"Dünyada qloballaşma gedir. Rep kimi dünyanın müasir musiqiləri hər tərəfdən gənclərimizin beyninə daxil olur”.
"Qarabaginfo" xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev“Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri”nin elektron portalının təqdimatında deyib.
O bildirib ki, aşıq sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilməsinin Azərbaycan üçün xüsusi yeri və əhəmiyyəti var: “Biz buna nail olduq. Ancaq gəlin baxaq, cəmiyyətin şüurunda, əhalinin gündəlik fəaliyyətində aşıq sənəti lazımi şəkildə qorunurmu? Məktəblərdə lazımi qədər tədris olunurmu? Aşıq sənəti yeni gənclərin ora cəlb olunması ilə inkişaf edir. Bütün işi Mədəniyyət Nazirliyinin çərçivəsində olan musiqi məktəblərinin üzərinə qoymaq düzgün deyil. Bu, cəmiyyətin işidir. Bütün sahələr vahid bir siyasəti həyata keçirməlidirlər. Biz necə edək ki, muğamımız, aşıq musiqimiz, mətbəximiz yaşasın?”
Nazir bildirib ki, dünyada ideoloji müharibə gedir: "Biz yeni dünyada yaşadığımızı dərk etməliyik. Dünyada ideoloji müharibə gedir və bu müharibədə zəiflər məğlub olur. Xalq qloballaşmanın qarşısına öz sərvətini qorumaq üçün güclü amil qoymalıdır. Hər bir ictimai qurum, hər bir məktəbdə, müəllimin sinifdə tədris etdiyi bütün proqramlarda Azərbaycan xalqının sərvətlərinin böyük əhəmiyyət kəsb etməsi haqqında daim tərbiyə işi getməlidir. Biz bu yeni dünyada sərvətləri qoruyub növbəti nəsillərə sağlam təqdim edə bilməsək, onda bizim nəslə gələcəkdə lənət oxuyacaqlar. Mən bu sözümü hüquq-mühafizə orqanlarından tutmuş biznesmenlərə qədər ünvanlayıram. Əgər Azərbaycanı qorumaq istəyiriksə, bu müharibəyə hərəmiz bir əsgər kimi getməliyik".