Tarix: 15-06-2021 | Saat: 21:41
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər
"Bu gün biz azad edilmiş Şuşada görüşürük. Bu gün bütün Azərbaycan xalqının, əminəm ki, türk xalqının gözü buradadır, dünyanın gözü buradadır. Çünki bu səfər Azərbaycanda səbirsizliklə gözlənilirdi və bilirəm ki, böyük maraq doğurur. Bu gün buradan - qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaqdır. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır".
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib.
Dövlət başçısı deyib:
"Şuşa şəhəri işğaldan keçən il noyabrın 8-də azad edilmişdir. Şuşa şəhərini azad etmək böyük qəhrəmanlıq tələb edirdi. Şuşaya gələn hər bir insan bu sıldırım qayalara baxarkən görür ki, bu şəhəri, alınmaz qala sayılan şəhəri götürmək, azad etmək böyük qəhrəmanlıq, peşəkarlıq, şücaət, fədakarlıq tələb edir. Qəhrəman Azərbaycan əsgərləri qan tökərək, şəhid olaraq, sıldırım qayalara dırmaşaraq, demək olar ki, yüngül silahlarla, əliyalın Şuşanı düşmənin əlindən aldı və Azərbaycan bayrağını ucaltdı.
Bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları bizim birliyimizi göstərir. İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Dedi ki, Türkiyə Azərbaycanın yanındadır və müharibənin ilk saatlarından son dəqiqələrinə qədər əziz qardaşımın və Türkiyə Cümhuriyyətinin, qardaş türk xalqının dəstəyi bizə əlavə güc verirdi. Bu siyasi və mənəvi dəstək bizi ruhlandırırdı. Türkiyənin bütün yerlərindən gələn mesajlar, təbriklər, dəstək, həmrəylik ifadələri bir daha bütün dünyaya bizim birliyimizi nümayiş etdirmişdir".
Digər xəbərlər