq.

Əlibaba Məmmədov: Doğrudan da Siz təkcə mənə yox, xalqa böyük xidmət etdiniz. Xalqımızın musiqisi zənginləşdi, yüz dənə mahnı var, hamısı xalq mahnısıdır. Özü də orada yad nəfəslər heç vaxt olmayıb, yenə də olmayacaq. O yaxşılığı mən necə unudum, kim unuda bilər? Xalqımız da unutmayacaq. Bilirsiniz, Siz çox işlər görmüsünüz, danışmaqla qurtarmır. Amma mən bu sözü deyirəm ki, Siz xalqın sevimlisisiniz, bu, böyük şərəfdir. Xalq sevsə sənətkarı, ona dağ bata bilməz.

Mehriban Əliyeva: Çox sağ olun. Mənim üçün böyük şərəfdir belə sözləri sizdən eşitmək. İnanın mənə, doğrudan böyük şərəfdir. Çox sağ olun.

Əlibaba Məmmədov: Mən olanı deyirəm, vallah Siz çox xeyirxah adamsınız. Çox xeyirxah işlər görürsünüz, zəmanəmizin Hacı Zeynalabdinisiniz.

Mehriban Əliyeva: Sağ olun, Əlibaba müəllim. Mən Prezidentin dən böyük salamlarını sizə çatdırıram.

Əlibaba Məmmədov: Prezidentimizi də bağrıma basıram.

Mehriban Əliyeva: O, sizi çox sevir, dedi ki, mənim böyük salamlarımı Əlibaba müəllimə çatdır. Sizə möhkəm cansağlığı arzuladı.

Əlibaba Məmmədov: Sağ olsun, var olsun. Öz aramızdı, baxın, 15 ildə nə qədər işlər görmüsünüz, kim edə bilər? Prezidentimiz 15 ildir bizə rəhbərlik edir, xalqımızı idarə edir. Baxın, görün, Azərbaycan o Azərbaycandır, Bakı o Bakıdır?

Mehriban Əliyeva: Bəli, ölkəmizdə böyük işlər görülüb.

Əlibaba Məmmədov: Böyük işlər görüb, yenə də görür, indi lap böyük işlər görür. Bunun hamısını yerinə qoyub. Bilirsiniz, mən siyasətçi deyiləm, mən muğam ifaçısıyam, azdan-çoxdan şeriyyat bilirəm, bir də muğamat bilirəm. Başqa bir şeylə işim yoxdur. Amma gözüm görür də, vallah. Bəzən deyirəm ki, bunların ağlı yoxdur, gözləri də yoxdur? Baxmırlar, görmürlər ki, nə işlər görülür? Xalqımızın adından, musiqiçilərin adından, öz adımdan deyirəm ki, var olun, dünyada nə gözəl şeylər var hamısı Sizə qismət olsun.

Mehriban Əliyeva: Çox sağ olun. Mən sizin dəstəyinizi hər zaman hiss etmişəm.

Sonda Birinci vitse-prezident Mehriban Əliyeva milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti, muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı Əlibaba Məmmədova cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

 



Xəbəri paylaş

563 dəfə oxunub.

Digər xəbərlər